"Səfir dedi ki, sən ailəsini Səudiyyəyə gətirən ilk qadın oldun" - Ciddədə işləyən azərbaycanlı həkim

DÜNYA
10:02 / 12.07.2020
5116

Suallarımızı Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri, maliyyə paytaxtı Ciddədə çalışan azərbaycanlı həkim Ulduz Əfəndiyeva cavablandırır.

Dosye: Ulduz Əfəndiyeva 1981-ci ildə Qəbələ şəhəri 1 saylı məktəbi qızıl medalla bitirib. Həmil il Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil olub, 1987-ci ildə ali məktəbi bitirib və 1998-ci ilin iyun ayına qədər Qəbələdə mama-ginekoloq kimi çalışıb. Daha sonra Miqrasiya İdarəsində Səudiyyə Ərəbistanından gələn komissiyanın iş görüşməsindən keçdikdən sonra həmin ölkəyə köçüb. Ulduz Əfəndiyeva hazırda Ciddə şəhərinin ən böyük özəl xəstəxanası olan Beynəlxalq Tibb Mərkəzində (Amerikanın Mayo Klinikasının Ərəbistandakı şöbəsi) işləyir və xəstəxananın bir poliklinikasında baş həkimdir.

- Ulduz xanım, 1998-ci ildən etibarən Səudiyyə Ərəbistanında çalışırsınız. İndiki dövrlə müqayisədə o vaxtlar xarici ölkəyə gedib işləmək asan deyildi. Necə oldu çalışmaq üçün Səudiyyə Ərəbistanına üz tutdunuz?

- Əslində bu, maraq idi. Mən sadəcə Miqrasiya İdarəsinə müraciət etmişdim. Onlar o vaxt hansı ölkəyə mütəxəssis göndərəcəklərini əvvəlcədən bilmirdilər. Sadəcə ingiliscə öyrənməyi məsləhət gördülər. Dəqiq yadımda deyil. Bu hadisə yəqin ki, 1992-1993-cü illərdə olub. Gözləməkdən ümidimi üzmüşdüm ki, məni iş görüşməsinə çağırdılar. Səudiyyə Ərəbistanından gələn komissiyanın sədri görüşün sonunda dedi ki, təəssüf ki, sizin elmi dərəcəniz olmadığı üçün ölkəmizdə ancaq həkim köməkçisi - rezident həkim kimi çalışa bilərsiniz. O vaxt mən 10 ildir həkim işləyirdim. Düşündüm ki, başqa bir ölkəni görmək üçün risk etməyə dəyər. Razılaşdım, adım siyahıya yazıldı. Bu görüşmədən sonra 3 il də gözlədik. Sənədlərin Səudiyyə Ərəbistanına getməsi, müvafiq prosedurlardan keçməsi və viza gəlməsi uzun çəkdi.

- Sizinlə birlikdə neçə həkim getmişdi, onlardan hazırda neçəsi orada işləyir, tibbin hansı sahələri üzrə çalışanlar var?

- Mənimlə birlikdə 50 nəfər həkim gəlmişdi. Yalnız iş görüşməsindən uğurla keçmiş həkimlər vardı. Hamı tək idi, ailələrə viza verilməmişdi. Bütün ixtisaslar üzrə həkimlər var idi. Hazırda bizimlə gələn həkimlərdən 4 nəfər qalıb. Mən və ümumi cərrah Vaqif İsmayılov Ciddədə, neyrocərrah Çingiz Cabbarlı Mədinədə və stomatoloq Sona Məmmədova Riyadda çalışır.

- Mərhum prezident Heydər Əliyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin inkişafına çox çalışıb, özü də ümrə ziyarətində olub. Həkimlərimizin Ərəbistanda çalışmasında mühüm addımları olub. Bu barədə danışmağınızı istərdik.

- Əslində bu barədə söhbətimizin əvvəlindən toxunmalı idim. Çünki bizim bura gəlməyimiz mərhum Prezident Heydər Əliyevin bilavasitə təşəbbusü sayəsində olub. 1994-cü ildə o, ilk dəfə Səudiyyə Ərəbistanına gəldikdə o vaxtkı Kral Fəhddən azərbaycanlı həkimlərin də burada çalışması üçün şərait yaradılması təşəbbüsünü irəli sürüb. Onun sayəsində 1998-ci ilin iyul ayında ilk qrup gəldi. İnanın ki, bizi çox yüksək səviyyədə qarşıladılar. Nə vaxt administrasiyaya bir işimiz düşürdüsə, onda öz ölkəmin adını eşidib problemin tez bir vaxtda həll olunması mənə Azərbaycan Prezidentinin buradakı hörmətini bir daha xatırladırdı. Ölkəm üçün qürur hissi keçirirdim.

