“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası üzrə İşçi qrupunun ilk iclası keçirilib

MƏDƏNİYYƏT
11:44 / 23.07.2026
43

21 iyul 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupun ilk iclası keçirilib.

İclasda mədəniyyət naziri Adil Kərimli, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, Konsepsiyanın Tədbirlər Planı üzrə əsas icraçı qurumların nazir müavinləri və digər səlahiyyətli nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbər şəxsləri, eləcə də Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

İclası giriş nitqi ilə açan İşçi qrupunun rəhbəri, mədəniyyət naziri Adil Kərimli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının milli mədəniyyət siyasətinin uzunmüddətli inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd olduğunu bildirib.
Nazir “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli 888 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən Tədbirlər Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi qrupun dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində və nəticəyönümlü fəaliyyətin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxışında Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması və mədəniyyət sahəsinin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Konsepsiyanın icrası prosesində əsas icraçı qurumların üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb.

Daha sonra Konsepsiyanın icrası ilə bağlı Nazirlikdaxili İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova Konsepsiyanın icrası çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib. Nazir müavini Tədbirlər Planında nəzərdə tutulan 84 genişmiqyaslı tədbirin icrasının əlaqələndirilməsi məqsədilə müvafiq mexanizmlərin yaradıldığını, monitorinq və hesabatlılıq sisteminin formalaşdırıldığını bildirib.

Nazirlikdaxili İşçi qrupunun rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına dair təqdimatla çıxış edərək, sənəddən irəli gələn vəzifələr, müəyyən edilmiş icra müddətləri və aidiyyəti qurumlar arasında əlaqələndirmə mexanizmləri barədə məlumat verib.
İclas çərçivəsində ekspert Nazlı Əhmədovanın Konsepsiyanın ümumi məzmunu və əhatə etdiyi əsas istiqamətlər barədə təqdimatı dinlənilib.

İclasda, həmçinin, İşçi qrupunun üzvlərindən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, iqtisadiyyat nazirinin müavini Azər Bayramov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli, eləcə də aidiyyəti dövlət qurumlarının digər rəhbər şəxsləri çıxış edib, Konsepsiyanın məqsəd və hədəflərinə nail olunması üçün prioritet istiqamətlər üzrə nəzərdə tutulan işlərin ardıcıl icrasının, qurumlararası əlaqələndirmənin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Ümumi müzakirələr zamanı Konsepsiya çərçivəsində nəzərdə tutulan 6 dövlət proqramının hazırlanması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Eyni zamanda, Tədbirlər Planının səmərəli icrası, monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə növbəti mərhələ üzrə prioritetlərə dair fikir mübadiləsi aparılıb.
İclasın sonunda Tədbirlər Planı üzrə dövlət qurumlarının birgə fəaliyyətini nəzərdə tutan istiqamətlər, eləcə də İşçi qrupunun növbəti mərhələdə görəcəyi işlər müzakirə olunub.

0