Dünya mətbuatının gözü Zəngəzur dəhlizində: Regional müharibə olacaq?

SİYASƏT
22:48 / 15.09.2023
580

Azərbaycanla Ermənistan arasında son gərginlik xarici mediada, xüsusən İran, ərəb və türk mediasında Zəngəzur dəhlizi uğrunda mübarizə kimi təqdim edilir. Dəhlizin açılması təşəbbüslərinin regional savaşa səbəb olma ehtimalı da nəzərdən keçilir.

Misirin “Alarabi 21” saytı mövzuya həsr etdiyi təhlilində yazır ki, Zəngəzur - bölgənin siyasi coğrafiyasını dəyişə biləcək münaqişəni alovlandırmaq üçün qığılcımdır. Yazıda “Zəngəzur dəhlizi regional müharibəyə səbəb olacaqmı?” sualına cavab axtarılır. Bildirilir ki, İran Zəngəzur-Anadolu dəhlizinin yaradılacağı təqdirdə iqtisadi və siyasi dəyərinin azalacağından ehtiyat edir. Amma Tehranın bu layihəni qəti şəkildə rədd etməsinə baxmayaraq, Bakı Ankaranın dəstəyi ilə onun açılmasına çalışır. Yazıda Tehran-Bakı münasibətlərində son bir ilə ərzində yaşanan gərginliklər sadalanır.

Qətər Universitetinin İbn Xəldun Mərkəzinin beynəlxalq əlaqələr üzrə professoru Əli Hüseyn Baqirin fikrincə, Tehran ehtiyat edir ki, dəhliz Bakıya qonşularla münasibətdə üstünlük verəcək. Çünki o, Ankaraya İran və ya Ermənistan ərazisindən keçmədən birbaşa quru yolu ilə çata biləcək ki, bu da İranın vasitəçi roluna xələl gətirir və onun Cənubi Qafqazdakı geosiyasi mövqeyini zəiflədir .

Ankaranın dəhlizi güc yolu ilə aça bilmə ehtimalına gəlincə, beynəlxalq əlaqələr üzrə tədqiqatçı Mahmud Alluş nəşrə bildirir ki, dəhliz Türkiyənin Qafqazda geosiyasi mövqeyini və Mərkəzi Asiyanın türkdilli dövlətlərlə əlaqələrini gücləndirərdi, amma Ankara bunun sülh yolu ilə əldə olunmasına üstünlük verir. Onun fikrincə, İran II Qarabağ müharibəsindən sonra bölgədə baş verən böyük geosiyasi transformasiyaları geri qaytarmağa çalışır və bu təşəbbüslər regionun uzunmüddətli sülh şanslarını çətinləşdirir.

İordaniyanın “Albosala” elektron jurnalı isə qeyd edir ki, baş verənlərin arxasında Azərbaycanın birtərəfli qaydada açmaqla hədələdiyi və Tehranla Ankara arasında böhran yarada biləcək Zəngəzur dəhlizi məsələsi dayanır. Nəşr xatırladır ki, İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında ölkəsinin regionun tarixi sərhədlərində istənilən gərginliyə və ya dəyişikliyə qarşı çıxdığını, bu dəyişikliklərin qarşısının alınmasında effektiv rol oynamağa hazır olduğunu deyib.

Daha sonra dəhlizin Türkiyə və Azərbaycan üçün əhəmiyyəti araşdırılır: “İran hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqə onun Mərkəzi Asiyada təsirini zəiflədəcək və Türkiyənin regional istəklərini gücləndirəcək”.

İranın “eghtesaad24.ir” nəşri isə xatırladır ki, 3 tərəfli bəyanatın şərtlərinə görə, “Bakı hökuməti nəinki Dağlıq Qarabağ yaxınlığındakı 7 rayonu geri qaytardı, hətta eni 21 kilometr olan Nurdüz-Yerevan yolunun bir hissəsinə nəzarət edə bildi. Bu, İrandan Ermənistana malların daşınması üçün ənənəvi yerüstü tranzit yolu idi və birdən Bakı hökuməti öz yeni suverenliyindən istifadə edərək İran yük maşınlarının Qarabağa birbaşa yükdaşımalarının qarşısını almağa çalışdı”. Nəşrin təhlilində tez- tez Laçın və Zəngəzur dəhlizləri biri-biri ilə səhv salınır. Sonda İran KİV-lərinin illərdir gizli təlqin etməyə çalışdıqları fikir açıq şəkildə ifadə olunur: “İran dövlət adamları indi görürlər ki, onların şimal bölgəsində strateji müttəfiqi İlham Əliyev hökuməti deyil, Ermənistandır”.

