Avropa İttifaqı dünya arenasında kənar müşahidəçi vəziyyətinə düşüb.
HİT.az xəbər verir ki, “Bloomberg”in köşə yazarı Lionell Loran belə hesab edir.
Onun fikrincə, ABŞ və Çin liderlərinin süni intellekt, ticarət və qlobal qeyri-sabitliyi müzakirə etdiyi danışıqlar fonunda Avropaya onun müşahidəçi statusuna endirildiyi açıq şəkildə göstərilib. Bu vəziyyət uzun illər ərzində Avropanın müdafiə və texnologiyalar sahəsindəki çəkisinin potensialından xeyli aşağı qalmasından sonra yaranıb.
Köşə yazarı Kanadanın baş naziri Mark Karninin “orta güclər” adlandırılan ölkələrə ünvanladığı xəbərdarlığı xatırladıb: “Əgər biz masa arxasında oturmuruqsa, deməli, menyudayıq”.
Loranın sözlərinə görə, Aİ-nin ABŞ-ın hərbi texnikasından, xüsusilə “F-35” qırıcılarından asılılığı, öz texnoloji liderlərinin olmaması və üzv ölkələr arasında daxili fikir ayrılıqları Avropanın səsinin Yaxın Şərqdə eşidilməməsinə səbəb olub.
Bundan əlavə, Aİ Ukrayna ilə Rusiya arasındakı münaqişənin nizamlanmasına dair danışıqlara dəvət edilməyib. Müəllifin qeyd etdiyi kimi, Avropa həmçinin güclü ABŞ süni intellekt modellərinə çıxışın qəfil bloklanması halında faktiki olaraq aciz vəziyyətdə qalır.
Köşə yazarının qənaətinə görə, iqtisadi çəkisinə və siyasi ambisiyalarına baxmayaraq, Avropa İttifaqı qlobal gündəmin formalaşdırılmasında müstəqil rolunu itirib. Onun fikrincə, Aİ-nin öz daxilində parçalanması, eləcə də əsas strateji sahələrdə Vaşinqton və Pekindən xroniki asılılığı nəticəsində təşkilat beynəlxalq siyasətin subyekti deyil, obyektinə çevrilib.
Samir


