Zəngəzur dəhlizi Naxçıvanın geostrateji əhəmiyyətini ARTIRACAQ

SİYASƏT
16:00 / 17.08.2026
337

“Zəngəzur dəhlizi bütün dünyanın əlaqələr sistemini, münasibətlərini və logistikasını dəyişən bir layihədir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının da strateji əhəmiyyətini artıracaq:


“Cənab Prezident İlham Əliyevin Naxçıvana səfəri və oradan verdiyi mesajlar da təsadüfi deyildi. Dövlətimizin başçısı Naxçıvanın dünyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini dedi.

Bu, çox mühüm məna kəsb edir. Çünki başqa ölkələr də çox şəhəri mərkəzə çevimək istəyirlər. Lakin əsl qovşaq Azərbaycan və onun bir hissəsi olan Naxçıvandır. Ümumiyyətlə, Naxçıvanın çox böyük strateji əhəmiyyəti var”. 

Siyasətçi qeyd edib ki, bu gün dünyada əlaqələr, qovşaqlar, nəqliyyat vasitələri həddindən artıq böyük əhəmiyyətə malikdir: 
“Hörmüz boğazı və Bab əl-Məndəb boğazı ətrafında gedən mübarizələr təsadüfi deyil. Başqa istiqamətlərdə də əhəmiyyətli boğazlar və nəqliyyat dəhlizləri var ki, onların ətrafında da mübarizə gedir. Lakin Zəngəzur dəhlizi və Naxçıvanın oradakı rolu Azərbaycanın dünyaya verdiyi bir töhfədir.

Əminliklə demək olar ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan mərkəzə çevriləcək. Azərbaycan Prezidenti də artıq ona işarə edir ki, Naxçıvan artıq əlahiddə bir ərazi olmayacaqdır. Zəngəzur dəhlizi ilə açılandan sonra Naxçıvan tam şəkildə Azərbaycanın əsas hissəsinə bitişik bir ərazi olacaq”.

Partiya sədri diqqətə çatdırıb ki, bütün yollar Naxçıvandan keçəcək:
“Məsələn, Orta dəhliz Çindən, Yaponiyadan başlayır və Azərbaycandan keçir. Yəni Zəngəzur dəhlizi ilə Naxçıvandan keçərək Türkiyəyə, oradan da bütün dünyaya gedəcək bir yoldan bəhs edirik. Təbii ki, belə bir strateji qovşaq olduqca əhəmiyyətlidir.

Tezliklə Naxçıvanın, dolayısı ilə Azərbaycanın yüksəliş illəri başlayacaq. Bütün dünya görəcək ki, Naxçıvan həqiqətən də həm nəqliyyat mərkəzi, həm iqtisadiyyat mərkəzi olacaq. Hətta hesab edirəm ki, Naxçıvan azad bir iqtisadi zona olacaq, bütün dünya orada gəlib birləşəcək. Bu isə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsini verəcək”.

Elmir Mustafa

0