“Türk Söhbəti”nin buhəftəki qonağı beynəlxalq münasibətlər üzrə ekspert, Beynəlxalq Siyasət, Ədalət və Cəmiyyət Araşdırmaları Mərkəzi (USATAM) koordinatoru Tuba Çebidir.
Onunla Azərbaycan – Özbəksitan əlaqələrinin inkişafı, Türk dövlətləri arasındakı əlaqələrin genişlənməsi və perspektivləri barədə danışdıq. Həmçinin, Türk dövlətlərinin yeni bir güc mərkəzinə çevrilməsi və ehtimal olunan birgə layihələr barədə söhbət etdik:
- Tuba xanım, Azərbaycanın Özbəkistanla münasibətlərinin inkişafının əhəmiyyəti haqqında nə demək istərdiniz?

- Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin son illərdə qazandığı dinamikanı yalnız iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafı kimi qiymətləndirmək olmaz. Məncə, burada çox daha böyük bir geopolitik transformasiyanın əlamətlərini görürük. Çünki Azərbaycan Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın strateji mərkəzlərindən biridir. Buna görə də Bakı ilə Daşkənd arasındakı yaxınlaşma Qafqaz ilə Mərkəzi Asiyanın siyasi, iqtisadi və strateji baxımdan bir-birinə daha güclü bağlanması deməkdir.
Bu baxımdan 23 avqust 2026-cı ildə Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan “Əbədi Dostluq” Müqaviləsi son dərəcə rəmzi və strateji sənəd xarakteri daşıyır. İki ölkə eyni zamanda Yüksək Səviyyəli Dövlətlərarası Şuranın üçüncü iclasının qərarlarını da imzaladı. Bununla yanaşı, mədəniyyət, turizm, sərmayə və ticarət kimi sahələrdə müxtəlif sazişlər və proqramlar həyata keçirildi; iki ölkə arasındakı ticarətin 2030-cu ilə qədər 1 milyard dollara çatdırılması hədəfləndi. Həmçinin Ürgənc-Xankəndi, Buxara-Laçın və Ürgənc-Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair protokollar imzalandı.
Burada iqtisadi tərəfə diqqət çəkmək lazımdır. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi fərqli rəsmi bəyanatlarda fərqli əhatə dairəsi ilə hesabatlaşdırılmış olsa da, artım meylinin çox güclü olduğu görünür. Özbəkistanın rəsmi göstəricilərinə görə, 2025-ci ildə ikitərəfli ticarət 307,3 milyon dollara çatdığı halda, 2026-cı ilin birinci yarısında 170,3 milyon dollara yüksəldi. Tərəflər 2030-cu ildə 1 milyard dollarlıq ticarət hədəfi müəyyənləşdirdi. Lakin məsələ yalnız ticarətlə bitmir. Azərbaycan və Özbəkistan iqtisadiyyatları bir-birini tamamlaya biləcək mühüm xüsusiyyətlərə malikdir. Özbəkistan böyük əhalisi, istehsal gücü, toxuculuq, kənd təsərrüfatı, mədənçilik, sənaye və insan resursları ilə Mərkəzi Asiyanın mühüm istehsal mərkəzlərindən biridir.
Azərbaycan isə enerji resursları, limanları, nəqliyyat infrastrukturu, logistika imkanları və Qafqaz üzərindən Avropaya çıxışı ilə tranzit ölkə mövqeyindədir. Bu iki potensialı birləşdirdikdə ortaya çox daha strateji bir mənzərə çıxır: Özbəkistan istehsal mərkəzi, Azərbaycan isə Qərbə açılan logistika və enerji qapısı olaraq bir-birini tamamlaya bilər. Bu səbəbdən “Əbədi Dostluq” Müqaviləsini yalnız dostluq anlayışı ilə məhdudlaşdırmaq yanlış olar. Mən bunu Qafqaz ilə Mərkəzi Asiya arasında strateji bir körpünün siyasi cəhətdən möhkəmləndirilməsi kimi qiymətləndirirəm.
