Günvurma zamanı nə etmək lazımdır? - Həkimdən tövsiyələr

SAĞLAMLIQ
11:35 / 30.06.2026
44

Anomal isti hava şəraitində günvurma riski artır. Ailə həkimi, tibb üzrə fəlsəfə doktoru İqor Zastavnı günvurmadan qorunma yolları və belə hallarda görülməli tədbirlər barədə danışıb.

HİT.az xəbər verir ki, həkimin sözlərinə görə, imkan daxilində saat 11:00-dan 17:00-dək birbaşa günəş altında olmaqdan çəkinmək lazımdır. Bu saatlarda çölə çıxmaq zəruridirsə, mütləq baş geyimindən istifadə edilməli və mümkün qədər kölgədə qalınmalıdır.

İqor Zastavnı qeyd edib ki, günün ən isti vaxtında günəş vannası qəbul etmək tövsiyə olunmur. Bundan əlavə, orqanizmin susuz qalmaması üçün kifayət qədər maye qəbul edilməlidir.

Həkim həmçinin günəşdən qoruyucu SPF kremlərdən istifadə etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu vasitələr təkcə günəş yanığının qarşısını almır, həm də ultrabənövşəyi şüaların təsirini azaldaraq melanoma və digər dəri xəstəliklərinin yaranma riskini aşağı salmağa kömək edir.

Mütəxəssisin sözlərinə görə, günvurmanın əsas əlamətləri ürəkbulanma, baş ağrısı, başgicəllənmə, halsızlıq və güclü tərləmədir. Bu simptomlar müşahidə olunduqda, insan dərhal birbaşa günəş şüaları altından çıxarılmalıdır.

Həkim belə hallarda zərərçəkənin kölgəlik yerə aparılmasını, üzünün və bədəninin sərin su ilə isladılmasını, həmçinin bol maye qəbul etməsini tövsiyə edir.

Baş ağrısı və ya hərarət yaranarsa, tərkibində parasetamol olan preparatlar qəbul edilə bilər. Bununla belə, vəziyyət yaxşılaşmırsa, huşun itirilməsi təhlükəsi yaranırsa, qusma və ya digər ağır əlamətlər müşahidə edilirsə, təcili tibbi yardım üçün həkimə müraciət olunmalıdır.

Qeyd edək ki, son günlər Avropanın bir sıra ölkələrində anomal isti hava müşahidə olunur. Fransa mətbuatının məlumatına görə, ölkədə isti hava ilə əlaqələndirilən 1000-dən çox ölüm halı qeydə alınıb. Ölənlərin əksəriyyətinin 65 yaşdan yuxarı şəxslər olduğu bildirilir. Ötən həftə Fransada meteoroloji müşahidələr tarixində ən isti gün qeydə alınıb.

Samir
 

0