"Qərbi Azərbaycandan çətin şəraitdə deportasiya olunmuş yüzminlərlə azərbaycanlının ana vətənlərinə qayıdışı tarixi zərurətdir".
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qayıdış indiki şəraitdə beynəlxalq münasibətlər və geosiyasi vəziyyət nəzərə alınaraq bəzilərinə çətin kimi görünə bilər:
"Amma buna baxmayaraq Qərbi azərbaycanlılar öz ana vətənlərinə qayıdacaqlar. Bu, mütləq şəkildə baş verəcək. Azərbaycanın Ermənistan üzərində siyasi və hərbi zərərinin hüquqi cəhətdən tamamlanması zamanı Qərbi Azərbaycana qayıdış gerçəkliyə çevriləcək. Biz Ermənistanı siyasi, hərbi və diplomatik olaraq məğlub etmişik. Amma bu zəfər hüquqi müstəvidə də tamamlanacaq".
Ekspert vurğulayıb ki, Ermənistan 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur edildiyi kimi zəfərin hüquqi ifadəsi olan yekun sülh sazişini imzalamağa məcbur ediləcək:
"Həmin saziş imzalandıqdan sonra Ermənistan Azərbaycana vurduğu ziyanlara görə müxtəlif formalarda təzminat ödəməyə də məcbur ediləcək. Bu isə Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına imkan yaradacaq. Tarixdə öz torpaqlarından deportasiya edilmiş xalqların 50 və ya 100 ildə keçsə, vətənlərinə qayıtdığına dair çox sayda nümunə var.
Heç şübhəsiz ki, yüzminlərlə Qərbi azərbaycanlı öz yurdalarına qayıdacaqlar. Bizim üçün bunun nə zaman olacağı deyil, hədəfin özü daha vacibdir. Ona görə də Qərbi Azərbaycana böyük qayıdışın mütləq şəkildə gerçəkləşməsi üçün çalışmalıyıq".
Pərviz