Smartfon oyunları, psixoloji tapşırıqlar və mütəxəssis dəstəyini birləşdirən rəqəmsal proqram depressiya əlamətlərinin azaldılmasına kömək edə bilər. Araşdırma göstərib ki, bu üsul artıq antidepressant qəbul edən insanlarda müalicənin təsirini gücləndirə bilər.
HİT.az xəbər verir ki, Linçepinq Universitetinin alimləri və həmkarlarının apardığı tədqiqatın nəticələri “Journal of Affective Disorders” jurnalında dərc olunub.
Araşdırmada 148 yetkin şəxs iştirak edib. Onlar təsadüfi qaydada iki qrupa bölünüblər. Birinci qrup doqquz həftə ərzində rəqəmsal proqramdan istifadə edib, ikinci qrup isə müəyyən müddət gözləyib. Bu müddətdə bütün iştirakçılar əvvəlki dərman müalicələrini davam etdiriblər.
Proqrama “Fig” adlı smartfon oyunu, koqnitiv-davranış terapiyasına əsaslanan 25 əlavə modul və ehtiyac yarandıqda terapevtlə əlaqə imkanı daxil edilib. Oyundakı tapşırıqlar iştirakçıları dərmanları vaxtında qəbul etməyə, yuxu rejiminə, düzgün qidalanmaya və fiziki aktivliyə diqqət yetirməyə təşviq edib.
Tədqiqatın sonunda proqramdan istifadə edən qrupda depressiya və təşviş əlamətlərinin daha çox azaldığı müəyyənləşib. Həmin iştirakçılar dərmanlarını daha müntəzəm qəbul etdiklərini də bildiriblər. Bununla belə, iki qrup arasında həyat keyfiyyəti baxımından əhəmiyyətli fərq aşkarlanmayıb.
Araşdırmanın bəzi məhdudiyyətləri də olub. Belə ki, əsas qrupun təxminən 41 faizi, gözləmə qrupunun isə 18 faizi yekun qiymətləndirmədə iştirak etməyib. Bundan başqa, iştirakçılar hansı müdaxiləni aldıqlarını biliblər və nəticələr əsasən onların öz qiymətləndirmələrinə əsaslanıb. Proqrama çıxış əldə edənlərin yalnız 79 faizi oyunu telefonuna quraşdırıb.
Tədqiqat müəllifləri əldə olunan nəticələrin rəqəmsal vasitələrin depressiyanın müalicəsində əlavə dəstək kimi istifadə potensialını göstərdiyini bildirirlər. Bununla belə, proqram dərman müalicəsini və həkim nəzarətini əvəz etmir.
Samir