- Azərbaycan son illərdə Türk dövlətləri ilə əlaqələrini inkişaf etdirir. Bu vəziyyət Türk dövlətlərinin yaxınlaşmasına səbəb olur. Bu prosesin ən böyük üstünlükləri nələrdir?

- Azərbaycanın Türk dünyası siyasətini anlamaq üçün son 15 ili bir bütün olaraq qiymətləndirmək lazımdır. Burada rəsmi Bakının izlədiyi siyasətin əsas xüsusiyyəti ikitərəfli münasibətlərdən çoxşaxəli Türk dünyası inteqrasiyasına doğru irəliləyən bir xətt formalaşdırmasıdır. Yəni Türk ölkələrinin yaxınlaşmasında Azərbaycanın böyük rolu var.
Türkiyə-Azərbaycan münasibətlərində 2021-ci il tarixli Şuşa Bəyannaməsi bu prosesin ən güclü nümunələrindən biridir. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla əlaqələrin inkişaf etdirilməsi, Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi, 2024-cü il Şuşa Qeyri-rəsmi Zirvə görüşü və 2025-ci il Qəbələ Zirvə görüşü kimi irəliləyişlər bu arxitekturanın çoxşaxəli xarakterini möhkəmləndirdi. Xüsusilə Özbəkistanın TDT-yə 2019-cu ildə tamhüquqlu üzv olması Türk dünyasının ağırlıq mərkəzini ciddi şəkildə dəyişdi.
2025-ci il Budapeşt Qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən 71 maddəlik Budapeşt Bəyannaməsi və ardından 2025-ci ilin oktyabrında Qəbələdə reallaşdırılan TDT Zirvə görüşü əməkdaşlığın artıq yalnız mədəni bir platforma olmadığını göstərdi. TDT bu gün iqtisadiyyat, nəqliyyat, energetika, təhsil, təhlükəsizlik, kənd təsərrüfatı, texnologiya, media və daha bir çox sahədə 40-dan çox sektoru koordinasiya edən bir quruma çevrilib.
- Digər üstünlüklər nələrdir?
- Burada ən mühüm üstünlüyü strateji tamamlayıcılıqdır. Qazaxıstanın geniş coğrafiyası və enerji resursları, Özbəkistanın əhalisi və istehsal gücü, Azərbaycanın enerji və logistika infrastrukturu, Türkiyənin müdafiə, sənaye potensialı və Avropa bazarlarına çıxışı, Qırğızıstanın coğrafi mövqeyi və su resursları fərqli xüsusiyyətlərdir. Bunlar tək-tək qiymətləndirildikdə məhdud, birlikdə qiymətləndirildikdə isə ciddi bir iqtisadi və geopolitik potensial ortaya çıxarır.
İkinci üstünlük nəqliyyat təhlükəsizliyidir. Orta Dəhlizin gücləndirilməsi Türk dövlətlərini yalnız bir-birinə bağlamır, Asiya ilə Avropa arasındakı ticarətin şaxələndirilməsinə də töhfə verir. Dünya Bankı 2026-cı ildə Qazaxıstanın Orta Dəhliz dəmir yolu infrastrukturu üçün 1,41 milyard dollarlıq uzunmüddətli kommersiya maliyyələşdirilməsini hərəkətə keçirəcək 846 milyon dollarlıq zəmanət paketini təsdiqlədi. Layihənin 2030-cu ilə qədər yük daşımalarını üç dəfə artırması və tranzit müddətlərini yarıya endirməsi hədəflənir.
Üçüncü üstünlük strateji müstəqillikdir. Türk dövlətlərinin bir-biri ilə daha çox ticarət etməsi, sərmayə qoyması və ortaq infrastrukturlar yaratması qlobal sistemdə tək bir aktordan və ya tək bir marşrutdan asılılığı azalda bilər. Dördüncü üstünlük isə enerji təhlükəsizliyidir.
