2008-ci ildə Azərbaycan kinosunun inkişafına dair 10 illik dövlət proqramı qəbul edildi. “Azərbaycanfilm” kinostudiyasının adı da bu proqramda çəkilir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının müasir kino istehsalı tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilməsi və yenidən qurulması üçün 4 illik icra müddəti müəyyənləşmişdi. Dövlət proqramı bitdi, amma kinostudiya yenidən qurulmadı.
“Azərbaycanfilm" kinostudiyasının 2011-2019-cu illərdə direktoru olmuş Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov Bizimyol.info-ya bildirib ki, kinostudiyanın təmirinin bərpası layihələşdirilib, amma maliyyə ayrılmayıb.
“Dövlət Proqramının bir neçə maddəsi yerinə yetirildi. Amma təmir işi qaldı. Kinostudiyanın təmir işini fransız şirkəti layihələşdirdi. Layihələnmədən sonra maliyyə ayrılacaqdı. Krizislə bağlı olaraq həmin layihə həyata keçirilmədi, yəni maliyə ayrılmadı. Həmin layihə hazırda kinostudiyadadır. Təmir işi ilə bağlı 4 dəfə kinostudiya ilə bağlı müraciət etmişəm. Milli kino sahəsinə xarici investisiyanın gətirilməsilə bağlı qanun layihəsini o vaxt Milli Məclisə təqdim etdik. Həmin layihədə kinonun inkişafı ilə bağlı digər məsələlər də vardı. Amma həmin layihə parlamentdə qəbul olunmadı”, - deyə Müşfiq Hətəmov bildirib.
“Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri deyib ki, yalnız daxili imkanlar hesabına kinostudiyanın iki mərtəbəsi əsaslı olmasa da, müəyyən təmir işi aparılıb: “Eləcə də, daxili imkanlar hesabına pavilyonlar təmir olundu və icarəyə verildi. Bundan sonra kinostudiya yeganə mədəniyyət müəssisəsi idi ki, özünü saxlamağa başaldı”.
Dövlət Proqramında qeyd olunub ki, “Azərbaycanfilm” kinostudiyasının binasında uzun illərdən bəri təmir-bərpa işlərinin aparılmaması və onun yeni avadanlıqlarla təchiz edilməməsi film istehsalı prosesinə öz təsirini göstərir.