Aİ-dən Azərbaycan-Ermənistan normallaşmasına yüksək qiymət

SİYASƏT
15:11 / 14.08.2026
42

Avropa İttifaqı (Aİ) 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanmasından sonrakı il ərzində ticarət və tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, eləcə də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsini mühüm nəticələr hesab edir.

Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin Xarici Fəaliyyət və Təhlükəsizlik Siyasəti Xidmətinin (EEAS) mətbuat katibi Anita Hipper bildirib.

"2025-ci il avqustun 8-də sülh sazişi layihəsinin paraflanması və sülh prosesi üzrə birgə bəyannamənin imzalanması Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması yolunda tarixi addımlar oldu", - EEAS-ın mətbuat xidmətinin rəhbəri deyib.

Hipperin sözlərinə görə, o vaxtdan bəri tərəflər hər iki ölkəyə fayda gətirən mühüm irəliləyiş əldə ediblər. Aİ-də xüsusilə ticarət və tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, saxlanılanların azad edilməsini, eləcə də "Sülh körpüsü" (Peace Bridge) təşəbbüsü çərçivəsində iki ölkə nümayəndələri arasında əlaqələrin genişləndirilməsini qeyd ediblər.

Bununla yanaşı, Brüssel əldə olunmuş razılaşmaların icrasının davam etdirilməsini və sülh müqaviləsinin imzalanması və ratifikasiyasının təmin edilməsini vacib hesab edir.

Hipper qeyd edib ki, Aİ həmçinin bağlantı, ticarət və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi kimi münasibətlərin normallaşdırılması üzrə praktiki addımların davam etdirilməsini dəstəkləyir.

O əlavə edib ki, sərhədin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi, humanitar məsələlərin həlli və o cümlədən cəmiyyətlər səviyyəsində barışıq istiqamətində işlərin aparılması da eyni dərəcədə vacib olaraq qalır.

"Aİ bütün bu sahələrdə əlavə dəstək və ekspertiza təqdim etməyə hazırdır", - Aİ-nin nümayəndəsi bildirib.

Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin paraflanması 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən sammitdə baş tutub.

0