“İranian diplomacy”dəki yazısında başabəla azərbaycanofob Akef Kazemi iddia edir ki, son günlər Azərbaycan ordusunun və “bu ölkənin ordu formasını geyinmiş təkfirçi qüvvələrin” Sünik (Zəngəzur), Qarabağ və Ermənistanın sərhədyanı rayonlarının bir hissəsi istiqamətində yeridilməsi ilə əlaqədar Azərbaycan və Ermənistan arasında üçüncü müharibənin başlanması ilə bağlı həyəcan təbili çalınır. Onun fikrincə, Qafqazda proseslərin yüksək sürətlə cərəyan etməsi, Amerika və Fransa da daxil olmaqla bir sıra aktorların hərəkətləri, Rusiyanın Qafqazdakı yaramaz davranışları və İran daxilində qurdpərəstlərin (azərbaycanlı milli fəallar nəzərdə tutulur-C.Q.) yenidən canlanması ölkəni çaşdırmağa hesablanıb, situasiyanı anlamağı çətinləşdirib. Kazemi, Qafqazdakı mövcud vəziyyəti və İranın bununla bağlı yanaşmasını izah etmək üçün bir neçə məqamı vurğulayır –demə, İlham Əliyev Azərbaycanın taleyini sionistlərə bağlayıb, “Zəngəzur dəhlizi” NATO-nun tələbidir, Rusiya Ukrayna savaşına görə bölgədən çəkilməyə məhkumdur. Amma dəhlizin reallaşması yolunda ən böyük əngəl İrandır. Ona görə də son vaxtlar İran daxilində xaos yaratmağa çalışırlar. Kazemi iddia edir ki, İranın qərar qəbuletmə mərkəzlərində nüfuz sahibi olan “alçaq qurdpərəst” Bakı və Ankara lobbiləri II Qarabağ müharibəsində olduğu kimi ölkədə konsensusun qarşısını almağa və üsyan planının həyata keçirilməsinə ümid edirlər. O, ABŞ-Ermənistan hərbi təlimlərinə etiraz edən iranlı fəalları da təhqir edərək onları “dişi canavarlar” adlandırır (yəni etiraz edənlərin türk-azərbaycan mənşəli olduqları üçün onların etnik mənşəyi təhqir olunur-C.Q).

Hər sətrində etnik nifrət qusan A.Kazemi sonda qeyd edir: “Qafqazda sabitliyin yaradılması İranın tarixi missiyasıdır. İşğalla mübarizə aparmaq üçün Çin regionda Sintsziyanın təhlükəsizliyinə təhdid yarada biləcək etnik dəhlizin formalaşması ilə bağlı xəbərdar edilməli, Hindistanın Ermənistanla əməkdaşlığının inkişafı təşviq olunmalıdır”.

Əvvəlki yazılarda məlumat verdiyimiz kimi, “Hammihan” qəzeti Daud Dəştaninin iki müəllif yazısında da İranın şimal-qərb sərhədlərində onun ərazi bütövlüyünə qarşı “sui-qəsd” hazırlandığını yazıb iddia edir ki, bütün iranlılar Türkiyə, Azərbaycan və İsrail tərəfindən edilən sui-qəsdə hazır olmalıdır. “Həmmihan”ın digər məqaləsində bildirilir ki, Azərbaycan və Türkiyə İsrailin təhriki - İranla Ermənistan arasında quru yolunu kəsməyə qərar versə, onda İranın yeganə variantı İsrailin illərdir düşündüyü planın qarşısını almaq üçün hərbi gücə əl atmaqdır.” İsrail milli münaqişələri qızışdırmaqla İranda təhlükəsizliyi pozmaq istəyir ki, bu da bütün iranlılardan qorxulu sui-qəsd qarşısında son dərəcə ayıq-sayıq olmaların tələb edir”. Yəni “İranian diplomacy” kimi” Hammihan” da İranın daxilinə azərbaycanlıların milli hərəkatını təhdid kimi gördüklərini gizlətmir, bu milli hərəkatın öz nəzərlərini şimala-Bakıya dikdiyini də etiraf edir.

Beynəlxalq məsələlər üzrə analitik kimi təqdim olunan Əlirza Təqvaniya İSNA-dakı müəllif yazısında Zəngəzur dəhlizinə qarşı ABŞ, İran və Rusiyanın ortaq mövqeyi olduğunu yazır, bundan istifadə etməyə çağırır.

Türk mediası da mövzuya geniş yer ayırır. “İndependent türkce” dəhlizin Türkiyə, İran, Rusiya və Azərbaycan üçün əhəmiyyətini, dövlətlərin bu yola yanaşmasının iqtisadi və tarixi köklərini araşdır.

MHP sədr müavini və Kayseridən parlamentin deputatı olan İsmail Özdemir sosial şəbəkə hesabında müzakirələrə münasibət bildirib. O yazır ki, Zəngəzur dəhlizi ssenari deyil, Azərbaycanın öz haqqıdır. Bu vəziyyəti geosiyasi dəyişiklik kimi şərh etmək pis niyyətli bir münasibətdir. Zəngəzur dəhlizi Azərbaycanın suveren hüququdur və mütləq həyata keçiriləcək. Bu reallığa qarşı duran və Azərbaycanı təhdid etməyə cəhd edən istənilən dairələr yaxşı bilməlidir ki, Türkiyə sona qədər Azərbaycanın yanında olacaq.

Türkiyəli analitik Ahmet Sandal isə “Anadolu” qəzetindəki təhlilində qeyd edir ki, Türkiyəyə İraq və Suriyada problem yaradan İran Zəngəzur dəhlizi məsələsində də bunu edəcək. Bu prosesin qarşısını almaq üçün İran müharibəyə də gedə bilər”. Sandal bildirib ki, İranla müharibə Türkiyənin xeyrinə olmayacaq və Ankara müharibənin olmaması üçün hər şeyi etməlidir: “Çünki bu müharibədə qalib İsrail və ABŞ olacaq. Türkiyə 200 ildir İranla vuruşmur. Bunu nəzərə almaq və İranla gərgin prosesdən uzaq durmaq lazımdır. Təbii ki, bütün bunlarla biz hələ də müharibəyə hazır olmalıyıq. Həm də təkcə İrana qarşı deyil, müharibə riski altında olan bütün ölkələrə qarşı hazır olmalıyıq”.

Türkiyə Milli Müdafiə Nazirliyinin media üçün açıqlmasında isə deyilir ki, Ermənistan təxribatları bir kənara qoyub sülh danışıqları və əməkdaşlığa diqqət yetirməlidir. Regional sülh və sabitliyə gedən yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bunun üçün Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

Cəmaləddin Quliyev, siyasi ekspert

0