Beynəlxalq alimlər qrupu gənc yaşlarda xərçəng hallarının artmasının mümkün səbəblərinə dair yeni araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqat göstərir ki, yeni nəsillərdə hüceyrə səviyyəsində bioloji qocalma əvvəlki nəsillərlə müqayisədə daha sürətlə gedə bilər və bu, bəzi xərçəng növlərinin erkən yaşlarda yaranma riskini artırır.
Hit.az xəbər verir ki, gənc yaş qruplarında bəzi xərçəng növlərinin sürətlə artması uzun illərdir tibb elmini düşündürən əsas məsələlərdən biridir. Bu qlobal sağlamlıq probleminin səbəblərini araşdıran beynəlxalq elmi qrup yeni nəticələr əldə etdiyini bildirib.
“Cancer Grand Challenges” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən “PROSPECT” komandasının araşdırmasına görə, yeni nəsillər bioloji baxımdan əvvəlki nəsillərdən daha sürətlə qocalır. Hüceyrə səviyyəsində baş verən bu dəyişikliklər müəyyən xərçəng növlərinin erkən yaşlarda inkişaf etməsi riskini artırır.
Araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub. Müəlliflər qeyd edirlər ki, xərçəng təkcə genetik mutasiyaların nəticəsi deyil, həm də bütün orqanizmdə gedən sistemli bioloji qocalma prosesləri ilə əlaqəli ola bilər.
Tədqiqatın əsas nəticələrindən biri odur ki, təqvim yaşı ilə üst-üstə düşməyən bioloji yaş müxtəlif orqan sistemlərinə fərqli təsir göstərir.
Məsələn, immun sistemi yaşıdlarına nisbətən daha sürətlə qocalan insanlarda erkən mərhələli ağciyər xərçəngi riski daha yüksək olub. Yağ toxumasında bioloji qocalma sürətinin artdığı şəxslərdə isə yoğun bağırsaq xərçənginin yaranma ehtimalı daha yüksək müşahidə edilib.
Alimlər bildirirlər ki, təqvim yaşı 50 olan, lakin uzun illər siqaret çəkmiş şəxsin ağciyərlərinin bioloji yaşı faktiki yaşından xeyli yüksək ola bilər.
Mütəxəssislər bioloji baxımdan sürətlə qocalan, lakin hələ sağlam görünən insanların erkən müəyyən edilməsini hədəfləyirlər. Bu yanaşma risk qrupunda olan şəxslərdə profilaktik tədbirlərin və erkən diaqnostikanın daha vaxtında aparılmasına imkan yarada bilər.
Tədqiqat xüsusilə 55 yaşdan aşağı insanlarda xərçəng diaqnostikası baxımından mühüm əhəmiyyət daşıyır.
Araşdırma çərçivəsində Böyük Britaniyanın “UK Biobank” layihəsində iştirak edən 154 min nəfərin, ABŞ-dəki analoji proqramda isə təxminən 10 min nəfərin uzunmüddətli sağlamlıq məlumatları təhlil olunub.
Nəticələr göstərib ki, Böyük Britaniyada 1965–1974-cü illərdə doğulan insanların eyni təqvim yaşında bioloji yaşı 1950–1954-cü illərdə doğulanlarla müqayisədə daha yüksək olub.
ABŞ-də isə bu tendensiya daha qabarıq müşahidə edilib. 1990-cı illərdə doğulan amerikalıların bioloji qocalma sürəti 1960-cı illərin sonlarında doğulan nəsillə müqayisədə əhəmiyyətli dərəcədə yüksək qiymətləndirilib.
Araşdırmaya görə, bioloji qocalma göstəricisində hər bir pilləlik artım bərk şişlərin erkən yaşlarda yaranma riskini orta hesabla 8 faiz artırır.
Alimlər qeyd edirlər ki, bu faiz ilk baxışda kiçik görünsə də, əhali səviyyəsində minlərlə əlavə xərçəng hadisəsi demək ola bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, ümumi xərçəng riski yaşlı insanlarda hələ də gənclərlə müqayisədə xeyli yüksək olaraq qalır. Statistikaya görə, 50 yaşdan yuxarı hər 100 nəfərdən təxminən biri xərçəng diaqnozu alır. Gənclər arasında isə bu göstərici təxminən min nəfərdə bir nəfər təşkil edir.
Tədqiqat müəlliflərinin fikrincə, yeni nəsillərdə müşahidə olunan bu artım tendensiyası müasir həyat tərzi, qidalanma vərdişləri və ətraf mühit amillərinin birgə təsiri ilə əlaqəli ola bilər.
Samir