- Yad bir ölkədə fəaliyyət göstərmək çətin oldumu? İslamın mərkəzi olsa da, ərəblərlə azərbaycanlılar arasında kifayət qədər fərqliliklər var. Necə adaptasiya oldunuz? Ailənizin sizə dəstəyi hansı formada oldu? Onlar da sizinlə birlikdə gəldilərmi?

- İnanın ki, 23 il keçsə də, adaptasiya hələ də davam edir, çünki heç bir şey sabit deyil, hər şey dəyişir. Mənim üçün çox çətin və ağrılı dövr oldu. Dil, mədəniyyət, təhsil fərqləri o qədər dərin idi ki, bəzi həkimlər bir neçə ay sonra, bəziləri bir il sonra qayıtdılar. Mən heç kimi qınamıram. Burada qalanlar hər şeyə başdan başladılar. İşləyə-işləyə həm ərəbcəni, həm ingiliscəni, həm də işlədiyiniz ölkənin adət və ənənələrini öyrənməlisiniz. Ancaq həm səudiyyəli iş yoldaşlarım, həm həmvətənlərimiz, həm də Azərbaycan səfirliyi çox yardımçımız oldu. Yəqin ki, Səudiyyə Ərəbistanında ən böyük tədris xəstəxanalarından birində işləməyim də motivasiya edən faktorlardan biridir. Buradakı həyatım yarısı gülməli, yarısı da tragik faktlarla doludur. Ən çox yadımda qalan duaları kağıza yazıb, əlimdə tutub oxuyaraq namaz qılmağım oldu. Mən Səudiyyə Ərəbistanına gələndə qızımın 7, oğlumun 5 yaşı vardı. Ailəsiz gedəcəyimizi son dəqiqəyə qədər bilmirdik. Mənim üçün ən böyük travma övladlarımdan ayrılmağım idi. Valideynlərim olmasaydı, bu işin altından qalxa bilməzdim. Mən ailəmi 1 il sonra gətirə bildim. Allah mərhum səfirimiz Elman Araslıdan qəni-qəni razı olsun! Biz gəldiyimiz illər burada qanunlar çox sərt idi. Qadın ailəsini gətirə bilməzdi. Mənə kömək üçün çalışdığım xəstəxananın direktorunun qəbulunda gözlədi. Ümumiyyətlə, həmişə Ciddəyə gələndə bizimlə görüşürdü, dərdlərimizlə, problemlərimizlə maraqlanırdı. Elman müəllim mənə demişdi ki, “sən Səudiyyə Ərəbistanına ailəsini gətirən ilk qadın oldun”. Miqrasiya İdarəsinin rəisi də mənə “sən rayondan gəlib Səudiyyə Ərəbistanına gedən ilk həkimsən” demişdi. Bəzən şans yaxşı insanlar sayəsində insanın üzünə gülürmüş.

- Xarici ölkədə rəqabət daha çətin olur. İstər-istəməz Azərbaycandakı təhsillə Ərəbistana başqa ölkədən gələn həkimlərin aldığı təhsil arasında fərqlər olacaqdı. Oraya getdikdən sonra həkimliklə yanaşı tibb təhsilinizi davam etdirdinizmi? Hansı elmi dərəcələriniz, mükafatlarınız var?

- Çalışdığım dövlət xəstəxanası tibb fakültəsinin bazası idi. Elə bir mühitdə həm rəqabət yüksək səviyyədə olur, həm də oxumaq. Biliyinizi artırmaq üçün hər cür şərait mövcud olur. Təbii ki, onlarla ayaqlaşmaq lazımdır. Mən 2002-ci ildə Arab Board (Ərəb Həkimlərinin Peşəkar İmtahanı) imtahanlarını, həmin ildə Böyük Britaniya Kral Kollecinin Board imtahanını keçdim və uzman həkim kimi çalışmağa başladım. 2006-cı ildə İrlandiyanın Dublin şəhərində Mamalıq və Ginekologiya üzrə diplom aldım. 2007-ci ildə hazırda çalışdığım "İnternational Medical Center"də işə başladım. 2009-cu ildə İrlandiya Kral Kollecinin Board imtahanını keçdim və bir il sonra xəstəxana tərəfindən məsləhətçi dərəcəsinə yüksəldildim. Onu da deyim ki, bu dərəcə bütün dünyada bir həkimin çata biləcəyi ən yüksək dərəcədir.

