Müasir Albaniya ərazisində yerləşən qədim Roma şəhəri Butrintdə 2000 ildən çox yaşı olan quyunun üzərində yeddi fut uzunluğunda stilizə edilmiş yunan hərfləri ilə "Yuniya Rufina, nimfaların dostu" yazısı həkk olunub. Bu yazı təxminən 1930-cu ildə aşkar edilib və o vaxtdan arxeoloqlar sirli qadının kim olduğunu və niyə adının daş üzərində əbədiləşdirildiyini araşdırıblar.
HİT.az xəbər verir ki, "Popular Mechanics" nəşrinin məlumatına görə, Oksford Universitetinin arxeoloqu Milena Melfinin "Journal of Roman Archaeology" jurnalında dərc olunan yeni araşdırması Yuniya Rufinanın sirrini üzə çıxarıb.
Arxeoloqun sözlərinə görə, belə sadə yazının olması göstərir ki, həmin dövrdə insanlara Yuniya Rufinanı tanıtmaq üçün əlavə izaha ehtiyac olmayıb.
Melfi qeyd edib ki, Rufinanın abidə ilə əlaqəsi onun xüsusi nüfuza malik olduğunu göstərir. Onun fikrincə, qadın şübhəsiz varlı olub, yunan dilli cəmiyyətdə rahat fəaliyyət göstərib, imperiya dövrünün evergetizm ənənələrinə — şəxsi sərvətin cəmiyyətin xeyrinə istifadəsinə — uyğun hərəkət edib, nimfalar kultunu dəstəkləyib və İsgəndəriyyə/Misir mədəniyyətinə maraq göstərib.
Ənənəvi olaraq nimfalar təbii mağaralardakı su mənbələri ilə əlaqələndirilirdi. Butrintdəki yazı isə bu təbiət ruhlarına ehtiram kultunun mövcud olduğunu göstərir və ehtimal olunur ki, Yuniya Rufina da bu kultda iştirak edib.
Yuniya Rufina Roma adıdır. Baxmayaraq ki, yazı latın dilində deyil, yunan dilində hazırlanıb, bu təcrübə imperator Adrianın hakimiyyəti dövründə geniş yayılmışdı. Hərflərin üslubu da həmin dövrə uyğun gəlir.
Adı göstərir ki, Yuniya Rufinanın ailəsi Roma məmurları ilə sıx əlaqələri olan varlı Roma nəslinə mənsub olub.
Melfinin fikrincə, "Roma imperiyasında nüfuzlu ailənin üzvü olan, Misirlə geniş əlaqələrə malik və Adrianın çevrəsi ilə bağlı olan Yuniya Rufina ehtimal ki, imperatorun səfəri zamanı Butrintdə olub — ya imperator nümayəndə heyətinin tərkibində, ya da onu qarşılayan tərəfin nümayəndəsi kimi".
Arxeoloq hesab edir ki, varlı və nüfuzlu Yuniya Rufina Misir prefekti Mark Yuni Rufun qızı və Yuliya Balbillanın ögey bacısı ola bilərdi.
Samir


