“Türk Söhbəti”nin növbəti qonağı beynəlxalq məsələlər üzrə ekspert Seval Baldır.
Onunla ABŞ-İran müharibəsi, Hörmüz boğazı ətrafındakı gərginlik, İranla Qətər arasındakı əsir pilot krizi barədə danışdıq. Həmçinin, İranın yeni ali dini lideri Müctəba Xamenei barəsindəki iddiaları da müzakirə etdik.
Müsahibəni təqdim edirik:
- Seval xanım, ABŞ və İran nə üçün uzun müddətdir yekun sülh sazişi ilə bağlı razılığa gələ bilmir?

- Artıq altıncı ayına daxil olan müharibənin müddətini təxmin etmək mövzusunda Vaşinqton səhvə yol verib. Pentaqonun qərar qəbul edənləri İranda rejimin ləğvi planının liderin öldürülməsi ilə dərhal və asanlıqla həyata keçiriləcəyi tezisinin işə yaramadığını etiraf etdilər. Mövcud vəziyyət gözləntiləri qəti qələbə xəttində saxlayır və razılaşmada güzəştə getmək elastikliyini məhdudlaşdırır.
İlk növbədə ABŞ rəhbərliyi İranın uranın zənginləşdirilməsi proqramını diqqətlə izləyir, ehtiyatların əridilməsini şərt qoyur. ABŞ İsraillə birlikdə İranın nüvə silahlarının istehsalının həmişəlik qarşısının alınması tərəfdarıdır. İran isə sülhməramlı nüvə hüquqlarının davam etdirilməsini tələb edir. Onlar, 2015-ci ildəki razılaşmaya bənzər bir modelə müsabət baxırlar.
Xüsusilə, Hörmüz boğazının nəzarəti toqquşma başladıqdan etibarən geosiyasi həssaslıqla yanaşı strateji bir alver vasitəsinə çevrilib. Neftin beşdə birinin keçdiyi bu koridor indi təhlükəsizlik riski səbəbindən məhdud keçidə səhnə olmaqdadır. Bu vəziyyət başda Səudiyyə Ərəbistanı olmaqla təsirlənən Körfəz ölkələrinin alternativ planlarını sürətləndirməsinə səbəb olub. İran blokadanın qaldırılmasını və nəzarətin sahibi olaraq qalmağı istəyərkən, ABŞ Hörmüzdə sərbəst keçid və suveren güc olmağı tələb edir.
- Digər səbəblər nələrdir?

- İranla razılaşmanın gecikməsinin digər bir səbəbi ABŞ-nin dondurulmuş aktivləri qaytarılmamasıdır. Rəsmi Tehran müharibə təzminatı və yenidənqurmada yardım istəyir. ABŞ isə üstünlüyü nüvə planının ləğvinə verib. Lakin indi boğazın açılması da bir o qədər müzakirə olunmağa başlayıb. Razılaşmanın baş tutmasının qarşısındakı maneələrdən biri İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ABŞ-da isə Konqresdəki mühafizəkar qruplar və İsrail lobbisidir.
Onlar hərbi sursatlarını sürətlə bərpa etmək qabiliyyəti göstərən İranın gələcəkdə daha böyük təhlükə yaradacağını, buna görə də mütləq indi dayandırılmasının lazım olduğunu müdafiə edirlər. Qələbə ritorikası isə hər iki tərəfin də mənimsədiyi siyasi çəkindirmə alətinə çevrilib. Bundan əlavə, proksi qüvvələrin vəziyyəti masada razılaşmanın şərtlərini mürəkkəbləşdirir.
Üstəlik, etibarsızlıq hər iki tərəfdə də davam edir. ABŞ razılaşmaya rəhbərlik təbəqələrindən hansının “hə” deyəcəyini və sonra hansının bunu pozacağını, əsl söz sahibinin kim olduğunu sorğulayır. İran isə əvvəlcə iqtisadi çətinliyi artıran ticarət blokadasının ləğv edilməsini tələb edir.
