Prezident qəbullar keçirdi - YENİLƏNİB

SİYASƏT
18:15 / 13.05.2024
340

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

HİT.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

Xoş gəlmisiniz. Sizi görmək xoşdur. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm. Burada qonaqlarımızın iqlimlə bağlı mühüm məsələləri müzakirə etmələrini görmək çox xoşdur. Sizi konfransa dəvət etmək istəyirəm. Əlbəttə, ümidvaram ki, siz konfransın açılış mərasimində olacaqsınız. Beləliklə, bu, ikitərəfli gündəliyimizi, bizim birlikdə necə çalışa biləcəyimizi və bu ciddi iqlim çağırışı ilə bağlı sizi necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz. Bilirəm ki, Azərbaycanda geniş proqramınız və çoxlu görüşləriniz var. Əminəm ki, yaxşı təəssüratlarla geri dönəcəksiniz.

Tuvalunun general-qubernatoru Falani Tofinqa: Əlbəttə. Sabahınız xeyir, cənab Prezident. Mən Tuvalunu təmsil edirəm. Tuvalı hökumətinə göndərdiyiniz dəvəti böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Buna görə də gözəl paytaxtınız Bakı şəhərinə səfərim hökumətlərimiz - Azərbaycan hökuməti və mənim hökumətim arasında olan güclü diplomatik əlaqələrin aydın təzahürüdür.

Cənab Prezident, icazə verin, aşağıdakı təklifləri Sizin ali diqqətinizə çatdırım. Bunlar əsasən üç geniş sahəni əhatə edir. COP29 üçün bir nömrəli əsas prioritetlər. İtki və Zərər Fondunun fəaliyyətə başlaması. İqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması. İqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi.

Zati-aliləri, ölkələrimiz arasında diplomatik əlaqələri gücləndirmək üçün Tuvaluda adaptasiya layihəsinin maliyyələşdirilməsi məsələsi bizə layihənin nəticələrini COP29-da nümayiş etdirmək imkanını verəcək. Ölkələrimiz - gözəl Azərbaycan və kiçik ada ölkəsi olan Tuvalu arasında viza rejiminin aradan qaldırılmasını Sizdən xahiş edirik. Azərbaycan hökumətindən tələbələrə təqaüdlərin ayrılmasını xahiş edirik ki, bizim istedadlı gənclərimiz Sizin yüksək səviyyəli ali məktəblərinizə və digər texniki kolleclərə qəbul ola bilsinlər. Sonuncu məsələ, cənab Prezident, mən COP29-dan öncə Tuvaluya səfər etmək üçün bizim hökumətimiz adından dəvəti Zati-aliləri cənab Prezidentə çatdırıram. Vaxtınızı almayaraq, cənab Prezident, bir daha Sizə çox sağ olun demək istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau: Cənab Prezident, Tuvalunun general-qubernatorunun Sizə ünvanladığı minnətdarlığa qoşulmaq istəyirəm. Həmçinin təkcə mənə yox, eyni zamanda, nümayəndə həyətimizə Azərbaycan hökuməti tərəfindən göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident.

COP29 təkcə qlobal miqyasda yox, konkret olaraq bizim kimi kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olmalıdır. Cənab Prezident, yəqin bilirsiniz, iqlim dəyişikliyi sərhədlərə baxmır, kiçik və ya böyük ölkə olmasına baxmır. O, sadəcə, hamımıza təsir edir. Bu vəzifəni üzərinə götürdüyü üçün Azərbaycanı və xüsusilə Sizi təqdir edirəm. Bu, asan bir vəzifə olmayacaqdır. Biz burada olduğumuz müddətdə Sizin liderliyinizə və COP29-a sədrliyinizə dəstək olacağıq ki, bu COP-un daha da faydalı olması üçün yolları müəyyən edə bilək.

