\"Qars müqaviləsi\"ndən sonra dəyişən şərait: Naxçıvanın statusunun ləğvi... - Bu mümkündürmü?

13:30 / 29.11.2022
1266

"Naxçıvan son dövrlərdə muxtar statusundan istifadə edərək Azərbaycanın idarəetmə sistemindən bir qədər uzaqlaşıb. Yaranan problemlər, görüləsi işlər və ümumiyyətlə, bir çox məsələlər Azərbaycan qanunvericiliyi ilə həll olunmur. Bu gün baş verənlərdə hansısa sui-qəsd axtarmaq yanlış olardı. Sadəcə olaraq, Naxçıvanı Azərbaycanın idarəetməsinə qayıtmaq planı həyata keçirilir və bu da tam normaldır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri, tanınmış hüquqşanas Qulamhüseyn Əlibəyli Naxçıvanda baş verən hadisələri, aparılan islahatların səbəblərini izah edərkən deyib. 

O bildirib ki, Naxçıvanın muxtar statusu beynəlxalq hüququn müqaviləri ilə müəyyən olunur:

"1921-ci ildə imzalanmış "Qars müqaviləsi” ilə Naxçıvanın təhlükəsizliyi qorunub. Sənəddə Naxçıvanın Azərbaycanın tərkibində muxtar statusu təsbit olunub və Türkiyə qarant dövlət kimi çıxış edir. Amma bu, 1921-ci ildə bağlanmış müqavilədir, indi şərait dəyişib. Hesab edirəm ki, Naxçıvanın muxtar statusunun ləvğ olunması problemli məsələ deyil. Referendum keçirib, Konistitusiyanı dəyişməklə bu statusu ləvğ eləmək olar. Amma indiki şəraitdə onun ləğvi düzgün olmazdı. Zəngəzur dəhlizi açılana kimi gözləmək daha məqsədəuyğundur”. 

Naxçıvanda icra orqanları ilə bağlı proseslərə gəlincə, partiya sədri deyir ki, icra hakimiyyətlərinin xüsusiyyətləri aşağıdan-yuxarıya tabelçilik əsasında qurulur:

"Bu gün hüquqi baxımdan Naxçıvanın icra hakimiyyəti orqanları Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabedir. Hər bir nazirliyin  də sistemi elə qurulub ki, Naxçıvanın müvafiq nazirliyi Azərbaycanın müvafiq nazirliyinin sisteminə daxil olur. Bir növ təşkilatı cəhətdən tabe olmasa da, funksional cəhətdən həmin nazirliyin sisteminə daxil olmuş olur. Naxçıvanda icra hakimiyyəti orqanlarının sisteminin dəyişilməsi problemli məsələ deyil. Düzdür, orada müəyyən nazirliklər saxlanıla bilər. Naxçıvanda müəyyən nazirliklərinin mövcud olması Azərbaycanın Konistitusiyasında da nəzərdə tutulur. Amma Azərbaycanın bütün nazirliklərinin orada eyni adda fəaliyyət göstərməsi hesab edirəm ki, düzgün deyil. İndi Naxçıvanda müvafiq idarələr yaradılır və bu addımları təqdir edirəm. İndiyə kimi Naxçıvanda Xarici İşlər Nazirliyinin müvafiq idarəsi mövcud idi. İndi artıq digər qurumların da idarəsi yaradılıb. Hesab edirəm ki, düzgün yanaşmadır və belə struktur dəyişiklikləri davam etməlidir”. 

ARAYIŞ: Bölgənin muxtariyyət statusu 1921-ci il Qars müqaviləsi ilə təmin olunur və həmin müqavilə hələ qüvvədədir. Qars müqaviləsi 1921-ci ilin sentyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanıb. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.

Müqavilənin preambluasında göstərilir ki, bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri, o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlib. 

Rusiya, Türkiyə və Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirən, ərazi mübahisələrini həll edən həmin müqavilənin 5-ci bəndində belə deyilir: "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”.

Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna malik olması barədə bənd yer alsa da, həmin sənəddə muxtariyyətin hüdudları barədə heç nə deyilmir. Bununla belə, beynəlxalq hüququn norma və prinsiplərinə görə həmin müqavilə Naxçıvanın muxtariyyətinin birtərəfli qaydada ləğv edilməsinə imkan vermir. Bunun üçün Türkiyənin razılığı və iştirakı olmalıdır. Beynəlxalq hüquqa görə, Qars müqaviləsi Türkiyənin Naxçıvan üzərində qarantor ölkə statusunu təmin edir. 

0