- Sizin də vurğuladığınız kimi tərəflər arasındakı əsas problemlərdən biri məhz Hörmüz boğazıdır. Bəs Hörmüz probleminin həlli necə mümkündür?

- Hörmüz boğazında 23 fevral 2026-cı il tarixinə qədərki müddətdə hərəkətin bölüşdürülməsi qaydasına əsasən şimal və cənub hissə İran və Oman arasında bölünürdü, keçid haqqı alınmırdı, amma məqbul sərhədlər qorunurdu. Boğazın ortası beynəlxalq su statusundadır və birtərəfli qaydada bağlana bilməzdi, sərbəst keçid mövcud idi. İran bağlamaq hədəsindən bir çəkindirmə vasitəsi kimi istifadə edirdi. İndi isə İran bir daha köhnə qaydaya qayıdılmayacağını bəyan edir. Keçid marşrutu müəyyənləşdiriləcəyini və ödəniş tətbiq olunacağını açıqlayır.
Bu prosesdə Oman və Qətər böhranın bitirilməsi üçün vasitəçi rolu üzərinə götürüb. Misir və Səudiyyə Ərəbistanı boğazın açıq qalması yönündə bəyanatlar verməyə davam edir. Əvvəlki hücumları pisləyən Misir hökuməti təhlükəsizlik protokoluna qayıtmaq çağırışını təkrarlayıb. İranın yüksəksəviyyəli siyasi və hərbi heyətinin hədəf alındığı ABŞ və İsrail hücumundan sonra cavab tədbirləri görən Tehran rəhbərliyi Hörmüzü dəniz hərəkətinə məhdudlaşdırmışdı.
Xüsusilə SEPAH “dost olmayan” adlandırdığı ölkələrin gəmilərinin keçidinə faktiki olaraq icazə verməyəcəklərini bəyan etmişdi. Bu vəziyyət qlobal enerji bazarına birbaşa təsir edən hadisə idi. İran öz təhlükəsizliyinin təhdid altında olduğu halda iqtisadi və strateji olaraq özünü sığortalamaq üçün sanksiyaların ləğv olunmasını və müharibənin dayandırılmasını şərt qoyaraq geosiyasətindən silah kimi istifadə etməyə üstünlük verib.
- Faktiki olaraq, Tehranla Vaşinqton arasında əsas fikir ayrılığı nədir?
- Strateji rıçaq kimi qiymətləndirilə biləcək bu addım nəticəsində Körfəz ölkələrinin və gəmiçilik şirkətlərinin təhlükəsiz keçidlə bağlı tərəddüd və narahatlıqlarının sürətlə artdığı müşahidə olundu. Ticarət gəmilərinə hücumların artmasından sonra BMT mart ayında pisləmə bəyanatı yayımladı. Avqustun 18-dən sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İyun razılaşmasının öhdəliklərini yerinə yetirənə qədər Hörmüzün açılmayacağını bəyan etdi.
Tehran hakimiyyəti ABŞ-nin blokadasının dərhal qaldırılmasını, neftə yönəlmiş sanksiyaların bitirilməsini, İranın dondurulmuş aktivlərinə çıxışın təmin edilməsi, hərbi əməliyyatların və təhdidlərin dayandırılmasını tələb edir. Yəni İran diplomatik kanalı işə salmaq və iqtisadi vəziyyəti yaxşılaşdıran addımları sürətləndirmək üçün boğazın bir an əvvəl açılmasına müsbət yanaşır. Lakin onlar Hörmüz boğazına nəzarətin özlərində qalmasını istəyirlər.
