Canavarların xüsusilə ay işığında başlarını yuxarı qaldıraraq uluması uzun illərdir insanların marağına səbəb olur. Xalq arasında bu davranış Ayla əlaqələndirilsə də, alimlər bildirirlər ki, yırtıcıların ulumasının əsas səbəbi sosial ünsiyyət, sürü üzvləri ilə əlaqə saxlamaq və ərazilərini qorumaqdır.
HİT.az xəbər verir ki, bu barədə “Live Science” jurnalı məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, canavarlar təkcə ulamaqla kifayətlənmir, hürə, zingildəyə, hırıltı və müxtəlif səslər çıxara da bilirlər. Bununla belə, onların ən xarakterik ünsiyyət vasitəsi ulamaqdır. Bu səslər kilometrlərlə uzaq məsafədən eşidilə və digər sürülərin də reaksiyasına səbəb ola bilər.
Kembric Universitetinin zooloqu Arik Kershenbaumun fikrincə, tək canavarın uluması onun sürüdən ayrı düşməsi və digər üzvlərlə yenidən əlaqə yaratmağa çalışması anlamına gələ bilər. Bəzən bu, yeni sürü və ya cütləşmək üçün tərəfdaş axtarışının da göstəricisidir.
Budapeştdəki Eötvöş Lorand Universitetinin etoloqu və bioakustika mütəxəssisi Tamaş Farago isə sürü halında ulumanın ərazi müdafiəsi ilə əlaqəli olduğunu bildirir. Bu yolla qurdlar digər sürülərə ərazinin artıq tutulduğu barədə siqnal göndərir.
Araşdırmalara əsasən, canavarlar xüsusilə öz ərazilərinin mərkəzində, balaları yaxınlıqda olduqda və ovdan əldə etdikləri qida mənbəyini qoruyarkən daha çox ulayırlar.
Alimlər hesab edirlər ki, kollektiv ulumanın başqa bir məqsədi də sürü daxilində birlik hissini gücləndirməkdir. Bu davranış heyvanların özlərini təhlükəsiz hiss etməsinə və sosial bağlarını qorumasına kömək edir.
2016-cı ildə Kershenbaum və həmkarlarının apardığı araşdırmada canavarlar, çaqqallar, koyotlar və itlərin 13 növ və yarımnövünün uluma xüsusiyyətləri müqayisə edilib. Tədqiqat nəticəsində hər növün özünəməxsus ulama üslubuna, səs tezliyinə və ritminə malik olduğu müəyyənləşdirilib.
2023-cü ildə aparılan başqa bir araşdırma isə qədim it cinslərinin müasir cinslərlə müqayisədə daha çox ulamağa meyilli olduğunu göstərib. Alimlər bunu həmin cinslərin canavarlarla genetik və təkamül baxımından daha yaxın olması ilə əlaqələndirirlər.
Mütəxəssislər canavarların məhz Aya baxaraq uluması fikrini elmi əsası olmayan mif hesab edirlər. Kershenbaumun ehtimalına görə, bu təsəvvür elektrik işıqlandırmasının olmadığı dövrlərdə yaranıb. İnsanlar parlaq Ay işığında daha çox çöldə olduqları üçün qurdların səsini də əsasən həmin vaxtlarda eşidiblər.
Beləliklə, canavarların uluması Ayın fazaları ilə deyil, əsasən ünsiyyət, ərazi müdafiəsi və sürü daxilində sosial əlaqələrin qorunması instinkti ilə bağlıdır.
Samir


