"Azərbaycan-Çin münasibətlərinin təməli 33 il əvvəl qoyulub".
Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, həmin dövrdən indiyə qədər hər iki dövlət əməkdaşlıq prinsiplərinə xüsusi önəm veriblər:
"Əsasən də son illərdə Azərbaycanla Çin arasında əməkdaşlıq prinsipləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə həm Bakı, həm də Pekin üçün önəmli hadisədir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıyır, dəstəkləyir".
Ekspertin sözlərinə görə, Azərbaycanın zəfər qazandığı 44 günlük Vətən müharibəsində Çinin haqqın yanında olması həm də ölkəmizin ərazi bütövlüyünə qoyulan hörmət idi:
"Bu da tərəflər arasındakı siyasi münasibətlərin əsas dayaqlarından biri hesab olunmalıdır. Məhz elə bu qarşılıqlı hörmətin nəticəsidir ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən dövlətlərin arasında aktiv iştirakçılardandır.
Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çin üçün Orta dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya çıxış baxımından strateji əhəmiyyət daşıyır. Burada da ölkəmizin oynadığı rol əvəzedilməz və danılmazdır".
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan Çinə neft və neft məhsulları ixrac edən ölkələrdən biridir:
"Eyni zamanda, Çin şirkətləri ölkəmizdə bir sıra infrastruktur layihələrində iştirak edir. Xüsusən də logistika baxımından Çin mallarının Avropaya daşınmasında Azərbaycanın ərazisi əsas tranzit marşrutlarından biri kimi önplandadır.
Ölkəmizin Çin kimi nəhəng bir dövlətlə münasibətlərinin qarşılıqlı hörmət, iqtisadi maraqlar və regional əməkdaşlıq çərçivəsində qura bilməsi Azərbaycanla yanaşı, bölgəmiz üçün də müsbət hal kimi qiymətləndirilməlidir. İki dövlət arasında siyasi, iqtisadi və enerji sahəsində baxışların üst-üstə düşməsi Bakı ilə Pekin arasındakı münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir".
Pərviz