Beləcə, həm Vaşinqtonun, həm də Tehranın ritorikası bu vəziyyətdə ziddiyyət təşkil edir. Bu vəziyyət də həlli çətinləşdirir. İlk növbədə hansı addımın atılacağı barədə razılıq əldə oluna bilmir. Tehran əvvəlcə hərbi təzyiq və əməliyyat təhdidinin bitirilməsini, ardından dərhal sanksiya və təzyiqlərin ləğv edilməsini tələb edir. Yeni rəhbər heyətinin bəyanatlarına və praktiki addımlarına baxdıqda çəkindirici tədbirlərin şiddətinin artırılacağı mesajı da verilir.
- Hörmüz krizinin həlli üçün vasitəçilərə ehtiyac var?
- Bəli, razılaşmanın əldə olunmasından məmnun ola biləcək tərəflər cəlb edilərsə, Hörmüz böhranı gözləniləndən daha qısa müddətdə həllini tapa bilər. Qətər kimi Körfəz keçidindən çox təsirlənən ölkələrlə yanaşı, ticarət təhlükəsizliyinin itirilməsinə həssas yanaşan güclər çevik müdafiə strategiyası şəbəkəsinə bağlı olaraq rıçaq rolu oynaya bilər. Üstəlik, ABŞ Dövlət Departamenti diplomatik həll tərəfdarı görüntüsü verir. Görünən odur ki, razılaşma tərəfdarları ilə müharibədən yana olan lobbilər arasında bir vasitəçiyə ehtiyac var. ABŞ və İsrail siyasəti xeyli müddətdir ki, ortaq mənafe xəttində üst-üstə düşmür.

Bundan əlavə, Hörmüz ticarət koridoru funksiyası ilə regionun təhlükəsizlik iqtisadiyyatını maraqlandıran mövqedədir. Siyasi çəkişmədən kənar texniki tənzimləmə tələb olunur. Müharibədən müstəqil sərbəst keçid şərtləri danışıqlar üçün tərəflər tərəfindən boğazda bir gəmidə atılacaq diplomatik addımların ardıcıllığı və vaxtı müzakirə oluna bilər. Neft keçidi gecikdikcə regional böhran böyüyəcəkdir. Nüvə razılaşması isə hələ də aydınlıq qazanmayıb və vaxt azalır. Bunlardan birinin təcililiyi prioritetləşdirilə bilər.
- İndi gözləntilər nədən ibarətdir?
- Həllə yaxınlaşmaq üçün Oman, Qətər, Türkiyə və Pakistanla yanaşı Misir və Səudiyyə rəhbərliyi ortaq sülh şurası funksiyası ilə onların nəzarəti altında, İran və Omanın köhnə hüquqlarını qoruyan şərtlərlə; ABŞ-nin geri addım atmadığı və öz daxili siyasətində həll istehsal edən ölkə rolunu möhkəmləndirəcək, nəzarətin beynəlxalq hüquq prinsiplərinə uyğun təmin edildiyi bir formul işlənib hazırlana bilər.
Bu prosesdə nüvə məhdudlaşdırılması razılaşması ilə Hörmüz boğazının təhlükəsizliyi və açılmasının fərqli şəkildə müzakirə edilmə ehtimalı var. Mərhələli şəkildə təhlükəsiz keçid şərtləri tətbiq olunarkən, digər tərəfdən alternativ keçid koridorlarının işləkliyi yenilənə bilər.
Hörmüz boğazı geoiqtisadi çəkisini gələcək dövrdə tamamilə itirməsə də, indiki həcmini saxlamayacağı aydındır. Bu vəziyyətin nəzərə alındığını düşündükdə Tehranın siyasi mövqeyini yumşalda biləcəyi ehtimal olunur.
- Son günlərdə Qətər və İran arasında əsir pilot krizi yaşanır. Necə düşünürsünüz, bu kriz böyüyə və hətta hərbi gərginliyə səbəb ola bilər?

- Əslində, Qətər və İran arasında əsir pilot böhranı mart ayından bəri davam edir. ABŞ-İran arasında fevralın sonunda başlayan toqquşmalarda İran və Qətər arasında da diplomatik gərginlik yaranmışdı. 2 mart 2026-cı ildə İrana məxsus “Su-24” hərbi təyyarəsi Qətərdəki Əl-Udeyd hava bazasını hədəf alan əməliyyatda iştirak etmişdi.
