1964-cü ildə Antarktida yaxınlığında aparılan dərin dəniz ekspedisiyası zamanı okeanın dibində qəribə obyekt qeydə alınıb. Görünüşünə görə antenanı xatırladan bu simmetrik quruluş illər ərzində yadplanetlilərlə bağlı müxtəlif nəzəriyyələrə səbəb olub.
HİT.az xəbər veruir ki, obyekt Çilinin Kape Horn burnundan təxminən 1 000 mil cənubda, “Eltanin” tədqiqat gəmisinin ekspedisiyası zamanı lentə alınıb. Qara-ağ görüntüdə mərkəzdən 12 şüanın yayıldığı və hər birinin ucunda kürəyə bənzər hissənin olduğu görünür.
Onun qeyri-adi simmetriyası tədqiqatçıları təəccübləndirib. Hətta ekspedisiyanın iştirakçısı, dəniz bioloqu Tomas Hopkins həmin dövrdə obyektin süni mənşəli ola biləcəyini istisna etmədiyini bildirib.
Bu görüntü daha sonra “Eltanin antenası” adı ilə məşhurlaşıb və yadplanetlilərlə bağlı nəzəriyyələrin yaranmasına səbəb olub. Bəzi iddialarda onun gizli müşahidə qurğusu və ya başqa sivilizasiyaya məxsus cihaz olduğu irəli sürülüb.
Sirrin cavabı isə daha sadə olub. Məlum olub ki, “Eltanin antenası” əslində "Chondrocladia concrescens" adlı ətyeyən dəniz süngəridir.
Maraqlısı budur ki, bu canlı 1964-cü il ekspedisiyasından çox əvvəl – XIX əsrin sonlarında isveçrəli-amerikalı dəniz bioloqu Aleksandr Aqassiz tərəfindən təsvir edilib.
Aqassiz öz qeydlərində süngərin palçığa dərin şəkildə batmış uzun gövdəyə və üzərində bir neçə toppuzşəkilli çıxıntıya malik olduğunu yazmışdı.
Beləliklə, illərlə “yadplanetli antena” kimi təqdim olunan sirli obyektin Yer kürəsində yaşayan olduqca qeyri-adi dəniz canlısı olduğu ortaya çıxıb.
Samir


