Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Ursula fon der Lyayen arasında mətbuata birgə bəyanat səsləndirilib.
Liderlər çıxışlarında bir sıra mühüm məsələlərə toxunublar. Prezident İlham Əliyev bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıblar:
“Beləliklə, faktiki olaraq sülh təmin edilib. Biz artıq bunun faydalarını görürük. Sülhün yalnız kağız üzərində qalmadığını, gündəlik həyatda da hiss olunduğunu nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atmışıq. Bu gün sülh artıq reallıqdır. Lakin onu möhkəmləndirmək, uzunmüddətli və davamlı etmək üçün ciddi səylər göstərməliyik”.
Qeyd edək ki, regionda Azərbaycanla Ermənistan arasında sülhün artıq real müstəviyə keçdiyi bir dönəmdə Brüsselin sabitliyə verdiyi birbaşa dəstək də olduqca mühümdür. Cənubi Qafqazda formalaşan bu yeni sülh reallığı Aİ ilə ikitərəfli əlaqələrin daha təhlükəsiz və regional logistik layihələrə əsaslanan uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymasını sürətləndirir.
Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında deyib ki, mövcud reallıqlar Ermənistanla Azərbaycan arasında münaqişə mərhələsinin artıq geridə qaldığını göstərir:

“Hazırda tərəflər öz aralarında rahat şəkildə dialoq qura bilirlər. Hətta üçüncü tərəfin vasitəçiliyinə də ehtiyac qalmayıb. Xüsusilə Ermənistan hakimiyyəti və cəmiyyətinin böyük əksəriyyəti sülhün qaçılmaz olduğunu qəbul edir. Azərbaycan tərəfində isə əvvəldən bu məsələdə problem olmayıb və gələcəkdə də olmayacaq. Ölkə rəhbərliyi də ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanla bütün şərtlər üzrə sülhə hazırdır. Məhz buna görə də dövlət başçısı bu fikri xüsusi vurğulayıb”.
Həmsöhbətimiz əlavə edib ki, eyni fikirləri hazırda Amerika ilə İran arasında aparılan danışıqlara aid etmək mümkün deyil:
“Tərəflər arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur və qarşılıqlı anlaşma mərhələsinə tam nail olunmayıb. Azərbaycan və Ermənistan isə artıq qarşılıqlı razılığa gəlib, sülh sazişinin mətni paraflanıb. Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edildikdən sonra ölkə rəhbərləri sülh müqaviləsini imzalayacaq və məsələ yekun həllini tapacaq. Bununla yanaşı, Azərbaycan xoşməramlı addımlar ataraq kommunikasiyaların mərhələli şəkildə açılmasına dəstək verir. Artıq iki ölkə arasında əməkdaşlığın ilk nümunələri də müşahidə olunur”.
Günel Cəlilova

