Üç il ərzində aparılan tədqiqatda həftəlik pendir istehlak edən 134 yaşlı yapon, pendir yeməyən 176 nəfərlə müqayisə edilib. Araşdırma “Nutrients” jurnalında dərc olunub.
HİT.az xəbər verir ki, bu barədə “Futura” yazıb.
“Pendirə həftəlik maraq göstərənlərdə demensiya riski 24% daha aşağı olub. Tədqiqatçılar nəticələri ümumi qidalanma vərdişlərinə görə düzəltdikdə belə, risk 21% az qalaraq statistik əhəmiyyətini saxlayıb. Bu, pendirin spesifik təsir göstərə biləcəyinə işarə edir”, deyə materialda bildirilir.
Qeyd olunur ki, iştirakçıların təxminən 72%-i pendiri həftədə bir və ya iki dəfə yeyib, yəni effekt üçün gündəlik istehlak tələb olunmayıb.
Bioloji mexanizmlər
Tədqiqatda pendirin tərkibindəki üç əsas komponentin beyin sağlamlığına təsiri vurğulanır.
Vitamin K2 damarların kalsifikasiyasını tənzimləyir. Ateroskleroz və yüksək təzyiq demensiya riskini artırdığı üçün damarların qorunması dolayı yolla beyni də qoruyur.
“Fermentasiya zamanı yaranan bioaktiv peptidlər iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bəzi fermentləşdirilmiş pendirlərdə probiotiklər də olur ki, bu da ‘bağırsaq-beyin oxu’ vasitəsilə neyrodegenerativ xəstəliklərə təsir göstərə bilər”, deyə izah edilir.
Eyni zamanda qeyd olunur ki, iştirakçıların 82,7%-i işlənmiş pendir istehlak edib. Bu növ pendirdə isə fermentləşdirilmiş və yetkin pendirlərlə müqayisədə daha az probiotik olur. Cəmi 7,8% ağ kifli pendirlər (məsələn, kamamber) yeyib.
Bu səbəbdən müşahidə olunan effektin dəqiq mexanizmləri tam aydın deyil.
Tədqiqatın məhdudiyyətləri
“Futura”nın məlumatına görə, tədqiqatda pendir istehlakı yalnız bir dəfə – başlanğıcda ölçülüb və üç il ərzində dəyişikliklər izlənməyib.
Demensiya diaqnozları klinik yoxlamalarla deyil, tibbi sığorta qeydləri əsasında aparılıb. Genetik faktorlar, o cümlədən APOE ε4 kimi risk variantları nəzərə alınmayıb. Bundan əlavə, iştirakçılar yalnız yapon olub ki, bu da nəticələrin digər populyasiyalara tətbiqini məhdudlaşdırır.
Alimlər gələcəkdə konkret pendir növləri, doza və istehlak müddətini müəyyənləşdirmək üçün klinik sınaqlar aparmağı planlaşdırır.
Samir


