Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
HİT.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı.
"Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd etdi.
Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirdi.
Səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.
Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini dedi. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Çin-Azərbaycan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin roluna toxunan Lu Mey Ümummilli Liderin zəngin irsinin əsasında ölkəmizin bu gün uğurla inkişaf etdiyini vurğuladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edildi.
Dövlətimizin başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.
Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunuldu və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edildi. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirildi və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulandı. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.