- Hazırda Ciddə şəhərindəki məşhur xəstəxanaların birinin poliklinikasında baş həkimsiniz. Qəbələdə uzun illər çalışdıqdan sonra orada baş həkim olmaq, heyətə rəhbərlik etmək necə bir duyğudur?

- Sözsüz ki, yad ölkədə bir qadın üçün çox məsuliyyətli və çətin işdir. Bizim poliklinikada müxtəlif ölkələrdən gələn ərəblər, hindistanlılar, pakistanlılar, filippinlilər çalışır. Ancaq təcrübəmdən bilirəm, hər vəziyyətdə Tanrı sizə bir yardım əli uzadır. 2017-ci ildə ABŞ-da Səhiyyənin Təşkili üzrə magistratura bitirdim (Master in Healthcare Administration). İşiniz üzrə yetərli təhsiliniz varsa, təcrübə onun arxasınca mütləq gələcək. Yetər ki, işləmək həvəsiniz olsun, işinizi sevərək görün.

- Ciddədəki on il qüsursuz fəaliyyətinizə görə xəstəxana tərəfindən mükafatlandırılıbsınız, bu barədə danışmağınızı istərdik.

- 2007-ci ildən indiyədək eyni xəstəxanada çalışıram. Dünyada iş yerinə sədaqət çox yüksək qiymətləndirilir. Bir işə girdikdə siz bir ailənin üzvü olursunuz. Üstəlik hər il sizin işiniz, davranışınız, biliyiniz, təcrübəniz həm xəstələr, həm iş yoldaşlarınız, həm də rəhbərlik tərəfindən analiz edilir və müvafiq surətdə qiymətləndirilir. Təbii ki, mənə belə qiymət verdikləri üçün onlara minnətdaram.

- Ulduz xanım, Azərbaycanda imkanı olan xəstələr Avropa və Türkiyəyə, imkansızlar isə İrana müraciət edirlər. Sizdə statistika varmı? Müalicə üçün Azərbaycandan Ərəbistana gələnlər olur?

- Bildiyim qədər yoxdur. Amma bunun səbəbini viza almağın çətinliyi ilə əlaqələndirirəm. Çünki bizim xəstəxana ABŞ-dakı Mayo Klinikasının Ərəb dünyasındakı yeganə şöbəsidir və müasir tibbin ən son texnologiyalarına sahib olmaqla bərabər, həm də Böyük Britaniya, ABŞ, Kanada kimi ölkələrdə təhsil almış həkimlərin ən çox çalışdığı xəstəxanadır. Ümidvaram ki, Səudiyyə Ərəbistanının yeni rəhbərliyinin viza rejimini asanlaşdırmaq, turizmi inkişaf etdirmək sahəsindəki addımları başqa ölkələrdən sağlamlıq turizmi üçün gələnlərin də sayını artıracaq.

- Ümumiyyətlə, Səudiyyə Ərəbistanının səhiyyəsinin dünyadakı reytinqi nə yerdədir, əsasən hansı sahələr inkişaf edib?

- Səudiyyə Ərəbistanı regionun ən zəngin ölkələrindən biridir. Ölkədə səhiyyə sistemi ingilis modeli üzərində qurulub. Pulsuz təhsil və dövlət səviyyəsində xaricdə təhsilin maliyyələşdirilməsi həkimlərin Kanada, ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsil almasına və ixtisas artırmasına xidmət edir. Ölkədə səhiyyə də pulsuzdur. Dövlət xəstəxanaları əhalinin bütün qruplarına təmənnasız yardım edir. Özəl xəstəxanalarda dəqiq və qüsursuz işləyən sığorta sistemi mövcuddur. Şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və malyariyanın müalicəsi üçün dövlət proqramları mövcuddur.

- Bildiyiniz kimi ötən ildən etibarən koronavirus pandemiyasına görə dünya ölkələri xeyli əziyyət çəkdi. Səudiyyə Ərəbistanı bu mərhələdən necə keçdi, hazırda vəziyyət nə yerdədir? Orada virusun qarşısını almaq üçün nə kimi tədbirlər görülür?

