Uşaqlarda depressiya riskini göstərən mümkün beyin əlaməti aşkarlandı

SAĞLAMLIQ
20:31 / 27.10.2026
56

Uşaqlıq dövründə beynin müəyyən hissələrində qabıq qatının qalın olması gələcəkdə narahatlıq və depressiya əlamətlərinin yaranma riski ilə əlaqəli ola bilər. ABŞ-ın Ayova Universitetinin alimləri təxminən 30 min beyin görüntüsünü təhlil edərək bu qənaətə gəliblər.

HİT.Az xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində uşaqlar təxminən 9 yaşından etibarən müşahidə edilib, onların beyinləri iki ildən bir skan edilib. Alimlər əldə olunan görüntüləri uşaqların emosional vəziyyətləri barədə məlumatlarla müqayisə ediblər.

Məlum olub ki, 9 yaşında beynin bəzi sensor sahələrində qabıq qatı daha qalın olan uşaqlarda 13 yaşına qədər narahatlıq və depressiya əlamətlərinə daha çox rast gəlinib.

Alimlərin sözlərinə görə, uşaqlıq və yeniyetməlik dövründə beyin qabığı tədricən nazikləşir. Bu proses beynin yetişməsi və sinir əlaqələrinin yenidən qurulması ilə bağlıdır. Lakin beynin müxtəlif hissələri eyni sürətlə inkişaf etmir. Məsələn, görmə ilə əlaqəli sahələr daha erkən, planlaşdırma, diqqətin cəmlənməsi və emosiyaların tənzimlənməsində iştirak edən alın payları isə daha gec yetişir.

Tədqiqatçılar həmçinin gələcəkdə psixoloji problemlərlə əlaqələndirilən beyin sahələrinin bəzi xüsusiyyətlərinin ana bətnində inkişaf dövründə aktiv olan gen şəbəkələri ilə üst-üstə düşdüyünü müəyyən ediblər. Bu nəticə doğuşdan əvvəl baş verən genetik proseslərin beynin inkişafına və gələcəkdə psixi pozuntulara həssaslığa təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.

Bununla belə, alimlər araşdırmanın nəticələrinin hələlik fərdi diaqnoz və ya etibarlı proqnoz üçün istifadə edilə bilməyəcəyini vurğulayırlar. Müəyyən edilən əlaqələr ayrı-ayrı uşaqlarda depressiyanın mütləq yaranacağını göstərmir, yalnız tədqiq olunan qrup üzrə statistik meyilləri əks etdirir.

Samir

0