Bayden Putinə niyə qatil dedi? - ŞƏRH

SİYASƏT
09:26 / 18.03.2021
2747

“ABŞ kəşfiyyatı rəsmən bildirib ki, Rusiya 2020-ci il prezident seçkilərinin nəticələrinə də təsir göstərməyə cəhd edib. Bu dəfə kiberhücumdan yox, Baydenə qarşı qarayaxma kampaniyasının təşkilindən söhbət gedir. Məqsəd Trampa dəstək vermək olub. Kəşfiyyatın raportunda o da qeyd olunur ki, İran isə əksinə, Baydenin seçilməsini istəyib”.

HİT.Az-ın məlumatına görə, bu fikirləri siyasi icmalçı Şahin Cəfərli ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinə sərt xəbərdarlığını şəeh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiyanın Baydeni nüfuzdan salmaq üçün konkret hansı işləri gördüyü açıqlanmır:

“Amma birini mən deyim: bu işin içində Ukraynadakı bəzi çevrələr, hətta prezident Zelenskiyə yaxın şəxs də olub.
2020-ci il mayın 19-da Ukrayna Ali Radasının deputatı Andrey Derkaç mətbuat konfransı keçirərək prezident Poroşenko ilə ABŞ vitse-prezidenti Bayden arasındakı telefon danışığının səs yazısını ictimaiyyətə açıqlayıb. Səs yazısında Ukrayna baş prokuroru Şokinin istefaya göndərilməsi müzakirə olunur. Baş Prokurorluq o vaxt “Burisma” qaz şirkəti ilə bağlı təhqiqat aparırmış, bu şirkətdə vaxtilə Co Baydenin oğlu Hanter də çalışıb. Prezident Tramp və çevrəsi Hanter Baydenin korrupsiyaya qarışdığını, atasının isə onu xilas etdiyini söyləyərək, seçki kampaniyası boyunca bu səs yazısından Bayden əleyhinə istifadə etdilər. Lakin Tramp həmin bəyanatları verdiyi günlərdə ABŞ Maliyyə Nazirliyi (hansı ki birbaşa prezidentə tabedir) bu hadisə ilə əlaqədar sərt qərarlar qəbul etdi. Nazirlik olayın arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını və Andrey Derkaçın Rusiya agenti olduğunu bəyan edərək, bu şəxs başda olmaqla 7 Ukrayna vətəndaşına sanksiya tətbiq olunduğunu açıqladı. Sanksiyaya məruz qalan şəxslərdən biri də Zelenskinin “Xalqın Xidmətçisi” Partiyasının fəal üzvlərindən olan deputat Aleksandr Dubinski idi. Dubinski oliqarx İqor Kolomoyskiyə yaxındır və onun telekenalında (1+1) çalışıb”.

Ş.Cəfərli xatırladıb ki, Co Bayden andiçmədən dərhal sonra kəşfiyyatı toplayıb, təlimat verdi ki, Rusiyanın və digər dövlətlərin seçkilərə müdaxiləsini araşdırıb, ona raport təqdim etsinlər:

“Məhz bu raportu aldıqdan sonra Bayden bu gün “ABC News”a müsahibəsində Putini qatil adlandırdı. “Bizim onunla uzun telefon söhbətimiz oldu. Söhbət ondan başladı ki, məni onu yaxşı tanıdığımı, onun da məni yaxşı tanıdığını dedim. Bildirdim ki, əgər seçkilərə müdaxilə etdiyinizi müəyyən etsəm, onda hazırlaşın”, - deyə Bayden söyləyib. O, vaxtilə Corc Buşun Putin haqqında dediyi “mən onun gözlərinə baxdım və qəlbini gördüm” sözlərinə nəzirə kimi Putinin qəlbi olduğuna şübhə etdiyini söyləyib.
İndi gələn həftə bu məsələ ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Bu gün isə ABŞ Ticarət Nazirliyi Navalnı məsələsi ilə əlaqədar Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib”.

Ekspert deyir ki, təkrar Ukrayna mövzusuna qayıtmalı olsaq, qeyd etmək lazımdır ki, Bayden hələ də Zelenskiyə zəng etməyib, baxmayaraq ki, o və hökuməti Ukrayna məsələsini diqqət mərkəzində saxlayır.

