Çində bədən tərbiyəsi müəllimi son təxminən 30 il ərzində 300 uşağı övladlığa götürərək onlara həyat qurmağa kömək etdiyi üçün "super ata" ləqəbini qazanıb.
HİT.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) nəşri yazıb.
52 yaşlı Bai Jian Anşan şəhərində yerləşən orta məktəbdə çalışır. O, 1990-cı illərin ortalarından etibarən valideyn himayəsindən məhrum qalan uşaqlara qayğı göstərməyə başlayıb. Onun kirayə götürdüyü evin ərazisində eyni vaxtda 20–30 uşaq yaşayır.
Media məlumatlarına görə, 1995-ci ildən bəri onun evindən ən azı 276 uşaq keçib. Onların böyük hissəsi yetim və ya ailələri tərəfindən tərk edilmiş yeniyetmələrdir. Bu uşaqların bir çoxu sonradan uğur qazanaraq peşəkar idmançı, hərbçi, dövlət qulluqçusu və müəllim kimi fəaliyyət göstərib. 100-dən çox yetirmə ali təhsil alıb, təxminən 50 nəfər isə ölkə səviyyəsində yüksək idman nailiyyətləri əldə edib.
Bai Jian özü yoxsul ailədə böyüyüb. O, uzun məsafəyə qaçışda əldə etdiyi uğurlar sayəsində kollecdə təhsil almaq imkanı qazanıb və daha sonra müəllim kimi işləməyə başlayıb. Uşaqlara kömək etmək qərarına isə valideynləri tərəfindən tərk edilmiş bir şagirdin taleyi ilə tanış olduqdan sonra gəlib. Həmin oğlan onun himayəsinə götürdüyü ilk uşaq olub.
Böyük ailəni dolandırmaq üçün müəllim kreditlər götürüb, əlavə işlər görüb və qohumlarının dəstəyini alıb. O, uşaqların tərbiyəsində idmana xüsusi önəm verir: şagirdlər hər gün, hava şəraitindən asılı olmayaraq, 12 kilometrdən çox səhər qaçışları da daxil olmaqla məşqlər edirlər.
Müəllimin sözlərinə görə, idman xarakter formalaşdırır və həyatda çətinliklərə hazır olmağa kömək edir.
Samir