Mən çoxlu COP-larda iştirak etmişəm və bəzən biz özümüzə sual edirik, xüsusilə okeanın o tayında olduğumuzu nəzərə alaraq buraya gəlməyə dəyərmi? Buna görə Azərbaycanda keçiriləcək COP-da nələr etmək olar müzakirəsinə qoşulmaq üçün kiçik ada ölkələrinin cəlb edilməsi bizdə nəinki xoş təəccüb hissi doğurdu, biz bu addımı yüksək qiymətləndiririk. Hesab edirəm ki, təsir altında olan ölkələrin nöqteyi-nəzərindən biz nə kimi məsələləri nəzərdən keçirməliyik, burada - Azərbaycanda keçirilən COP-da prioritetlərin nədən ibarət olacağını müzakirə etmək irəliyə doğru atılan mühüm bir addımdır. Biz COP29 üçün sərgilədiyiniz cəsarət və sadiqliyi bir daha təqdir edirik və birlikdə işləyərək hətta biz - kiçik ada ölkələri COP29-u uğura çevirə biləcəyimizə və bu beynəlxalq foruma olan inamı bərpa edə biləcəyimizə inanırıq. Çünki biz iqlim dəyişikliyi haqda uzun müddətdir ki, danışırıq. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il biz müəyyən razılığa gələ bildik. Biz müəyyən bir prosesin olduğunu bilirik, lakin bu, çox uzun zaman aparır, xüsusilə bizim hamımızın iqlim dəyişikliyinin təsirini hiss etdiyimiz bir dövrdə. İnsanlar bu problem haqda danışır, lakin bəzilərimiz iqlim dəyişikliyinin təsirini hiss edir. Məsələn, dəniz səviyyəsinin qalxması. Biz dəniz səviyyəsinin qalxmasına görə sahilyanı ərazilərin geriyə çəkilməsini nəzərdən keçirirdik. Bundan əlavə, bizdə təbii fəlakətlər baş verir. Bizdə çox güclü siklonlar olur və məsələn, Tahada vulkan püskürməsi və sunami baş vermişdir. Bu hadisələr sahilyanı sərhədlərin geriyə çəkilməsini zəruri etdi və sahil mühafizəsi nöqteyi-nəzərindən bütün məsələni mürəkkəbləşdirdi.

Bu səbəbdən biz hökumətinizin COP29-dakı sədrliyi üçün sahillərin mühafizəsinə dair müzakirə mövzuları təklif etmək istərdik. Baham adalarının əvəzindən danışmaq istəməzdim, ancaq biz və hər halda Tuvalu da 99 faiz okeanla əhatə olunmuşuq, ərazimiz olduqca kiçikdir. Biz bəzən özümüzü böyük okean dövləti adlandırırıq. Ancaq reallıq ondan ibarətdir ki, bizim resursumuz və torpaq sahəmiz yoxdur, olan kiçik sahəni qorumaq üçün əlimizdən gələni etməliyik. Hər il Sakit Okean hövzəsi liderlərinin toplantısı təşkil olunur, 18 dövlətin rəhbərləri Liderlərin Forumu adlanan tədbirə toplaşırlar. Buraya Avstraliya və Yeni Zelandiya da daxildir. Bu il liderlər Tonqaya səfər edəcəklər.

Zati-aliləri, zənnimcə, bu, Sizin və ya COP-un prezidentliyinin nümayəndəsinin iştirakı üçün münasib məkan olacaqdır ki, orada COP29-a baxış təqdim edilsin və Sakit okean hövzəsinin kiçik ada dövlətlərinin dəstəyi əldə olunsun. Kiçik ada dövlətləri üçün əhəmiyyətli məsələlərin Sizinlə və nümayəndələrinizlə müzakirə edilməsi imkanına görə şadıq. Bəli, bizim Kiçik Ada Dövlətləri Alyansımız var və biz BMT çərçivəsində gündəliyin təşviqində yardımçı ola bilərik. Biz Sizi və ya nümayəndənizi avqust ayının sonuncu həftəsi Tonqada görməkdən şad olardıq. Orada Sakit okean hövzəsi liderləri ilə birbaşa müzakirə aparmaq imkanı olacaqdır. Biz Azərbaycanda keçiriləcək COP29-a qədər bir neçə ay ərzində Sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq. Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley: Apellyasiya Məhkəməsi hakimləri arasında belə bir ifadə var – onlar özləri qərarı qəbul etmək istəməyəndə deyirlər: mən bütün deyilənlərlə razıyam. Mən də sözlərimə bununla başlamaq istərdim. Hər ölkəyə gəldikdə vəziyyət eynidir. İlk növbədə, mən hazırda digər bir dövlət səfəri ilə bağlı burada ola bilməyən hörmətli Baş nazirimiz adından üzrxahlıq diləmək istərdim. Ancaq mənə tapşırılıb ki, bu işi öz üzərinizə götürdüyünüz üçün Sizə təşəkkürümüzü ifadə edim. Baş nazirimiz payızda COP29-da iştirak etmək üçün buraya səfər edəcəkdir.