- Səhiyyə Nazirliyinin 937 nömrəli qaynar xəttinə zəng edib istənilən anda yardım almaq mümkündür. Ölkədəki bütün telefon abunəçilərinin telefonuna gün ərzində bir neçə dəfə xəstəliyin əlamətləri, xəstəlikdən necə qorunmaq, hara müraciət etmək kimi suallara cavablar gəlir, televiziya, radio, mətbuat, sosial şəbəkələr və hətta cümə xütbələri insanları bilikləndirməyə xidmət edir. Xəstəlik başladıqda bütün əcnəbilərin (ölkənin 32 mln əhalisinin üçdə biri əcnəbidir) pulsuz müalicə olunacağı haqqında da müvafiq qərar verildi. Kovid 19-un profilaktikası, xəstəliyin erkən aşkarlanması və müalicəsi üçün bütün dövlət strukturları səfərbər edilib. Səudiyyə Ərəbistanında Kovid 19-dan əhalinin 1 milyon nəfərinə düşən ölüm sayı Avropa Birliyi ölkələrindən azdır.

- Bir müsəlman ölkəsi olaraq tarixdə ilk dəfə Kəbə evinin ziyarətə bağlanmasına da şahid olduq. Bu hadisə Ərəbistanda əhali arasında necə qarşılandı? Hazırda ziyarətlərin bərpa olunacağı gözlənilirmi?

- Səudiyyə Ərəbistanının ümrə və Həcc ziyarətlərini bağlaması ən çətin və ən məsuliyyətli qərar oldu. Bütün müsəlman dünyası üçün çox böyük fayda verdi. Təsəvvür edin ki, rəsmi statistikaya görə hər il təkcə Həcc ziyarətinə dünyanın hər yerindən 2-3 milyon, ümrəyə də il ərzində o qədər insan gəlir. Bu qərarla birlikdə, nə qədər yoluxmanın qarşısının alındığını təsəvvür edirsinizmi? İnanın ki, əhalinin böyük əksəriyyəti qərarı razılıqla qarşıladı. Kovid 19-un başqa növü olan MERS (Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusu) ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında tapılmışdı və 780 nəfərin ölümünə səbəb olmuşdu. Demək istəyirəm ki, burda insanların artıq pis təcrübəsi vardı. Şükürlər olsun ki, get-gedə Kovid 19-dan sağalanların sayı xəstələrin sayına çatdı və bəzi günlər sağalanların sayı bəzi günlər daha çox oldu. Nəticədə karantin bütün ölkədə ləğv edildi. Hazırda ölkə içində Həcc ziyarəti keçirilməsi üçün hazırlıq gedir. İnanın ki, bu hadisə hamımıza bir ruh yüksəkliyi gətirib. Həyat yavaş-yavaş normala dönür və bunun üçün də doğru və ardıcıl aparılan taktika və strategiyanın olması cox vacibdir. Ümidvarıq ki, Həccdən sonra sərhədlər də açılacaq.

- İstərdik ki, Ərəbistanda qadın olmaqdan da danışaq. Bəzən xəbərlər oxuyuruq ki, orada qadınlara daha bir hüquq verildi. Halbuki müasir dünya üçün bunlar çoxdan aşılmış mərhələlərdir. Ərəbistanda qadınların ictimai həyatı necədir? Yazılanlar nə dərəcədə həqiqətə uyğundur?

- Səudiyyə Ərəbistanı mütləq monarxiyadır. Ölkə İslam qanunları ilə idarə olunur. Bunun nə demək olduğunu çoxumuz bilirik. Qadınların haqlarına gəlincə, son illərdə, doğrudan da, müasir dünya ilə ayaqlaşmaq üçün sanki bir yarış gedir. Burada qadınlar bizdəki kimi anadır, professordur, mühəndisdir, həkimdir, müəllimdir, şirkət rəhbəridir, bloqqerdir. 2018-ci ildən bəri Səudi Şura Konsulunda 150 nəfərdən 30-u qadındır və bu qadınlar cəmiyyətin bir sıra sosial məsələlərinin həllində iştirak edirlər. Şura krala və Nazirlər Kabinetinə idarəçiliklə əlaqədar tövsiyələr vermək üçün qurulub. Nazirlər Kabinetində 23 nazir var və bunlardan ikisinin müavini qadındır.

