Avropa İttifaqı ölkələrinin ABŞ və İsrailin İrana qarşı apardığı müharibə nəticəsində enerji sahəsindəki xərcləri münaqişənin başlanğıcından bəri 24 milyard avro təşkil edib.
HİT.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yörgensen bildirib.
Yörgensen qeyd edib ki, bu göstərici gündə təxminən 500 milyon avro deməkdir və bu, Avropa ölkələrinin əhalisi və sənayesi üçün ciddi təsir yaradıb.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, İranda baş verən münaqişə fonunda Avropanın enerji resursları idxalı xərcləri 22 milyard avro artıb. O, əlavə edib ki, Avropa Komissiyası 23 aprel tarixində keçiriləcək sammitdə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq qiymətlərin tənzimlənməsi məqsədilə Avropa İttifaqının neft ehtiyatlarından istifadə təklifi irəli sürəcək.
“Politico” nəşri isə yazıb ki, Avropanın xarici siyasətdə artan çətinlikləri — Ukraynanın maliyyələşdirilməsində problemlərdən tutmuş İran müharibəsi ilə bağlı parçalanmış mövqeyə qədər — Avropa İttifaqında sistemli böhran əlamətlərinə işarə edir.
Samir