Mən İtki və Zərər Fonduna maliyyə vəsaitlərinin cəlb olunması məsələsini xüsusilə qeyd etmək istərdim. Məni hava limanında qarşılayan həmkarlara söylədim ki, müvafiq maliyyə vəsaiti cəlb edildikdə Baham adaları sahillərinə yaxınlıqda ölkənizin adını daşıyacaq dalğaqıranın inşası belə mümkündür. Xəzər dənizində gördüyüm dalğaqıran məndə dərin təəssürat yaratdı. Mən uşaqlıqda Xəzər dənizi haqqında eşitmişdim. İndi isə onu şəxsən görmək mənə çox xoş oldu.

Ancaq burada Baş nazirin də qeyd etdiyi kimi, ciddi məsələ tropik siklonlarıdır. Beş il öncə baş vermiş yalnız bir qasırğa nəticəsində Baham adaları ümumi daxili məhsulun 30 faizini itirib və biz hələ də onun fəsadlarını aradan qaldırırıq. İtki və Zərər Fondunun maliyyə imkanları sayəsində nəhəng dalğaqıranların inşası nəzərdə tutulub. Baham adaları, ümumilikdə, Karib hövzəsi ölkələri üçün burada ən böyük çətinlik ondan ibarətdir ki, biz yüksək gəlirli ölkələr hesab edilirik. Çoxları isə bunu nəzərə almır ki, təbii fəlakətlər baş verir, ölkəyə ciddi ziyan dəyir və daha sonra güzəştli şərtlərlə maliyyə vəsaitlərinin cəlb edilməsi məsələsində problemlər yaranır. Bu səbəbdən biz, həmçinin beynəlxalq maliyyə təsisatları çərçivəsində bununla bağlı dəyişikliklərin edilməsi üzərində çalışırıq.

Ölkənizlə ikitərəfli əsasda diplomatik münasibətlər 2017-ci ilin mayında qurulub. Hazırda təklifimiz ondan ibarətdir ki, biz bunu daha irəliyə aparaq, indiki mərhələdə qeyri-rezident səfirlər təyin edək və Xarici İşlər nazirlikləri vasitəsilə viza tələbinin aradan qaldırılmasına nail olaq. Bizim bir sıra ölkələrlə belə sazişlərimiz var. Düşünürük ki, bu, münasibətlərimizin irəliyə doğru aparılması istiqamətində məqsədəuyğun addım olar. Bir sözlə, bir daha sadəcə qeyd etmək istəyirəm ki, bu məsələ ciddidir. Baş nazir onu ekzistensial məsələ adlandırır. Baham torpaqlarının 80 faizi dəniz səviyyəsindən cəmi bir metr hündürlükdədir. Ən yüksək nöqtə dəniz səviyyəsindən 206 fut təşkil edir. Yəni, çox da yüksək deyil.

