Yeni Klinikada neonatal reanimasiya üzrə simulyasiya təlimi keçirilib – FOTOLAR

SAĞLAMLIQ
14:06 / 30.07.2026
49

Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün “Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları” mövzusunda simulyasiya təlimi keçirilib.

Hit.az xəbər verir ki, təlimin məqsədi iştirakçıların neonatal reanimasiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və yenidoğulmuşlara göstərilən təxirəsalınmaz tibbi yardımın keyfiyyətini artırmaq olub.

Yeni Klinikanın direktoru Zəhra Vəzirova simulyasiya əsaslı təlimlərin tibb işçilərinin peşəkar hazırlığının gücləndirilməsi, klinik bacarıqların təkmilləşdirilməsi və neonatal yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev tərəfindən keçirilən təlim çərçivəsində iştirakçılar yenidoğulmuşların doğuşdan sonrakı ilkin qiymətləndirilməsi, müsbət təzyiqli ventilyasiya, təhlükəsiz neonatal transfer və Neonatal Reanimasiya Proqramının (NRP) protokolları üzrə nəzəri biliklərini yeniləyib, müasir simulyasiya avadanlıqları üzərində praktiki bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, Tibbi Tədris – Simulyasiya Mərkəzində təşkil olunan simulyasiya təlimləri səhiyyə işçilərinin peşəkar inkişafına, tibbi xidmətin keyfiyyətinin artırılmasına və pasiyent təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

0