Polşa şərq sərhədində yerləşən hər rayonda hərbi anbarlar yaradır. Bu barədə ölkənin milli müdafiə nazirinin müavini Tsezari Tomçik bildirib.
HİT.az xəbər verir ki, bəlumatı "RİA Novosti" yayıb.
"Rusiya, Litva, Belarus və Ukrayna ilə həmsərhəd olan hər rayonda xüsusi anbar yaradılır. Burada mühəndis qoşunları texnika və silah-sursat toplayır", deyə Tomçik qeyd edib.
Nazir müavininin sözlərinə görə, hazırda belə 15 anbar yaradılıb. Yaxın aylar ərzində onların sayının 29-a çatdırılması planlaşdırılır.
Bundan başqa, Polşa hərbçiləri ölkənin şərq sərhədində mina sahələrinin yaradılmasına hazırlaşırlar.
Avqustun 21-də Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, analoji tədbirlər Belarusla sərhəddə də həyata keçirilə bilər. Bu məqsədlə Polşanın müvafiq istehkam və möhkəmləndirmələri var.
Milli müdafiə nazirinin müavini Tsezari Tomçik isə Polşanın sərhəd-keçid məntəqələrini bağlaması üçün 7–14 günə ehtiyac duyacağını açıqlayıb.
Samir