“Bayden Zelenskidən 3 istiqamət üzrə konkret addımlar gözləyir:

1. Rusiyaya bağlı 5-ci kolonun zərərsizləşdirilməsi;

2. Oliqarxik sistemin dağıdılması;

3. Məhkəmə-hüquq islahatlarının sürətlə həyata keçirilməsi, Milli Antikorrupsiya Bürosu kimi yeni təsisatların, eləcə də Milli Bankın müstəqilliyinə tam təminat verilməsi”.

Ş.Cəfərlinin sözlərinə görə, ötən 6 ildə Qərb Ukraynaya siyasi, iqtisadi, hərbi dəstək versə də, ortada konkret nəticələr çox azdır, oliqarxik-korrupsion düzən yerində qalır.

“Qərbin dəstəyinin nə dərəcədə yetərli olduğu mövzusunda mübahisə etmək olar” deyən siyasi icmalçı bildirib:

“Vaşinqtonda Ukrayna hökuməti təmsilçilərinə deyirlər ki, necə olur, Rusiya işğalından şikayətlənib, bizdən dəstək istəyirsiniz, amma Rusiyaya bağlı adamlar Ukraynada hələ də sərbəst fəaliyyət göstərir, hətta dövlət strukturlarında təmsil olunur, üstəlik, milyardlar qazanırlar.
Məhz bu qəti mövqedən sonra Ukraynada Rusiya şəbəkəsinə qarşı ötən 6 ildə olmadığı qədər sərt tədbirlər görülməyə başlanıb, hazırda bu proses davam edir”.

Ş.Cəfərli deyir ki, ABŞ-ın Zelenski qarşısında ən çətin və ağrılı tələbi isə Kolomoyskinin məhv edilməsidir.

“Zelenski Kolomoyskinin proyektidir, onu məhz oliqarxın telekanalı məşhurlaşdırıb. Təsadüfi deyil ki, prezident Poroşenko ilə arası dəydikdən və bankı (“Privatbank”) əlindən alınaraq milliləşdirildikdən sonra ölkəni tərk edərək, İsrailə gedən Kolomoyski prezident seçkilərindən dərhal sonra Ukraynaya dönüb. Məsələnin ciddiliyini göstərən fakt budur ki, ABŞ hökuməti martın 5-də Kolomoyski və onun ailə üzvlərinə qarşı sanksiya tətbiq etdi və bu qərarı şəxsən dövlət katibi Blinken açıqladı. Zelenski də məcbur olub, ABŞ-ın qərarını dəstəklədiyini bildirdi və oliqarxlara qarşı mübarizə aparacağını söylədi. Ukrayna Baş Prokurorluğu isə “Privatbank”ın rəhbərliyinə rəsmi ittihamlar irəli sürdü, hətta bankın işini araşdıran prokurorlar buna cəsarət etmədikləri üçün baş prokuror İrina Venediktova şəxsən özü ittiham aktını və həbs orderlərini imzaladı. Fevralın 22-də “Privatbank”ın İdarə Heyəti sədrinin sabiq 1-ci müavini Vladimir Yatsenko Kolomoyskinin şəxsi təyyarəsi ilə ölkəni tərk etmək istəyərkən təyyarə son anda – Ukrayna hava məkanını tərk etməyə bir neçə dəqiqə qalmış yerə endirildi və Yatsenko saxlanıldı...

Bu hənanın o həna olmadığını başa düşən Putin isə imitasion demokratiyadan imtina edərək avtoritarizmi ciddi şəkildə sərtləşdirmək zorunda qalıb. Maskalar atılıb. Moskvada tez-tələsik, ardıcıl şəkildə hüquq və azadlıqları məhdudlaşdıran mürtəce qanunlar və qərarlar qəbul olunmaqda, vintlər sıxılmaqdadır. Putin rejimi hazırda Rusiyanı “alınmaz qala”ya çevirir. Onları ümidləndirən əsas amil isə Qərb demokratik sitemləridir. Putin bunu hər zaman Qərbin zəifliyi kimi görüb. İndi Moskvada düşünürlər ki, qoca Bayden ya vəfat edəcək, ya da uzağı 4 il sonra gedəcək, Tramp 4 il sonra ABŞ-ı yenidən cəhənnəmə çevirəcək, ölkədə xaos başlayacaq. Avropa Birliyini isə Rusiya heç vaxt ciddiyə almayıb”,-Ş.Cəfərli söyləyib.

0