Ermənistanda nə baş verir? - "Paşinyan əleyhinə genişmiqyaslı aksiyalar..."

SİYASƏT
14:02 / 22.05.2023
828

Ermənistanda vəziyyət yenidən gərginləşib.

Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğrulamaqda şübhəli bilinən Qayane Akopyan adlı qadının həbs olunması etirazla qarşılanıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən Qarabağda övladları ölən valideynlər Baş nazirə etiraz ediblər. Onlar, qadının dərhal sərbəst buraxılmasını tələb ediblər. Ekspertlər isə hesab edirlər ki, bu hadisədən sonra Ermənistanda böyük etiraz aksiyaları keçirilə bilər.

Maraqlıdır, proseslər mitinqlərə və iğtişaşlara çevrilə bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, 44 günlük Vətən müharibəsindən bugünə qədər Ermənistanda davamlı şəkildə gərginliklər müşahidə edilməkdədir:

"Bu, artıq erməni cəmiyyəti üçün xarakterik hal almağa başlayıb. Təbii ki, belə gərgin siyasi proseslərin və qarşıdurmaların əsas hədəfində Baş nazir Nikol Paşinyan dayanır. Belə olan halda mövcud narazı kütlənin revanşist çıxışlarının paralel olaraq fərqli dövrlərdə Paşinyan əleyhinə nümayişlərlə də müşayiət edilməsi cəmiyyətdə növbəti belə geniş miqyaslı etirazları təşviq edən əsas hadisəyə çevrilə bilir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, heç şübhəsiz ki, Ermənistanda hakimiyyət əleyhinə daha geniş aksiyaların olması ehtimalı da istisna edilmir".

Politoloq vurğulayıb ki, revanşist qüvvələr bu addımları ilə Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarını pozmağa çalışırlar:

"Xüsusilə də, Azərbaycanla bütün formatlar üzrə davam edən sülh danışıqlarında əldə olunmuş razılaşmaların icra olunmasına mane olmaq istəyən və revanşist əhval-ruhiyyəni təmsil edən radikal qruplar belə hadisələrin daima gündəmdə saxlanmasında maraqlıdırlar. Ona görə də, hadisələrin bu istiqamətdə inkişaf etməsində əsas hədəf erməni cəmiyyətindəki mövcud gərginliklərdən istifadə edərək danışıqlar prosesində Paşinyan administrasiyanın götürdüyü öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı yeni təzyiq mexanizmlərinin də yaradılmasıdır".

Pərviz

0