“Türk Söhbəti”nin yeni bölüm qonağı Batman Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, politoloq, professor Yusuf Çınardır.
Onunla son günlər dünya gündəmində olan Rusiyanın Ukraynaya taktiki nüvə silahı istifadə edə biləcəyi və Böyük Britaniyanın hədəf alınma ehtimalları barədə müzakirə apardıq. Həmçinin, professorla “Rusiyanın hansısa NATO ölkəsinə hücum etməyə hazırlaşır” xəbərləri ətrafında da söhbət etdik:
- Yusuf müəllim, son zamanlarda Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcəyi iddia olunur. Sizcə, Rusiya həqiqətən bu addımı ata bilərmi?

- Bəli, Rusiya öz milli maraqları çərçivəsində taktiki nüvə silahından istifadə ehtimalını gündəmə gətirə bilər. Hər nə qədər bu ehtimal yüksək görünməsə də, sahədəki proseslər Kremlin niyyətlərinin daha aydın şəkil almasına səbəb olur. Hərçənd ki, taktiki nüvə silahlarının tətbiqinin böyük insan tələfatı ilə yanaşı, ciddi radioloji təsirlərə də səbəb olması mümkündür.
Bundan əlavə, taktiki nüvə silahından istifadə müharibənin daha geniş bir coğrafiyaya yayılması və münaqişənin müxtəlif aktorları birbaşa özünə çəkməsi riskini yarada bilər. Lakin mövcud şəraitdə Rusiyanın belə bir riskə getmə ehtimalı çox aşağıdır.
Buna rəğmən, Rusiyanın işğal etdiyi ərazilərin ABŞ və Avropa ölkələrinin dəstəyi ilə Ukrayna tərəfindən yenidən geri alınması Moskva baxımından strateji bir sınma nöqtəsi təşkil edə və Kremlin taktiki nüvə silahından istifadə variantını dəyərləndirmə ehtimalını artıra bilər.
- Bu ehtimal reallaşarsa Rusiyaya qarşı da nüvə silahı istifadə oluna bilər?
- Nüvə silahlarının dövlətlər tərəfindən əldə edilməsinin əsas səbəblərindən biri onların sahib olduğu yüksək çəkindiricilik qabiliyyətidir. Nüvə silahları istifadə edilməsə belə, qarşı tərəf üzərində strateji və psixoloji təzyiq yaratmaq imkanı verir.
Rusiyanın Ukrayna müharibəsində taktiki nüvə silahından istifadə etməsi və bunun Donald Trampın dövrünə təsadüf etməsi halında, ABŞ-nin bu hadisəyə necə reaksiya verəcəyi qeyri-müəyyəndir. Düşünürəm ki, Tramp administrasiyasının ABŞ-nin keçmişdə böyük güc və hegemon aktor kimliyi çərçivəsində verdiyi reaksiyalardan fərqli bir yanaşma nümayiş etdirməsi ehtimalı gözardı edilməməlidir.
- Bəs Kremlin mövqeyi necədir?

- Rusiya baxımından yanaşdıqda, xüsusən Avropa ölkələrinin Ukraynaya göstərdiyi hərbi və siyasi dəstək Moskva tərəfindən getdikcə daha böyük bir təhdid kimi qəbul edilə bilər. Xüsusilə Böyük Britaniyanın Ukraynanın silahlanmasına verdiyi dəstək Rusiya tərəfindən ciddi narahatlıq mənbəyi kimi qiymətləndirilir.
Belə olan halda Rusiyanın çəkindiricilik qabiliyyəti son dərəcə yüksək olan taktiki nüvə silahından istifadə hədəsi vasitəsilə yalnız Ukraynanı deyil, eyni zamanda NATO ölkələrinin verəcəyi reaksiyanı da ölçməyi hədəfləyə bilər. Hətta Moskva yüksək risk ehtiva edən belə bir həmlə ilə NATO-nun 5-ci maddəsinin praktiki olaraq necə tətbiq olunacağını test etməyi belə nəzərdən keçirmə ehtimalı ortaya çıxır.
Lakin belə bir cəhdin nəzarətdən çıxan gərginlik prosesini bərabərində gətirə biləcəyi və regional münaqişənin müharibə həddini aşaraq daha genişmiqyaslı, hətta qlobal müharibəyə çevrilmə riskini artıracağı unudulmamalıdır. Bu səbəbdən Rusiyanın taktik nüvə silahı variantına yönəlməsi yalnız müharibənin gedişatında çox geniş ərazi itkiləri ilə üzləşməsi və konvensional hərbi gücü ilə mövcud nailiyyətlərini qoruya bilməyəcəyinə dair ciddi bir rəyin formalaşması halında daha ehtimallı ola bilər.
- Sizin də vurğuladığınız kimi, hazırda Rusiya və Böyük Britaniya arasında da gərginlik var. Ötən həftə Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Böyük Britaniyanı vurmaqla hədələdi. Bəs bu ssenarinin gerçəkləşmə ehtimalı nə qədərdir?

