Təyyarələrdə əl yükünün çəkisi və ölçüləri aviaşirkətlərdən və biletin növündən asılı olaraq dəyişir. Mütəxəssislər bildirirlər ki, bu məhdudiyyətlərin səbəbi yalnız əlavə ödənişlər deyil, həm də uçuş və sərnişin təhlükəsizliyidir.
HİT.az xəbər verir ki, aviasiya təhlükəsizliyi üzrə tədqiqatçı, keçmiş pilot əl yükünə qoyulan məhdudiyyətlərin əsas səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, hər bir təyyarənin təhlükəsizlik baxımından aşılmaması lazım olan maksimal qalxma çəkisi var. Bu göstəriciyə təyyarənin öz çəkisi, yanacaq, yük, ekipaj, sərnişinlər və onların baqajları daxildir.
Kiçik təyyarələrdə sərnişin sayının az olduğu hallarda insanların faktiki çəkisinin hesablanması tələb oluna bilər. Hətta bəzi hallarda sərnişinlərdən baqajları ilə birlikdə tərəzidə çəkilmələri istənilir. Böyük təyyarələrdə isə adətən sərnişinlərin orta çəkisindən istifadə edilir.
Keçmiş pilotun sözlərinə görə, 1998-ci ildə bir sərnişin üçün hesablanan standart çəki 77 kiloqram olub. Sonrakı illərdə insanların orta çəkisinin artması ilə bu göstəricilər də yenilənib. Məsələn, 150-299 sərnişin tutumlu təyyarələr üçün hesablamalarda yetkin kişi üçün 81,8, qadın üçün isə 66,7 kiloqram götürülür. Əl yükü üçün isə ayrıca orta hesabla 7 kiloqram nəzərdə tutulur.
Aviaşirkətlərin fərqli əl yükü qaydaları tətbiq etməsinin səbəblərindən biri də onların müəyyən hallarda öz çəki standartlarından istifadə etmək üçün icazə ala bilməsidir.
Mütəxəssislər ağır əl yükünün bələdçilər üçün də əlavə risk yaratdığını bildirirlər. Çantaların üst baqaj bölmələrinə qaldırılması zamanı ekipaj üzvlərində bel və digər xəsarətlər yarana bilər.
Bundan başqa, iri və ağır çantalar sərnişinlərin təyyarəyə minməsi prosesini ləngidir. Baqajların yerləşdirilməsi üçün daha çox vaxt tələb olunur və bu da salonda sıxlığın yaranmasına, nəticədə reysin gecikməsinə səbəb ola bilər.
Əl yükünün həddindən artıq çox olması fövqəladə vəziyyət zamanı daha ciddi problem yarada bilər. Sərnişinlərin təxliyə zamanı əşyalarını götürmək üçün dayanması insanların təyyarədən çıxışını ləngidə bilər. Buna görə də aviasiya mütəxəssisləri sərnişinlərə səfər zamanı mümkün qədər az və qaydalara uyğun baqaj götürməyi tövsiyə edirlər.
Samir


