Son dövrlər kosmetoloji salonlarda istifadə olunan müxtəlif cihazlar ev şəraitində də geniş yayılmağa başlayıb. Masaj aparatları, LED maskalar, mikrocərəyan cihazları, quaşa və vakuum bankaları daha əlçatan olsa da, onların düzgün istifadə edilməməsi dəri üçün ciddi problemlər yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə Jolly Clinic klinikasının dermatoloq-kosmetoloqu Tatyana Yasnaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, evdə istifadə olunan kosmetoloji cihazların əsas təhlükəsi onların insanın dəri xüsusiyyətləri nəzərə alınmadan tətbiq edilməsidir. Xüsusilə rozasea və kuperoz kimi dəri problemləri olan şəxslərdə bu cür prosedurlar vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Bəzi insanlar isə problemin mövcudluğundan yalnız prosedurdan sonra yaranan fəsadlarla həkimə müraciət etdikdə xəbər tuturlar.
Yasnaya qeyd edib ki, ev üçün nəzərdə tutulan cihazlar peşəkar tibbi avadanlıqları əvəz etmir. Belə cihazların təsir gücü və dərinliyi məhdudlaşdırılır. Buna görə də onların təsiri əsasən qan dövranının və mikrosirkulyasiyanın yaxşılaşması ilə məhdudlaşır. Üzdə yaranan təravət və şişkinliyin azalması isə çox vaxt müvəqqəti xarakter daşıyır.
Kosmetoloq vurğulayıb ki, dərinin elastikliyinin itirilməsi, üz ovalının sallanması və qırışların yaranması dərinin daha dərin qatlarında baş verən dəyişikliklərlə bağlıdır. Kremlər və masaj vasitələri həmin qatlara kifayət qədər təsir göstərə bilmir. Kollagen istehsalının stimullaşdırılması üçün isə dərinin dərinliyində nəzarətli təsir tələb olunur.
Ekspertin fikrincə, kosmetoloji prosedurlar seçilərkən ilk növbədə cihazın markasına deyil, həkimin müayinəsinə və düzgün müəyyənləşdirilmiş müalicə planına üstünlük verilməlidir. Məsələn, ultrasəs SMAS-liftinq üz ovalının sallanmasına qarşı, mikroiynəli RF proseduru isə dəridəki çapıqların və geniş məsamələrin görünüşünü yaxşılaşdırmaq üçün tətbiq olunur. Damar problemlərinin aradan qaldırılması üçün isə xüsusi lazerlərdən istifadə edilir.
Yasnaya əlavə edib ki, uyğun olmayan prosedur və əks-göstərişlərin nəzərə alınmaması dəridə yanıq və piqmentasiya kimi fəsadlara yol aça bilər. Buna görə də ev şəraitində kosmetoloji cihazlardan istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşmək vacibdir.
Samir


