Mars səthində tədqiqatlarını davam etdirən “Curiosity” kəşfiyyat aparatı daha əvvəl analoquna rast gəlinməyən üzvi birləşmələri aşkar edib.
HİT.az xəbər verir ki, elmi dairələrdə böyük maraq doğuran bu tapıntı Yer üzündə həyatın mənşəyi ilə əlaqələndirilən əsas molekulyar strukturlarla oxşarlıq göstərir.
Gale kraterində yerləşən Glen Torridon bölgəsində aparılan kimyəvi analizlər milyardlarla il ərzində dəyişmədən qorunmuş mürəkkəb üzvi molekulları ortaya çıxarıb. Aşkar edilən maddələr arasında DNT-nin ilkin formalarına bənzər quruluşa malik azot tərkibli molekullar xüsusi diqqət çəkir. Genetik materialın formalaşması üçün vacib olan bu ilkin komponentlər Marsda ilk dəfə bu qədər aydın şəkildə müşahidə olunub. Bundan əlavə, “Curiosity” meteoritlər vasitəsilə planetlərə daşındığı düşünülən və kükürd tərkibli “benzotiofen” adlı kimyəvi birləşməni də müəyyən edib.
Bu mühüm nəticələr Marsda ilk dəfə tətbiq edilən xüsusi kimyəvi analiz üsulu ilə əldə olunub. “Curiosity” aparatında yerləşən “Sample Analysis at Mars” (SAM) cihaz sistemi məhdud miqdarda TMAH kimyəvi maddəsindən istifadə edərək iri üzvi molekulları daha kiçik hissələrə ayırıb. Bu üsul sayəsində aparatdakı yüksək həssas ölçmə cihazları nümunələrin dərin strukturunu təhlil edə bilib.
Florida Universitetindən professor Emi Uilyams bu maddələrin meteoritlər vasitəsilə həm Marsa, həm də Yerə daşınan və həyatın formalaşmasında rol oynaya bilən komponentlərlə oxşarlıq göstərdiyini bildirib.
“Curiosity” 2012-ci ildə Marsa endikdə əsas məqsədi mikrobioloji həyatı dəstəkləyə biləcək şəraitin olub-olmadığını araşdırmaq idi. İllər sonra əldə edilən nəticələr göstərir ki, təxminən 3,5 milyard il əvvələ aid üzvi maddələr səthin altında qorunub saxlanıla bilib. Mütəxəssislər bunu qədim həyat izlərinin araşdırılması baxımından mühüm addım kimi qiymətləndirirlər.
Bu birləşmələrin bioloji proseslərdən, yoxsa geoloji reaksiyalardan əmələ gəldiyi hələ də dəqiq müəyyən edilməyib. Lakin mürəkkəb üzvi strukturların qorunmuş olması gələcək kosmik missiyalar üçün yeni imkanlar yaradır.
Digər tərəfdən, “Perseverance” kəşfiyyat aparatı da Jezero krateri ətrafında oxşar maraqlı izlərə rast gəlib. “Leopard ləkələri” adlandırılan kimyəvi izlərin mikroorqanizmlərin üzvi maddələri parçalaması nəticəsində yarana biləcəyi ehtimal olunur. Bu tapıntılar Marsın keçmişdə maye suya və potensial yaşayış mühitlərinə sahib ola biləcəyini gücləndirir.
Samir


