Azərbaycan Ordusu antiterror əməliyyatına başlayır?

SİYASƏT
13:40 / 30.05.2023
841

Ermənilər yenidən təxribatlarını intensivləşdiriblər. Belə ki, mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Görünür, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmağının bu qədər real olduğu bir vaxtda belə ermənilər öz çirkin əməllərindən əl çəkmirlər. Onlar, bununla nəyi hədəfləyirlər?

Bununla bağlı HİT.az-a danışan politoloq Rusif Məmmədsoy bildirib ki, Nikol Paşinyanın parlamentdəki “Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq” açıqlamasından sonra təxribtaların intensivləşəcəyi gözlənilən idi:

“Əslində bunun Rusiyaya bağlı qüvvələr tərəfindən həyata keçirildiyi də şübhə doğurmur. Çünki Rusiyanın regionda qalması üçün bu cür təxribatlar törətməsi onun siyasi kursuna uyğundur. Kreml burada öz varlığını davam etdirmək üçün belə addımlara əl atır. Yəni dünyada işğalçı kimi tanınan Rusiya çalışır ki, Qarabağda sülhməramlı kimi öz missiyasını davam etdirə bilsin. Digər tərəfdən, açılan 19 atəşin məhz 15-i rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə olub. Yəni separatçı terrorçuların atəşkəsi pozması halı qeydə alınıb. Bunlar, bizim daxili işlərimizdir və terrorçulara qarşı necə mübarizə aparacağımızı da bilirik".

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan Ordusu yaxın zamanda antiterror əməliyyatına başlaya bilər:

"Bütün bunlar həm də onu deməyə əsas verir ki, yaxın zamanda Xankəndi ətrafında və Azərbaycanın tam nəzarəti altında olmayan digər ərazilərdə antiterror əməliyyatının aparılmasını müşahidə edə bilərik. Üstəlik, bunun üçün əlimizdə ciddi təsir rıçaqları da var. Məsələn, beynəlxalq təsirləri və Rusiyanın təzyiqlərini azaltmaq üçün yanımızda Türkiyə kimi güc də var. Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ilə birlikdə əslində Azərbaycan Qarabağda yarım qalmış işini tez bir zamanda tamamlaya bilər.

Həqiqətən bizim üçün bölgədə ciddi imkanlar yaranıb. Nəzərə almaq lazımdır ki, Rusiyanın başı Ukraynaya, İranın başı isə “Taliban”a qarışıb. Bütün bunların fonunda, Paşinyan da açıqlama verir ki, “Biz sülh müqaviləsi imzalamağa hazırıq”. Ümumiyyətlə, Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəs hallarının kim tərəfindən pozulması da şübhə doğurmur. Ona görə də sülh müqaviləsinə doğru irəlilədiyimiz zamanlarda bu təxribatların daha da genişlənməsi istisna deyil”.

Pərviz

0