Məlum olub ki, həm kofeinli, həm də kofeinsiz qəhvə bağırsaq mikrobiomunu elə şəkildə dəyişir ki, bu, ümumi psixoloji vəziyyətə müsbət təsir göstərir və stressi azaldır. Bəzi hallarda isə idrak qabiliyyətlərində də yaxşılaşma müşahidə edilib.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” yazır.
Yeni tədqiqat qəhvə istehlakının müsbət təsirləri ilə bağlı əvvəlki elmi nəticələrə əsaslanır. Bu təsirlərə 2-ci tip diabet, qaraciyər xəstəlikləri, ürək-damar xəstəlikləri və xərçəng riskinin azalması daxildir.
Həmçinin qəhvənin mülayim şəkildə qəbulu ümumi ölüm riskinin, ürək-damar xəstəliklərindən ölüm hallarının və insult tezliyinin azalması ilə əlaqələndirilir. Bundan əlavə, Parkinson xəstəliyi, depressiya və Alzheimer xəstəliyinin inkişaf riskinin də aşağı düşdüyü bildirilir.
Alimlər bağırsaq–beyin əlaqə sistemi kimi tanınan “mikrobiota–bağırsaq–beyin oxu”na qəhvənin təsirini araşdırıblar. Tədqiqatda gündə 3–5 fincan qəhvə içən 31 nəfər və qəhvə qəbul etməyən eyni sayda iştirakçı analiz edilib.
İştirakçılar psixoloji testlər, qida gündəlikləri, sidik və nəcis analizləri vasitəsilə qiymətləndirilib.
Araşdırmada qeyd olunur ki, iki həftə qəhvədən imtina etdikdən sonra müntəzəm qəhvə içənlərdə bağırsaq mikrobiomu ilə bağlı metabolitlərdə (qidanın parçalanması zamanı yaranan maddələr) əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Daha sonra hər iki qrupa kor (blin) şəkildə kofeinli və kofeinsiz qəhvə verildikdə, iştirakçılar stress, depressiya və impulsivlik səviyyəsinin azaldığını bildiriblər.
Eyni zamanda, Eggertella sp və Cryptobacterium curtum kimi bakteriyaların artdığı müəyyən edilib. Bu bakteriyalar həzm prosesinə kömək edə və zərərli mikroorqanizmlərin azalmasına təsir göstərə bilər. Bundan başqa, müsbət emosiyalarla əlaqələndirilən Firmicutes qrupunun da artdığı müşahidə olunub.
Kofeinsiz qəhvə içənlərdə öyrənmə və yaddaş göstəricilərində yaxşılaşma qeydə alınıb. Alimlərin fikrincə, bu effektlər kofeindən çox polifenollar kimi digər bioloji aktiv maddələrlə bağlı ola bilər.
Eyni zamanda kofeinli qəhvə narahatlığın azalması, diqqət və ayıqlığın artması, həmçinin iltihab riskinin aşağı düşməsi ilə əlaqələndirilib.
“Qəhvə mikroorqanizmlərin birlikdə necə fəaliyyət göstərdiyini və hansı metabolitlərdən istifadə etdiyini dəyişə bilər. Qidalanmada düzgün balans axtarışı davam etdikcə, qəhvə sağlam və balanslı rasionun bir hissəsi kimi potensiala malikdir. Qəhvə sadəcə kofein deyil, bağırsaq mikroflorası, maddələr mübadiləsi və emosional vəziyyətlə qarşılıqlı təsir göstərən kompleks qida faktorudur. Araşdırmalarımız göstərir ki, həm kofeinli, həm də kofeinsiz qəhvə sağlamlığa fərqli, lakin bir-birini tamamlayan təsirlər göstərə bilər”, deyə professor Con Krian bildirib.
Samir


