Səyahətçilərin ən çox təkrarladığı səhv həddindən artıq baqaj götürməkdir. Yeni araşdırmaya görə, bu vərdiş təkcə səfəri çətinləşdirmir, bəzi hallarda təhlükə də yarada bilər.
HİT.az xəbər verir ki, “Global Rescue” şirkətinin keçirdiyi “Səyahətçilərin əhval-ruhiyyəsi və təhlükəsizliyi” sorğusunun nəticələrinə əsasən, təcrübəli turistlərin 38 faizi həddindən artıq əşya götürməyi ən böyük səyahət səhvi hesab edir. Bu göstərici 2025-ci ildə 32, 2024 və 2023-cü illərdə isə 35 faiz olub.
Şirkətin rəhbəri Den Riçardsın sözlərinə görə, ağır və çoxsaylı baqaj insanı daha tez yorur, hərəkəti çətinləşdirir və tarazlığı poza bilər. Bu isə xüsusilə hava limanlarında, kruiz terminallarında, daş döşənmiş küçələrdə və çətin relyefli ərazilərdə yıxılma və müxtəlif xəsarət riskini artırır.
Mütəxəssislər bildirirlər ki, həddindən artıq baqaj fövqəladə vəziyyətlərdə daha ciddi problemə çevrilə bilər. Məsələn, meşə yanğını, qasırğa və ya kütləvi iğtişaş zamanı təcili təxliyə tələb olunarsa, ağır çantalar insanın daha sürətli hərəkət etməsinə mane ola bilər. Bəzi hallarda səyahətçi hətta baqajını geridə qoymaq məcburiyyətində qala bilər.
Sorğuda iştirak edən səyahətçilər səfərləri asanlaşdıran üsulları da bölüşüblər. Respondentlərin 31 faizi qeydiyyatdan keçirilən baqajda ağıllı izləmə cihazlarından istifadə edir.
16 faiz turist pasport və digər şəxsiyyət sənədlərinin rəqəmsal nüsxələrini elektron poçtuna göndərir. 10 faiz paltarları daha səmərəli yerləşdirmək üçün sıxlaşdırıcı qablaşdırma kisələrindən, eyni sayda respondent isə paltarları qatlamaq əvəzinə rulon şəklində bükməkdən istifadə edir.
Bundan başqa, turistlərin 9 faizi yerə qənaət etmək üçün çoxportlu şarj cihazı götürür. 7 faiz hava limanında təhlükəsizlik yoxlamasından sonra doldurmaq üçün boş, təkrar istifadə edilə bilən su qabı aparır. Respondentlərin 6 faizi isə səfərdən əvvəl telefon və digər cihazlarına əyləncə məzmunu yükləyir.
Mütəxəssislər səyahət zamanı əsas məqsədin mümkün qədər çox əşya aparmaq deyil, rahat və çevik hərəkət edə bilmək olduğunu vurğulayırlar.
Samir


