Bacılardan biri "təşəkkür" aldığı üçün həbsdən azad olmaq istədi - Məhkəmə "yox" dedi

ÖLKƏ
19:58 / 21.08.2026
54

Binəqədi qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birlikdə məhkum edilmiş bacısı İlknur Turkut vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən İlknur Pərviz qızı Turkut ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul olunmasını xahiş edib.

Məhkəmə iclasında iştirak edən İlknur Turkut apellyasiya şikayətini müdafiə edərək əməlindən peşman olduğunu və islah olunduğunu bildirib. O, cəzaçəkmə müəssisəsində nümunəvi davranış göstərdiyini, kütləvi tədbirlərdə iştirak etdiyini və 2026-cı ildə barəsində “Təşəkkür” elan olunduğunu deyib.

Məhkum məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş edib.

İlknur Turkutun vaxtından əvvəl azad edilməsinə mənfi rəy verilməsinin səbəbi onun tərəfindən vurulmuş ziyanın ödənilməməsi olub. Məhkum isə cəza çəkdiyi müddətdə maaş almadığını və qazanc yerinin olmadığını, buna görə də dəymiş ziyanı ödəyə bilmədiyini bildirib.

Lakin Bakı Apellyasiya Məhkəməsi İlknur Pərviz qızı Turkutun apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə dələduzluqda təqsirləndirilən YAP Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva 7 il, bacısı İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləğinin 1 milyon manata yaxın olduğu bildirilir.
 

0