- Səudiyyə Ərəbistanında Azərbaycan diasporası varmı? Təxmininizcə orada nə qədər azərbaycanlı yaşayır? İcmalar fəaliyyət göstərir? Tarixi günlərimiz, bayramlarımız birgə qeyd edilirmi?

- Təəssüf ki, buradakı azərbaycanlıların sayı Azərbaycan diasporu adlana bilməyəcək dərəcədə azdır: təxminən 400-ə yaxındır. Buradakı həmvətənlərimizin çoxu həkimlərdir. Ancaq bu, həmyerlilərimiz arasında çox sıx və mehriban münasibətlər olmasına mane olmur. Azərbaycan səfirliyi vətənpərvərlik ruhunu və bizim Vətənimizlə əlaqəmizi qoruyub saxlamaq üçün əlindən gələni əsirgəmir. Bütün milli bayramlarımız yüksək səviyyədə qeyd olunur və Səudi vətəndaşları da, buradakı başqa səfirliklərin nümayəndələri də tədbirlərdə iştirak edirlər. Burada biz Azərbaycan səfirliyini və onun əməkdaşlarını Azərbaycanın dünyada ən yaxşı diplomatik heyəti adlandırırıq. Səfir Şahin Mustafayev buradakı həmvətənlərimizin bütün problemləri ilə şəxsən məşğul olur, həkimlərin peşə bayramlarını da şəxsən təbrik etməyi unutmur. Konsul Mehdi Abdullayev Səudiyyə Ərəbistanında 2015-ci ildən işləyir. Ondan qabaq 2010-2012-ci illərdə İordaniyada çalışıb. O, bizim ümid yerimizdir. Günün hər saatı köməyimizə hazırdır. Heç bir dəfə də olsun müraciətimizi cavabsız qoymayıb. Biz arxamızda dövlətimizin dəstəyini həmişə hiss edirik. Qürbətdə bunu hiss etmək insana güvənlik duyğusu verir və bu, çox əhəmiyyətlidir.

- Bilirik ki, Səudiyyə Ərəbistanı işğal edilmiş torpaqlarımız məsələsində həssaslıq göstərən dövlətdir. Müşahidələrinizə əsasən bilmək istərdik ki, ərəblərin müsəlman ölkəsi olaraq Azərbaycana münasibətləri necədir?

- Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevralın 24-də qurulub. 1994-cü ilin aprel ayından Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmayıb. 24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən Xocalı faciəsinin 23-cü ildönümü və tanınması ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasında (parlament) tədbir keçirilib. Biz ilk dəfə bura gələndə ölkəmizin adını da düzgün tələffüz edə bilməyən, Orta Asiyada yerləşdiyini düşünənlər indi hər il Azərbaycana turist kimi gedir və qayıdanda ölkəmizin tərifini yerə-göyə sığdıra bilmirlər.

- Yekun olaraq, həkimlik fəaliyyətinizi başqa ölkədə davam etdirmək fikriniz varmı? Bir həkim olaraq pandemiyanınm artdığı bu ağır günlərdə azərbaycanlılara ümumi nə kimi tövsiyələriniz vardır?

- Burada həkimlərin pensiya yaşı 65-dir. Hazırda 57 yaşındayam. Allah ömür və sağlamlıq versə, təqaüd yaşınadək burada qalmağı planlayıram. İstədiyim vaxt müqəddəs yerləri ziyarət edə bilmək duyğusu heç bir şeylə müqayisə oluna bilməz. Bu pandemiya dünya sağlıq sistemlərinin nə qədər qırılğan olduğunu, hökumətlərin nə qədər hazırlıqsız yaxalandığını və sağlamlığın, doğrudan da, həyatımızda ən mühüm şey olduğunu göstərdi. Məktəb illərindən bildiyimiz bəzi şeylər var; infeksiyon xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl edəcəyik. Əllərimizi yuyacağıq, maska taxacağıq və sosial məsafəyə riayət edəcəyik. Bu qədər sadə və yaddaqalan. Təəssüflər olsun ki vətənimizdə bu qaydalara əməl etməyən çoxdur. Anlamağımız gərəkən bir şey var ki, xəstəliyə qarşı vaksin yoxdur, müalicə üsulları hələ sınaq mərhələsindədir və hələ uzun müddət bu virusla yaşamaq məcburiyyətindəyik. Gəlin özümüzü və sevdiklərimizi qoruyaq. Ən yaxşı müalicə elə profilaktikadır.

0
Teleqraf.com