KİV: ABŞ-ın dizel ixracını qadağan etmək planları Aİ-də narahatlıq yaradıb

DÜNYA
17:27 / 24.09.2026
37

Avropa İttifaqı ABŞ-ın dizel yanacağının ixracını qadağan etmək planlarından narahatdır. Avropa Komissiyasının nümayəndəsi Olof Gill bildirib.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Avropa İttifaqı ilə ABŞ hökuməti arasında yüksək səviyyədə təmaslar davam edir. Yaxın tərəfdaşlar kimi, ümid edirik ki, ümumi bazarlarımıza təsir edən tədbirlər görülməzdən əvvəl bir-birimizlə məsləhətləşəcəyik”, deyə Gill bildirib.

O, tədarükün pozulmasının Atlantikanın hər iki tərəfindəki bazarlara mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

KİV daha əvvəl Vaşinqtonun aralıq seçkilərindən əvvəl yanacağın qiymətlərinin kəskin artması səbəbindən dizel ixracına 90 günlük qadağa hazırladığını bildirmişdi. Lakin ABŞ-ın energetika naziri Kris Rayt bu məlumatları təkzib edərək administrasiyanın məcburi qadağanı deyil, könüllü tədbirləri nəzərdən keçirdiyini açıqlayıb.

ABŞ-dan dizel ixracına qadağa Braziliya və Böyük Britaniya kimi ölkələri təcili olaraq alternativ yanacaq tədarükçüləri axtarmağa məcbur edəcək. Bu isə onsuz da rekord həddə yaxın olan qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. Sentyabr ayında ABŞ dizelinin ən böyük alıcısı əkin mövsümünün başlaması ilə əlaqədar Braziliya olub. Yanacağın digər beş əsas alıcısı arasında Çili, Meksika, Böyük Britaniya və Niderland da yer alır.

Yay aylarında ABŞ-dan dizel ixracı tarixi maksimuma çataraq sutkada təxminən 2 milyon barrel olub. Bununla yanaşı, daxili bazarda dizelin pərakəndə satış qiyməti bir qallon üçün 6,5 dolları keçib. Bu, inflyasiyanın artması ilə bağlı narahatlığı gücləndirib və xaricə satışın məhdudlaşdırılması çağırışlarına səbəb olub.

“S&P Global” analitikləri xəbərdarlıq ediblər ki, ABŞ-dan tədarükə getdikcə daha çox güvənən Avropa üçün dizel ixracına qadağa mənfi iqtisadi təsir göstərəcək və digər yanacaq növlərinin qiymətlərinin artmasına səbəb olacaq.

Samir
 

0