- Məncə, Rusiya NATO daxilindəki fikir ayrılıqlarını dərinləşdirməyi və xüsusilə Avropa ölkələri üzərindən alyans daxilindəki birlik və həmrəyliyi zəiflətməyi hədəfləyə bilər. Bəlkə də Moskva ABŞ-nin Ukraynaya hərbi və iqtisadi dəstəyini uzunmüddətli dövrdə eyni səviyyədə saxlamasını mümkün görmür. Xüsusilə Tramp dövründə Ukraynanın müqavimətini dəyərləndirən Rusiya baxımından, bu müqavimətin arxasındakı əsas aktorun ABŞ rəhbərliyindən daha çox Böyük Britaniya olduğu fikri ön plana çıxır.
Rusiyanın perspektivindən baxıldıqda, Böyük Britaniya NATO daxilində Ukraynanın silahlandırılması və işğal olunmuş ərazilərin geri alınması istiqamətindəki mübarizəsinin beynəlxalq aləmdə dəstəklənməsi məsələsində daha qətiyyətli mövqe nümayiş etdirən aktorlardan biri kimi dəyərləndirilə bilər. Moskvanın Britaniyanın bu güclü mövqeyinin Qərbin Ukrayna məsələsi ilə bağlı danışıqlar mövqeyinə birbaşa təsir etdiyini və Rusiyanın işğal etdiyi ərazilərin beynəlxalq hüquq baxımından qanuni qəbul edilməməsində mühüm rol oynadığını düşünmə ehtimalı var.
- Onda məqsəd nədən ibarətdir?
- Kremlin məqsədi Böyük Britaniyanı NATO daxilindəki fikir ayrılıqlarının mərkəzinə yerləşdirməyə və ABŞ ilə Avropa ölkələri arasındakı yanaşma fərqlərini daha qabarıq etməkdir. Böyük Britaniyanın təcavüzkar və ekspansionist siyasətlərə qarşı tutumu tarixi təcrübələrdən də əhəmiyyətli dərəcədə təsirlənir.
İkinci Dünya Müharibəsindən əvvəl Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen tərəfindən faşist Almaniyasına qarşı yürüdülən yumşaltma siyasəti təcavüzkar bir dövlətin tələblərinin müəyyən dərəcədə qəbul edilməsi yolu ilə sülhün qorunmasını hədəfləyən diplomatiya anlayışına əsaslanırdı.
Lakin bu siyasət faşist Almaniyasının işğalçı siyasətinin qarşısını ala bilmədi və nəticədə Avropada qalıcı sülhün bərqərar olunmasını təmin etmədi. Bu tarixi təcrübə günümüzdə Böyük Britaniyanın Rusiyaya qarşı daha kəskin və qətiyyətli siyasət yürütməsinin arxasında duran mühüm tarixi istinadlardan biri kimi qiymətləndirilə bilər.
- Rusiyanın digər ölkələrdəki Böyük Britaniya bazalarını hədəf alması NATO ilə müharibəyə səbəb olarmı?

