Danimarka Milli Muzeyi və Kopenhagen Universitetinin tədqiqatçıları təxminən eramızdan əvvəl 2000-ci ilə aid olan qədim mixi yazılı gil lövhəni deşifrə ediblər. Bu sənəd dünyadakı ən qədim “pivə qəbzlərindən” biri hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə “Phys.org” yazır.
Lövhədə qədim Mesopotamiyanın Umma (indiki İraqın cənubu) şəhərində əmək haqqı kimi pivə paylanması qeydə alınıb. Tədqiqatçı Troels Arbolün sözlərinə görə, bu, işçilər arasında içkinin bölüşdürülməsini sənədləşdirən inzibati qeyddir.
Mətnə əsasən, təchizatçı Ayalli adlı şəxs olub və verilən miqdar təxminən 16 litr “keyfiyyətli” pivə və əlavə 55 litr adi pivədən ibarət olub.
Alimlər bildirirlər ki, qədim Mesopotamiyada pivə sadəcə içki deyil, gündəlik qida rasionunun mühüm hissəsi idi. O dövrdə pivə bu günkü kimi hopla deyil, fermentləşdirilmiş çörək, bal və ya xurma ilə hazırlanırdı. İçki daha qalın teksturaya malik olur, turşməzə dad verir və 6,5 faizə qədər zəif spirt tərkibli idi.
Tədqiqatçılar hesab edirlər ki, bu qədər pivə bir qrup işçi arasında bölüşdürülə bilərdi və bu, müasir dövrün korporativ tədbirlərinə bənzər kollektiv yemək-içmək mərasimi ola bilərdi.
“Pivə çeki” ilə yanaşı, kolleksiyada cadugərliklə mübarizə ritualları və hökmdar siyahıları, o cümlədən əfsanəvi Gilqameşə aid qeydlər də tapılıb.
Alimlər vurğulayırlar ki, bu cür gil lövhələr erkən şəhər cəmiyyətlərinin necə işlədiyini — iqtisadiyyatından gündəlik həyatına qədər — anlamağa imkan verir.
Samir


