ATƏT-in Minsk qrupu bu il buraxıla bilər? - RƏY

SİYASƏT
09:34 / 22.04.2025
67

"Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını sülh müqaviləsindən asılı vəziyyətə salınmasını təklif etməklə, əslində onun nə vaxt baş verəcəyini qeyri-müəyyən duruma salıb".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycan birmənalı şəkildə ATƏT-in Minsk qrupununun buraxılması ilə bağlı birgə bəyanatın imzalanması variantını təklif edib:

"Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün bunu çox vacib şərt kimi ortaya qoyub. Eyni zamanda, Ermənistan Konstitusiyanının dəyişdirilməsini də tələb edib. Lakin rəsmi İrəvan bu aydın məsələlərin həllində müxtəlif variantların üzərində oynamaqda davam edir. Ermənistan sülh müqaviləsi ilə eyni gündə tərəflərin Minsk qrupunun buraxılması ilə bağlı bəyanatının imzalanmasını təklif edib". 

371754

Ekspert qeyd edib ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan isə bir qədər də irəli gedərək 10 dəqiqəlik fərqlə bunu imzalamağı gündəmə gətirib:

"O, guya öz aləmində təkmilləşdirib ki, sülh müqaviləsinin imzalanması ilə Minsk qrupunun buraxılması barədə bəyanatı 10 dəqiqə fərqlə eyni gündə imzalamaq mümkündür. Hərçənd ki, bu gün sülh müqaviləsinin imzalanmasında Ermənistanın özü hazır deyil. 

Bununla bağlı Azərbaycanın çox vacib və müstəsna şərtlərindən biri Konstitusiyasının dəyişdirilməsidir. Lakin Ermənistanda bununla bağlı hansısa işartı görünmür. İrəvanda sadəcə müəyyən loyal bəyanatlar səsləndirilsə də, konkret olaraq prosesə başlamayıblar". 

Aydın Quliyevin sözlərinə görə, sülh müqaviləsinin bu il içərisində imzalanmasının özü qeyri-müəyyəndir:

"Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması ilə sülh müqaviləsinin imzalanmasını eyni vaxtda həyata keçirmək istəyir. Halbuki, sülh müqaviləsinin cari ildə imzalanması gözlənilmir. Belə şəraitdə Minsk qrupunun 2025-ci ildə buraxılacağı da inandırıcı deyil".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanın ritorik oyunları belə dəqiq məsələlərlə bağlı konkret fikir söyləməkdə böyük çətinlik yaradır: 

"Bəlkə də, Minsk qrupu bu il buraxıla bilər. Amma onun baş verməsi üçün Ermənistan yanaşmasını dəyişməli və Azərbaycan kimi sülh müqaviləsinin imzalanmasından xeyli əvvəl ATƏT-in Minsk qrupunun buraxılması barədə bəyanatın imzalanmasına razılıq verməlidir. Həmçinin, Ermənistan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu göstərmək üçün Konstitusiyasını da dəyişməlidir".

Pərviz

0