- İndiki şəraitdə Rusiyanın birbaşa Böyük Britaniya bazalarını hədəf alması ehtimalı sıfıra bərabərdir. Ancaq Moskvanın Böyük Britaniyaya və digər NATO ölkələrinə qarşı kiberhücumlar və proksi qüvvələr vasitəsilə həyata keçirilə biləcək hücumlar kimi asimmetrik üsullara daha çox əl atması ehtimal daxilindədir. Rusiyanın Ukrayna ilə birbaşa müharibə vəziyyətində olduğu bir vaxtda münaqişə zonasını genişləndirərək NATO ölkələri ilə açıq hərbi qarşıdurmaya yönəlməsi strateji baxımdan inandırıcı görünmür.
Yəni Rusiyanın əsas yanaşmasının NATO ilə birbaşa və əhatəli bir münaqişəyə girməkdənsə, müəyyən aralıqlarla alyans daxilindəki ölkələr arasında fikir ayrılıqlarına səbəb ola biləcək nəbz yoxlama və məhdud gərginlik siyasəti yürütmək olduğu qənaətinə gəlmək olar. Moskva böhran səviyyəsini vaxtaşırı artıraraq NATO ölkələrinin Ukraynaya siyasi, hərbi və iqtisadi dəstəyinin davamlılığını sınamağı və alyans daxilindəki həmrəyliyi zəiflətməyi hədəfləyə bilər.
Rusiya baxımından uzunmüddətli məqsəd NATO ilə birbaşa müharibəyə girməkdən çox nəzarətdə saxlanılan gərginliklər və müxtəlif sahələrdəki təzyiq vasitələri ilə alyansın Ukrayna məsələsindəki siyasi iradəsini və dözümlülüyünü zəiflətmək ola bilər. Böhranın müəyyən dövrlərdə kəskinləşdirilməsi alyans ölkələri arasında risk qavrayışının və Ukraynaya göstərilən dəstəyin xərclərinə dair fikir ayrılıqlarının artmasına səbəb olma ehtimalı var.
Ona görə də Moskvanın strategiyasının Ukrayna məsələsində NATO ölkələrinin dəstəyini tamamilə aradan qaldırmaqdan daha çox, zaman keçdikcə bu dəstəyin davamlılığını və siyasi qətiyyətini zəiflətməyə yönəldiyini iddia etmək olar.
- Son günlərin ən çox müzakirə olunan iddialarından biri də Rusiyanın hansısa NATO ölkəsinə hücum etmək istəməsidir. Polşa, Estoniya və Finlandiyanın adı çəkilir. Məqsədin NATO-nun reaksiyalarını sınamaq olduğu bildirilir. Necə düşünürsünüz, Putin həqiqətən bu gedişi edər? Bu, Rusiya – NATO müharibəsinə gətirib çıxarmazmı?
- Rusiyanın əsas məqsədinin keçmiş Sovet İttifaqını yenidən bərpa etmək olduğu fərziyyəsindən çıxış edilsə, ilk növbədə ideoloji bloklaşma dövrünün böyük ölçüdə başa çatdığı və günümüzün beynəlxalq sisteminin Soyuq müharibə dövründən fərqli dinamikalara malik olduğu qeyd edilə bilər. Rusiyanın yalnız hərbi güc potensialına arxalanaraq yenidən böyük bir güc sahəsi yaratmaq axtarışına girməsi halında qarşısında NATO kimi güclü bir müdafiə alyansının dayandığının fərqində olduğu söyləmək mümkündür.
Bununla belə, Rusiyanın Polşa, Estoniya və Finlandiya kimi ölkələri hədəf ala biləcəyinə dair təhdid qavrayışını canlı saxlaması Moskva baxımından fərqli bir strateji məqsədə xidmət edə bilər. Rusiya adıçəkilən ölkələrə yönəlik təhdid qavrayışını artıraraq NATO ölkələrinin diqqətini Ukraynadan öz milli təhlükəsizliklərinə yönəltməyi və Kiyevə verilən dəstəyin siyasi davamlılığını zəiflətməyi hədəfləmə ehtimalı böyükdür.
Başqa sözlə, Moskva birbaşa işğal həyata keçirməkdənsə, belə bir ehtimalın gündəmdə olması təəssüratından istifadə edərək NATO ölkələri üzərində psixoloji və siyasi təzyiq yaratmağı məqsəd qoya bilər. Lakin bu strategiyanın Rusiya baxımından paradoksal nəticələr doğurmaq potensialı da var.

Rusiyanın təhdid qavrayışını daima canlı saxlaması NATO daxilində parçalanmanı təşviq etmək əvəzinə, alyans həmrəyliyinin güclənməsinə və Avropa ölkələrinin müdafiə qabiliyyətini artırmasına səbəb olur. Avropanın Rusiya mənbəli təhlükəsizlik narahatlıqlarının artması qitənin yenidən silahlanmasını sürətləndirməklə yanaşı, eyni zamanda ABŞ-nin Avropa təhlükəsizlik arxitekturasındakı rolunu möhkəmləndirir.
- Yəni siz bu ehtimalın reallaşacağına inanmırsınız?
- Xeyr, inanmıram. Çünki Rusiyanın təcavüzkar tutumu Avropanın təhlükəsizlik sahəsində ABŞ-dən asılılığını azaltmaq əvəzinə, müəyyən dərəcədə davam etdirən bir nəticə ortaya çıxarır. Digər tərəfdən, Almaniyanın müdafiə potensialını əhəmiyyətli dərəcədə artırma və yenidən silahlanma istiqamətindəki siyasəti 2030-cu ilə qədər Avropadakı təhlükəsizlik balansının yenidən formalaşmasına gətirib çıxara biləcək mühüm bir inkişaf kimi qiymətləndirilə bilər.
Dolayısı ilə Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasındakı hərbi toqquşmadan kənar, Avropanın təhlükəsizlik memarlığını və güc balansını uzunmüddətli dövrdə dəyişdirə biləcək bir prosesə təkan verib. Mövcud şərtlər daxilində müharibənin qısamüddətli dövrdə tamamilə dayandırılması və ya qalıcı şəkildə dondurulması çətin görünür.
Bununla belə, toqquşmanın birbaşa Rusiya-NATO müharibəsinə çevrilməsi də, xüsusilə tərəflərin hərbi potensialı, nüvə çəkindiriciliyi və belə bir münaqişənin yaradacağı yüksək xərclər nəzərə alındıqda, qısamüddətli dövrdə aşağı ehtimallı ssenari kimi dəyərləndirilə bilər. Bu səbəbdən qarşıdakı dövrdə əsas riskin birbaşa Rusiya-NATO müharibəsindən daha çox nəzarətdə saxlanılan gərginliklərin, hibrid hücumların, proksi qüvvələrin və qarşılıqlı çəkindiricilik siyasətlərinin getdikcə intensivləşməsi olduğunu deyə bilərik.
Elmir Mustafa