Xəzər hövzəsindəki enerji resurslarının Türkiyə və Avropaya çatması qədər, gələcəkdə elektrik, bərpa olunan enerji və hidrogen əlaqələrinin də qurulması böyük əhəmiyyət kəsb edir. Türk dünyasının gələcəkdə yalnız neft və təbii qazla deyil, elektrik, yaşıl enerji, kritik minerallar və enerji texnologiyaları vasitəsilə də bir-birinə bağlanması mümkündür.
- Türk dövlətləri yaxın gələcəkdə yeni bir güc mərkəzi formalaşdıra bilərmi?

- Bunun mümkün olduğunu düşünürəm; lakin burada “yeni bir güc mərkəzi” anlayışını yalnız klassik mənada hərbi bir blok və ya NATO bənzəri bir ittifaq kimi qiymətləndirmək olmaz. Türk dünyasının qarşısındakı daha reallığa uyğun model iqtisadiyyat, nəqliyyat, energetika, texnologiya, mədəniyyət və diplomatiya sahələrində inteqrasiya olunmuş geopolitik ekosistem formalaşdırmaqdır.
Çünki Türk dünyasının geopolitik mövqeyi fövqəladə dərəcədə mühümdür. Türkiyədən başlayaraq Azərbaycan, Xəzər dənizi, Qazaxıstan, Özbəkistan və Mərkəzi Asiyaya uzanan xətt Avropa ilə Çin arasındakı ticarət yollarının tam mərkəzindədir. Bu səbəbdən Orta Dəhliz yalnız bir dəmir yolu və ya ticarət marşrutu deyil. Eyni zamanda Türk dünyasının iqtisadi inteqrasiyasının fiziki onurğa sütunu ola bilər.
Burada Zəngəzur dəhlizinin də xüsusi əhəmiyyəti var. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı əlaqənin qurulması Türkiyə ilə Azərbaycan arasındakı quru və dəmir yolu əlaqəsini gücləndirərkən Orta Dəhlizin cənub-qərb qolunu da möhkəmləndirə bilər. 2026-cı il etibarilə Azərbaycan tərəfindəki işlərin irəlilədiyi, TRIPP çərçivəsində Ermənistandan keçən hissədə işlərin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlamasının gözlənildiyi bildirilir. Dolayısı ilə Zəngəzuru yalnız Azərbaycan-Ermənistan münasibətləri kontekstində də oxumaq olmaz. Bu xətt Mərkəzi Asiya-Türkiyə-Avropa əlaqəsinin mühüm hissələrindən birinə çevrilmək potensialı daşıyır.
- Bəs başqa nələr olmalıdır ki?
- İnteqrasiyanın yalnız nəqliyyat infrastrukturu ilə məhdudlaşmaması lazımdır. Növbəti mərhələ enerji infrastrukturlarının inteqrasiyasıdır. Enerji xətləri, elektrik şəbəkələrinin birləşdirilməsi, bərpa olunan enerji layihələri, Xəzərin enerji potensialı, kritik faydalı qazıntılar və yaşıl enerji dəhlizləri birgə düşünülməlidir. Bununla yanaşı, kənd təsərrüfatı da strateji bir sahə olacaq.
Qazaxıstanın taxıl potensialı, Özbəkistanın kənd təsərrüfatı istehsalı, Azərbaycanın logistik mövqeyi və Türkiyənin kənd təsərrüfatı texnologiyaları ilə emal sənayesi bir araya gətirilə bilər. Beləliklə, Türk dünyası yalnız enerji təhlükəsizliyinə deyil, qida təhlükəsizliyinə də töhfə verə bilər. Eyni şey müdafiə sənayesi, süni intellekt, kosmik texnologiyalar, kiber təhlükəsizlik, səhiyyə texnologiyaları və rəqəmsal iqtisadiyyat üçün də keçərlidir.