Qətər hava limanında pilotlarla əlaqə saxlamağa çalışdığını, cavab almadıqda isə qaydalara uyğun olaraq müdaxilə etdiyini açıqlamışdı. Tehran rəhbərliyi vurulan iki təyyarədəki 3 pilotun 6 aydır əsir saxlanıldığını iddia edir. Qətər hökuməti isə xəbəri təsdiqləmir. Pilotlardan birinin cəsədinin tapılaraq İrana təhvil verildiyi bildirilib. 2026-cı ilin aprelində Qətərin rəsmilərin hadisəni araşdırması üçün Tehrana dəvət göndərdiyi, lakin cavab ala bilmədiyi də deyilir. İran hökuməti isə vəziyyət dəqiqləşənə qədər pilotları əsir hesab edəcəklərini, hadisələri izləyəcəklərini açıqlayıb.
- Sizcə, İran əsir pilot mövzusunu rejim lehinə təbliğat vasitəsinə çevirirmi?
- Fikrimcə, tam olaraq elə deyil. Lakin müharibələrin çətin şərtlərində davamlılıq qabiliyyətini gücləndirən real hekayələr faydalıdır. Qətər uzun müddətdir ki, regiondakı müharibələrdə vasitəçi rolu üzərinə götürən bir ölkədir. Bu gərginliyin havada qalması, qeyri-müəyyən bəyanatlar axını yaradaraq Körfəz təhlükəsizlik blokunda siyasi mövqe ayrılığına, dolayısı ilə də ehtimal razılaşma təminedici missiyada uzlaşma zəminini zədələyə bilər. Əgər əsirlər varsa, onlar əsir dəyişdirilməsi və itkin düşmüş heyətin axtarışı kriteriyalarına uyğun olaraq həll edilə bilər.
Tehran ictimaiyyətində əsirlərin vəziyyəti ilə bağlı müzakirələr Qətərin Körfəz ölkələri ilə birgə İran-ABŞ müharibəsində yürütdüyü tərəfsizlik imicinə xələl gətirir. Bir an əvvəl regiondakı radar yazıları, axtarış-xilasetmə hesabatları və qalıqlarla bağlı sənədlər qarşılıqlı şəffaflıq çərçivəsində yoxlanılmalı, ehtimal olunan böhranın qarşısı alınmalıdır.
Əgər əsir məlumatı doğrudursa, əsir dəyişimi çərçivəsində pilotların azad edilməsi müzakirə oluna bilər. Regional təhlükəsizlik arxitekturası nəzərə alındıqda, pilotların əsir tutulması məsələsi Türkiyə, Oman və Pakistan kimi vasitəçi rolda olan Qətərin ABŞ-İran toqquşmasından doğan gərginliyin bir hissəsinə çevrilməsi riskini daşıyır.
- Son zamanların ən çox müzakirə olunan məsələlərindən biri də İranın yeni ali dini lideri Müctəba Xameneinin həyatda olub-olmamasıdır. İsrail mediasında son yayımlanan xəbərlərdə onun öldüyü iddia olundu. Lakin ardınca İran Müctəba Xameneinin videolarını yayımladı, Prezident Məsud Pezeşkian isə onunla görüşdüyünü açıqladı. Hərçənd ki, həmin videoların da yeni və ya gerçək olub-olmadığına şübhə ilə yanaşılır. Maraqlıdır, Müctəba Xamenei həqiqətən həyatdadırmı?

