Stress diabet fəsadlarının riskini artırır

SAĞLAMLIQ
17:33 / 01.07.2026
38

"Frontiers in Medicine" jurnalında dərc olunan yeni araşdırmaya görə, qanda qlükoza səviyyəsi diabetə nəzarətin əsas göstəricisi olsa da, xəstəliyin gedişinə ciddi təsir göstərə bilən emosional yükü əks etdirmir.

HİT.Az xəbər verir ki, tədqiqat Kral Səud Universitetinin alimləri tərəfindən aparılıb və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 438 yetkin pasiyenti əhatə edib. Alimlər iştirakçıların yalnız klinik göstəricilərini deyil, həm də psixoloji vəziyyətini qiymətləndiriblər.

Nəticələr göstərib ki, təxminən hər üç pasiyentdən biri "diabetik distres" adlandırılan vəziyyətdən əziyyət çəkir. Bu vəziyyət xəstəliyin hər gün nəzarətdə saxlanılması zərurəti ilə bağlı davamlı narahatlıq, qorxu və emosional tükənmişlik hissi ilə xarakterizə olunur.

Araşdırma müəyyən edib ki, belə stressin səviyyəsinə diabetin ciddiliyini anlamaqdan daha çox, insanın xəstəliyə emosional münasibəti təsir göstərir. Xəstəliyi ilə bağlı daim narahat olan və ən pis ssenarini gözləyən pasiyentlər, eyni diaqnoza malik, lakin vəziyyətini daha sakit qəbul edən insanlarla müqayisədə psixoloji gərginliyi daha çox yaşayırlar.

Xüsusilə mənfi ssenarilərə köklənmək və xəstəlik qarşısında özünü aciz hiss etmək meyli olan şəxslərdə stress daha yüksək olub. Bundan əlavə, emosional gərginliyi yüksək olan pasiyentlərdə diabetin ağırlaşmaları aşağı stress səviyyəsinə malik iştirakçılarla müqayisədə təxminən beş dəfə daha çox qeydə alınıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, təhsil səviyyəsi daha yüksək olan şəxslər arasında diabetik distresə daha az rast gəlinir. Bunun səbəbləri isə hələ tam aydınlaşdırılmayıb.

Alimlər vurğulayırlar ki, standart qan analizləri pasiyentin emosional vəziyyətini qiymətləndirə bilmir. Halbuki məhz psixoloji durum müalicəyə riayət olunmasına, qanda şəkərin nəzarətdə saxlanılmasına və ağırlaşma riskinə təsir göstərə bilər. Onların fikrincə, laborator göstəricilərlə yanaşı, zərurət yarandıqda pasiyentlər psixoloji dəstək üçün də müvafiq mütəxəssislərə yönləndirilməlidirlər. Bu yanaşma diabetin ağır nəticələrinin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Samir
 

0