Hesablama Palatası 2025-ci ilin İş planına uyğun olaraq “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi üzrə audit aparıb. Audit Palatanın 24 sentyabr 2025-ci il tarixli Kollegiya qərarı ilə təsdiqlənmiş proqram əsasında həyata keçirilib.
Valyuta.az xəbər verir ki, audit zamanı müəyyən olunub ki, 2024-cü ildən qalan istifadə olunmamış vəsaitlər və dövlət əmlakının satışından daxil olan istifadə edilməmiş məbləğlər nəzərə alınaraq 2025-ci il üzrə bağlanmış müqavilələrin maliyyələşdirilməsinin azaldılması təmin edilməyib.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.
Hesabatda qeyd olunub ki, qurumun vəzifə öhdəliklərinə aid olmayan sahələrə vəsait yönəldilib, əməkhaqqı üzrə artıq ödənişlərə yol verilib. Bəzi hallarda təsdiqedici sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün maliyyə əməliyyatları mühasibat uçotunda vaxtında əks etdirilməyib, vergi qanunvericiliyinin tələblərinə əməl olunmayıb və maliyyə intizamı pozulub.
Audit zamanı həmçinin obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi prosesində tikinti normativlərindən kənarlaşmalar müəyyən edilib.
Bundan başqa, mühəndis-geoloji tədqiqatlara dair texniki hesabatların bəzi hallarda düzgün tərtib edilmədiyi, layihədən artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilələrin qiymət cədvəllərinə və qəbul aktlarına daxil edildiyi bildirilib. Bu isə satınalma işlərinin həcmi və dəyərinin artmasına səbəb olub. Eyni zamanda 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evləri üzrə layihələrdə də oxşar hallar ehtimal dəyərinin yüksəlməsinə gətirib çıxarıb.
Hesabatda o da vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin idarə edilməsində maliyyə inzibatçılığı üzrə boşluqlara yol verilib. İcra olunmamış vəsaitlərin qurumun hesabına köçürülməsi nəticəsində əhəmiyyətli məbləğ bank hesablarında saxlanılıb, həmin vəsaitin əsas hissəsi aşağı faizlə depozitə yerləşdirilib, bir hissəsi isə istifadəsiz qalıb. Nəticədə gəlir əldə olunsa da, vəsaitin gəlirlilik potensialından tam istifadə edilməyib.