- Fevralın 28-də İranın ali dini rəhbəri Əli Xamenei ailəsi ilə birlikdə hücuma məruz qaldıqda özü, həyat yoldaşı, qızı, kürəkəni və nəvəsi həyatını itirmişdi. Oğlu Müctəba Xamenei isə ağır yaralanmışdı. Fevralın 28-dən sonra mart ayında Müctəba Xameneinin atasının əvəzinə ali dini rəhbər məqamına gətirildiyi açıqlanmışdı. Lakin bugünə qədər keçən müddət ərzində Müctəba Xameneinin ictimaiyyətə açıq hər hansı tədbirdə iştirak etmədiyi, birbaşa bəyanat vermədiyi məlumdur. Bu səbəbdən onun sağ olub-olmaması barədə ciddi müzakirələr gedir.
Tehranın çoxqatlı strukturu ilə tanınan rəhbərliyinin bir tərəfdən Xameneinin qisasının alınacağını bəyan edərkən, digər tərəfdən liderliyin şəxsə bağlılığını azaldan tədbirləri artırdığı müşahidə olunur. Rejimin qorunması mərkəzindəki tədbirlər diqqət çəkir. Hücum zamanı Müdafiə naziri Əziz Nəsirzadə və SEPAH komandiri Məhəmməd Baqirin həyatını itirməsi rejimin devrilməsinə yönəlmiş böyük bir əməliyyatın həyata keçirildiyini göstərirdi. Buna görə də rejimin qorunması və liderlik təsisatının möhkəmləndirilməsi istiqamətində addımlar atılmış, son dövrdə daha mühafizəkar və sərt siyasəti ilə tanınan şəxslər yüksək vəzifələrə gətirilib.
Bu vəziyyət hazırda davam edən müharibənin və Hörmüz böhranının gələcəyi ilə bağlı narahatlıqları artırır. Çünki SEPAH-ın başına Əhməd Vahidi, Ali Milli Təhlükəsizlik Şurasının baş katibliyinə Möhsün Rzayi, Hərbi Dəniz Qüvvələrinə Əli Əzmayın təyin olunması strateji səbir dövrünün yerini maksimum çəkindiriciliyə verəcəyinin işarəsi kimi qiymətləndirilə bilər. Diplomatik cəhdlərin bir cür nəticə verməməsi, qəti, qalıcı, tətbiqolunan və qəbul edilə bilən mətnin hazırlana bilməməsi bu prosesdə Tehranın qeyri-müəyyənlik siyasətini strateji bir vasitə kimi istifadə etdiyini göstərir.
- Müctəba Xamenei həyatdadırsa, nə üçün ictimaiyyət qarşısına çıxmır?

- Bəli, onun görünməməsi ictimaiyyətdə müzakirələrə səbəb olur. Müctəba Xameneinin atasının dəfn mərasiminə qatılmaması və uzun müddət hər hansı səs yazısının yayımlanmaması onun öldüyü şayiələrini tamamilə təsdiqləyir deyə bilmərik. Ağır yaralanma və təhlükəsizlik səbəbindən ictimaiyyətdən uzaq tutulması ehtimalı nəzərdən keçirilə bilər. Bu arada, İran Prezidenti Məsud Pezeşkianın iyulun sonunda Müctəba ilə görüşdüyünü açıqlaması onun hələ də sağ olduğunu göstərir. Lakin ünsiyyət qurmaq nöqtəsində çətinliklərin olduğu görüşün 7 saat sürməsindən aydın olur.
Buradan onun sağ olduğu, lakin ictimaiyyət qarşısına çıxa biləcək səhhətə malik olmadığı nəticəsinə gələ bilərik. İran rəhbərliyi ehtimal olunan liderlik böhranının və daxili xaosun qarşısını almaq istəyir. Son təyinatlar, bəyanatlar və idarəetmə ilə bağlı qərarlar Müctəba Xameneinin atasının irsi üzərindən kadrları yeniləyərək hakimiyyət gücünü saxladığını üzə çıxarır. ABŞ tərəfindən hədəf göstərilməsi də onun gizli qalmasını izah edən arqumentlərdən biridir.
Elmir Mustafa