Ötən il Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış etdikdən sonra orada “Səyahətçilər klubu” mənə bir təqdimat göstərdi. Təqdimatda əgər biz bu problemin qarşısını almasaq, 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilirdi. Adanın 30 faizi suyun altında qalacaq. 2100-cu ildə isə 70 faiz su altında qalacaq. Bu səbəbdən Baş nazir həmin məsələni bizim mövcudluğumuzla bağlayır. Ümid edirik ki, bu səfər məsələnin dərk edilməsini konkretləşdirəcək, bizə dəstək veriləcək və beləliklə, biz məsələnin həllində irəliyə doğru birgə gedə biləcəyik. Lakin qabaqlayıcı tədbirlərin görülməsi, itki və zərərlərin qarşısının alınmasının maliyyələşdirilməsi bir daha qeyd edilməlidir.

Səfərə dəvət etdiyinizə görə bir daha minnətdaram. Üzrlü hesab edin ki, Baş nazir özü gələ bilmədi. Sizinlə gələn aylar ərzində işin davam etdirilməsini səmimiyyətlə arzulayıram.

Prezident İlham Əliyev: Bir daha çox sağ olun. Ölkəmizə səfər etdiyinizə görə minnətdarıq. İkitərəfli gündəliyimiz və COP29 məsələləri barədə söhbət etmək üçün yaxşı fürsətdir. Bizə bu missiyanı təxminən 200-ə yaxın ölkənin yekdil qərarı ilə həvalə ediblər. Bu, Azərbaycana hörmət əlamətidir və həmçinin nəticələrə nail olacağımızın təzahürüdür. Bildiyiniz kimi, biz Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etdik. Sədrliyə də yekdil qərarla seçildik. Sədrliyimizi Uqandaya həvalə etdiyimiz zaman biz artıq nəzərəçarpan nəticələrə aid yaxşı təcrübənin əsasını qoyduq. Təsisatın inkişafı, o cümlədən COVID-19 kimi çətin vaxtlarda ehtiyacı olan dövlətlərə dəstək, bu məsələnin mümkün qədər yüksək səviyyəyə qaldırılması onların sırasındadır. Yəni, bizim təşəbbüsümüzlə Baş Assambleyanın xüsusi sessiyası təşkil edilmişdi.

Hazırda biz COP29-a sədrlik edirik və buna praktiki nöqteyi-nəzərdən yanaşırıq. Bilirik ki, bir çox müzakirələr, söhbətlər aparılıb, lakin nəticə çox olmayıb. Bizim mövqeyimiz isə hər zaman çox praktiki və praqmatik olub. Biz nəticələrə nail olmaq istəyirik. Konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Vəsaitlərin ayrılması üzərində fəal çalışırıq ki, həmin məsələlər həllini tapsın. Eyni zamanda, anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik.

Artıq dediyim kimi, hər kəs, o cümlədən Azərbaycan iqlim dəyişmələrindən əziyyət çəkir. Sizdə su artıqdır. Bizdə isə su azdır. Bizdə quraqlıq, sizdə isə dənizin ərazinizə daxil olması var. Bununla belə, hər bir ölkə problemlə üzləşir, lakin sizin üçün bu, mövcudluqla bağlıdır. Qlobal istiləşmədə böyük payı olan ölkələr isə bundan əziyyət çəkən ölkələrin maraqlarına və gündəlik tələblərinə göz yummalı deyillər. Qlobal istiləşməyə siz səbəb olmamısınız, biz səbəb olmamışıq. Bizim payımız, ola bilsin, mində birdir. Biz axı əziyyət çəkirik. Siz daha çox əziyyət çəkirsiniz. Mən bir daha sizi əmin edə bilərəm ki, biz təkcə sözdə deyil, o cümlədən işdə göstərəcəyik. COP29-un nəticəsi kimi Sizə maksimum gözəçarpan dəstəyin göstərilməsi üçün tərəfdaşlarımızla işləyəcəyik. Bizə gəldikdə, biz buna maliyyə töhfəsini verməyə hazırıq.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

14.18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

HİT.az xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirdi, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırlatdı.

Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd etdi, bunun özünü xüsusilə COVID19 pandemiyası zamanı göstərdiyini vurğuladı. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd etdi. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırdı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğuladı. Pandemiya dövründə COVID19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.

Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini dedi, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğuladı.

Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olundu.

11.46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

10.46

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

0