Bakı Təhlükəsizlik Forumunun ƏHƏMİYYƏTİ

SİYASƏT
12:00 / 24.09.2026
282

“Bakı Təhlükəsizlik Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsində fəal iştirakını və müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi nümayiş etdirir”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, müasir dünyada təhlükələr artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır:


“Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, qanunsuz silah və narkotik dövriyyəsi, eləcə də yeni texnologiyalardan sui-istifadə halları ölkələrdən əlaqələndirilmiş fəaliyyət və operativ informasiya mübadiləsi tələb edir. Belə bir şəraitdə təhlükəsizlik qurumlarının təcrübə bölüşməsi, ortaq riskləri müzakirə etməsi və əməkdaşlıq mexanizmlərini inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır.

2026-cı il sentyabrın 22-də Bakıda işə başlayan IV Bakı Təhlükəsizlik Forumu bu baxımdan geniş beynəlxalq təmsilçiliyi ilə diqqət çəkir. Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin xüsusi xidmət və təhlükəsizlik qurumlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər”.

Həmsöhbətimiz qeyd edib ki, təxminən 600 yüksək vəzifəli nümayəndənin bir araya gəlməsi forumun miqyasını və təhlükəsizlik mövzularının beynəlxalq gündəmdəki aktuallığını göstərir: 
“Builki forumun “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorizmə qarşı səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr edilməsi də müasir təhdidlərin xarakterindən irəli gəlir. Forumun əhəmiyyəti yalnız iştirakçıların sayında və coğrafi əhatəsində deyil. Əsas məsələ müxtəlif ölkələrin təhlükəsizlik qurumları arasında birbaşa peşəkar dialoqun qurulması, mövcud təcrübələrin müqayisə edilməsi və ortaq problemlərə dair əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsidir. 

Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində vurğulandığı kimi, təhlükəsizlik artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll edilə bilən məsələ deyil. Bir regionda yaranan böhran digər ərazilərə də təsir göstərə, enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya əlaqələrinə və iqtisadi sabitliyə zərbə vura bilər. Buna görə də risklərin əvvəlcədən müəyyənləşdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və məlumat mübadiləsinin səmərəliliyinin artırılması mühüm zərurətə çevrilib”.

Millət vəkili diqqətə çatdırıb ki, Bakı Təhlükəsizlik Forumunun 2023-cü ildən etibarən keçirilməsi və hər il genişlənməsi onun davamlı beynəlxalq dialoq platforması kimi formalaşdığını göstərir: 
“2025-ci ildə keçirilən III Forumda təxminən 90 ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak etmişdi. Həmin forumun Bəyannaməsinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması da Bakı platformasında aparılan müzakirələrin beynəlxalq səviyyədə təqdim olunması baxımından əlamətdar hadisə idi. Azərbaycan üçün bu forum həm də təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa töhfə vermək, müxtəlif dövlətləri ortaq məsələlərin müzakirəsi ətrafında bir araya gətirmək imkanıdır. 

Bakı artıq enerji və nəqliyyat məsələləri ilə yanaşı, qlobal təhlükəsizlik gündəliyinin müzakirə olunduğu məkan kimi də çıxış edir. Forumun BMT-də təqdim edilməsi, daimi katibliyin yaradılması və onun institusional inkişafı istiqamətində görülən işlər bu platformanın gələcək fəaliyyətinin daha sistemli qurulmasına yönəlib. Bu gün təhlükəsizliyin təmin olunması yalnız mövcud təhdidlərə cavab vermək deyil, həm də onların yaranma səbəblərini və yayılma yollarını vaxtında müəyyənləşdirmək deməkdir”.


Onun sözlərinə görə, terrorçu şəbəkələrin rəqəmsal vasitələrdən istifadə etməsi, süni intellekt və digər müasir texnologiyaların həm təhlükəsizlik, həm də təhdid yaratmaq məqsədilə tətbiqi dövlətlər qarşısında yeni vəzifələr qoyur: 
“Bu problemlərin beynəlxalq müstəvidə müzakirəsi və təcrübə mübadiləsi onların qarşısının alınması üçün daha çevik yanaşmaların formalaşmasına kömək edə bilər. Bakı Təhlükəsizlik Forumunun əsas mesajı ondan ibarətdir ki, müasir dövrdə təhlükəsizlik ortaq məsuliyyət və birgə fəaliyyət tələb edir. 

Ölkələr arasında siyasi yanaşmalar fərqli olsa da, terrorizm və transmilli cinayətkarlıq kimi sərhəd tanımayan təhdidlər qarşısında dialoq kanallarının qorunması və əməkdaşlıq imkanlarının genişləndirilməsi hamı üçün əhəmiyyətlidir. Forumun Bakıda keçirilməsi Azərbaycanın bu dialoqa ev sahibliyi etmək və beynəlxalq təhlükəsizlik sahəsində qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə vermək istiqamətində atdığı addımlardan biridir”.

Elmir Mustafa

0