Bu səbəbdən mənim proqnozum belədir: Türk dünyasının gələcəkdəki gücü dövlətlərin tək-tək malik olduğu güclərin cəmindən deyil, bir-birinin çatışmazlıqlarını tamamlayan funksional iqtisadi və strateji şəbəkə formalaşdırmalarından doğacaq. Bu quruluş yaradılarsa, Türk dünyası yalnız öz ölkələrinin iqtisadi rifahına və təhlükəsizliyinə töhfə verməz. Avropanın enerji şaxələndirilməsinə, Asiya-Avropa ticarətinin təhlükəsizliyinə, qlobal qida təchizatına və beynəlxalq sistemdə daha balanslı güc bölgüsünə də töhfə verə bilər. Başqa sözlə, güclü Türk dünyası yalnız Türk dövlətlərinin deyil, Avrasiyanın sabilliyinin də amillərindən birinə çevrilə bilər.
- Türk dünyası xalqlarının daha da yaxınlaşması üçün hansı addımların atılması lazımdır?

- Burada ən mühüm məsələ “bir-birimizi daha çox tanımaq”dır. Dövlətlər arasındakı müqavilələr çox mühümdür, lakin cəmiyyətlər bir-birini tanımırsa, siyasi inteqrasiyanın ictimai bünövrəsi kifayət qədər güclü olmayacaq. Bu gün Türkiyədə yaşayan bir insanın Qazaxıstandakı gündəlik həyatı, Özbəkistandakı gənclik mədəniyyətini, Azərbaycandakı ictimai transformasiyanı və ya Qırğızıstandakı həyat tərzini nə qədər bildiyini sorğulamalıyıq.
Avropa İttifaqı onlarca fərqli dili, etnik kimliyi və tarixi təcrübəni ortaq iqtisadi və siyasi çərçivədə birləşdirə bildisə, ortaq tarixi və mədəni bağlara malik olan Türk dövlətlərinin daha güclü inteqrasiya hədəfləməsi nə üçün mümkün olmasın? Əlbəttə, burada məqsəd tək tipli mexanizm yaratmaq deyil.
Əksinə, fərqlilikləri qoruyaraq ortaq üst kimlik və ortaq maraq sahəsi formalaşdırmaq lazımdır. Ortak Türk Əlifbası bu baxımdan çox mühüm addımdır. 2024-cü ilin sentyabrında Bakıda 34 hərfdən ibarət Ortak Türk Əlifbası üzrə razılığın əldə olunması rəmzi olduğu qədər, uzunmüddətli perspektivdə təhsil, nəşriyyat, elm və ünsiyyət baxımından da mühüm nəticələr doğura biləcək bir irəliləyişdir.
- Əlifba təkbaşına kifayət edirmi?

- Xeyr, əlifba təkbaşına kifayət etmir. Məncə, Türk dünyasının yeni dövr ictimai diplomatiyasının mərkəzinə media və mədəniyyət sənayesi yerləşdirilməlidir. Ortaq televiziya layihələri, bədii filmlər, sənədli filmlər, rəqəmsal məzmun platformaları, “YouTube” kanalları, podkast şəbəkələri və gənclər proqramları yaradıla bilər. Qazax türkünün, özbək türkünün, Azərbaycan türkünün, qırğız türkünün və Türkiyə türkünün eyni layihədə çiyin-çiyinə gəldiyi ekran işləri hazırlanmalı və artırılmalıdır. Çünki ictimai diplomatiya yalnız dövlətlərin bir-birinə mesaj göndərməsi deyil.
İctimai diplomatiya cəmiyyətlərin bir-birinin təfəkküründə necə yer alması ilə bağlıdır. Məsələn, ortaq bir gənclik serialı onlarca diplomatik görüşdən daha güclü ictimai təsir bağışlaya bilər. Ortaq bir bədii film bir ölkənin tarixini milyonlarla insana anlada bilər. Ortaq musiqi festivalları, universitet şəbəkələri və sosial media layihələri isə gənc nəsillər arasında təbii bir bağ yarada bilər.
