Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər inkişaf edir.
Ötən gün ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bu münasibətlərin daha da inkişaf etdirmək niyyətində olduqlarını bəyan edib:
“Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir”.
Qurumun rəhbəri əsas məqsədinin məhz Azərbaycanla əməkdaşlığı gücləndirmək olduğunu vurğulayıb. Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakı səfəri və səsləndirdiyi fikirlər Brüsselin regionda Azərbaycanın artan strateji çəkisinə verdiyi yüksək qiymətin növbəti göstəricisidir. Xüsusilə qlobal enerji təhlükəsizliyi və nəqliyyat-logistika dəhlizlərinin yenidən formalaşdığı hazırkı dövrdə tərəfdaşlığın möhkəmləndirilməsi hər iki tərəf üçün böyük iqtisadi və geosiyasi dividend vəd edir.
Avropa İttifaqının ən ali rəhbərliyi səviyyəsində ifadə olunan bu niyyət tərəflər arasında təkcə neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji və rəqəmsal ticarət kimi yeni istiqamətlərdə əməkdaşlığın sürətlənəcəyinə işarədir. Yüksək səviyyəli bu bəyanat Bakı və Brüssel xəttindəki münasibətlərin uzunmüddətli, sabit və qarşılıqlı maraqlara söykənən strateji xarakterini bir daha təsdiqləyir.
Siyasi şərhçi Ülviyyə Zülfiqar Hit.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı gücləndirmək niyyətini açıq şəkildə ifadə etməsi təsadüfi deyil:
“Son illər Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz üzərində yerləşməsi Avropa üçün təkcə enerji deyil, həm də nəqliyyat və logistika baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqının marağı yalnız enerji ilə məhdudlaşmır:
“Rəqəmsal bağlantılar, yaşıl enerji, Xəzər-Qara dəniz istiqamətində elektrik enerjisi layihələri və regional bağlantı təşəbbüsləri əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Brüsselin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi, yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda sabit və etibarlı tərəfdaşla işləmək strategiyasının tərkib hissəsidir.
Bu baxımdan, Ursula fon der Lyayenin səsləndirdiyi mesaj Avropa İttifaqının Azərbaycanı təkcə enerji təchizatçısı kimi deyil, regionun geosiyasi və iqtisadi baxımdan mühüm aktoru, uzunmüddətli strateji tərəfdaşı kimi qiymətləndirdiyini göstərir. Bu isə münasibətlərin gələcəkdə daha geniş sahələri əhatə edərək institusional xarakter alacağını göstərir”.
Elmir Mustafa