Bununla yanaşı, tələbə mübadiləsi proqramları daha da genişləndirilməlidir. İqtisadi inteqrasiya da bunu tamamlayan amildir. Ortaq investisiya fondları, ortaq bankçılıq mexanizmləri, rəqəmsal ödəniş sistemləri, gömrük prosedurlarının sadələşdirilməsi və uzunmüddətli perspektivdə ortaq valyuta müzakirəsi gündəmə gələ bilər.
Lakin burada ortaq valyuta məsələsinin qısamüddətli dövrdə deyil, iqtisadi və maliyyə inteqrasiyasının müəyyən yetkinliyə çatmasından sonra ələ alınmalı olduğunu düşünürəm. Əvvəlcə ortaq ticarət məkanı, ardından maliyyə inteqrasiyası, daha sonra ödəniş sistemlərinin inteqrasiyası və nəhayət, müvafiq şərait yarandıqda ortaq valyuta mexanizmi müzakirə olunmalıdır. Bu səbəbdən Türk dünyası üçün hədəf addım-addım inteqrasiya olmalıdır.
- Türk dövlətləri hansı sahələrdə birgə fəaliyyət və layihələr reallaşdıra bilər?

- Məncə, önümüzdəki dövrdə Türk dünyasının birgə layihələrini beş əsas sütun üzərində qurmaq lazımdır. Birincisi, nəqliyyat və logistikadır. Orta Dəhlizin bütöv bir sistem halına gətirilməsi vacibdir. Dəmir yollarının, limanların, gömrük sistemlərinin və rəqəmsal logistika platformalarının bir-birinə inteqrasiya olunması mütləqdir. Azərbaycanın Ələt Limanı, Qazaxıstanın Xəzər keçidləri, Mərkəzi Asiya dəmir yolları və Türkiyənin Avropa əlaqələri vahid bir logistika şəbəkəsi kimi düşünülməlidir.
İkincisi, energetikadır. Xəzər mərkəzli enerji əməkdaşlığı inkişaf etdirilməlidir. Neft və təbii qazla yanaşı, elektrik ticarəti, bərpa olunan enerji, yaşıl hidrogen və enerji saxlanılması texnologiyaları üzrə birgə layihələr işlənib hazırlanmalıdır.
Üçüncüsü, müdafiə, texnologiya və təhlükəsizlikdir. Türk dövlətləri birgə müdafiə sənayesi layihələri, pilotsuz sistemlər, kiber təhlükəsizlik, süni intellekt, kosmik texnologiyalar və fövqəladə halların idarə olunması sahələrində birgə tədqiqat mərkəzləri qura bilər.
Dördüncüsü, kənd təsərrüfatı və qida təhlükəsizliyidir. Qazaxıstanın taxıl istehsalı, Özbəkistanın kənd təsərrüfatı potensialı, Türkiyənin kənd təsərrüfatı texnologiyaları və Azərbaycanın logistik mövqeyi birləşdirilərək Türk Dünyası Qida Təhlükəsizliyi Şəbəkəsi yaradıla bilər. Ortaq toxum bankları, suvarma texnologiyaları, aqrar və qida logistikası layihələri inkişaf etdirilə bilər.
Beşincisi, insan və mədəniyyətdir. Burada media, təhsil, turizm, kino, idman, universitetlər və gənclərin mübadilə proqramları eyni ekosistem daxilində nəzərdən keçirilməlidir. Ortaq yollar, enerji xətləri, investisiya fondları, universitetlər, texnologiya layihələri, media platformaları, mədəniyyət sənayesi və zaman keçdikcə daha irəli iqtisadi inteqrasiya mexanizmləri formalaşdırılmalıdır.
Elmir Mustafa


