“Zəfər Gününün yaxınlaşması ilə xalqımızın qəlbində qürur, sevinc və minnətdarlıq hissləri bir daha canlanır”.
Bu sözləri “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, 8 Noyabr Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri, milli birliyimizin, qəhrəmanlığımızın və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzidir:
“Bu tarix bizim üçün sadəcə hərbi qələbənin ildönümü deyil. Zəfər Günü milli yaddaşımızın yenidən bərpası, tarixi ədalətin təmin olunması, milli ləyaqətimizin təsdiqi və müstəqil dövlətçiliyimizin gücünün nümayişidir.
Zəfər Azərbaycan xalqının onilliklər ərzində yaşadığı ağrıların, itkilərin, məcburi köçkünlük həyatının və doğma torpaqlara qayıdış həsrətinin sona çatmasının rəmzidir. Bu gün hər bir azərbaycanlı üçün Qarabağ yalnız coğrafi məkan deyil, milli kimliyimizin, tarixi yaddaşımızın, mənəvi bütövlüyümüzün ayrılmaz hissəsidir”.
Ekspert qeyd edib ki, 8 Noyabr həm sevinc, həm qürur, həm də şəhidlərimizin müqəddəs xatirəsi qarşısında sonsuz minnətdarlıq günüdür:
“Mən bu məsələyə həm də şəxsi təcrübəmdən yanaşmaq istəyirəm. 1992-ci ildən müharibə iştirakçısı olmuşam və 5 il vətənə xidmət etmişəm. Həmin dövrün ağrılarını, çətinliklərini, döyüşlərin reallıqlarını, insanlarımızın fədakarlığını yaxından görmüşəm. O zaman Azərbaycan xalqı Vətən uğrunda böyük qurbanlar verdi. Şəhidlərimizin, yaralılarımızın, qazilərimizin sayı sonrakı Vətən müharibəsi ilə müqayisədə dəfələrlə çox oldu.
Həmin dövrdə geniş səfərbərlik həyata keçirilmiş, çoxsaylı şəxsi heyət döyüşlərə cəlb olunmuşdu. Ancaq bütün bu fədakarlıqlara baxmayaraq, nəticə istədiyimiz kimi olmadı. Müharibə uzun illər davam etdi, böyük insan itkiləri verdik, torpaqlarımızın təxminən 20 faizi işğal olundu, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Lakin eyni xalq 2020-ci ildə torpaqlarını işğaldan azad etməyi bacardı”.

Həmsöhbətimiz vurğulayıb ki, bu fərqin əsas səbəblərindən biri dövlət idarəçiliyi, siyasi iradə və lider amili idi:
“1990-cı illərin əvvəllərində Azərbaycan müstəqil dövlət kimi hələ formalaşma mərhələsində idi. Ölkədə siyasi sabitlik, vahid komandanlıq, peşəkar hərbi idarəetmə və sistemli dövlət siyasəti baxımından ciddi problemlər mövcud idi. Ordunun idarə olunmasında pərakəndəlik, siyasi qarşıdurmalar və vahid strategiyanın olmaması hərbi potensialımızın lazımi nəticə verməsinə mane olurdu. Yəni xalq döyüşürdü, insanlar Vətən uğrunda canından keçirdi, lakin bu qəhrəmanlığı vahid dövlət strategiyasına çevirən güclü idarəçilik sistemi yox idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması və ordu quruculuğunun sistemli əsaslarla aparılması istiqamətində yeni mərhələ başlandı. Prezident İlham Əliyev bu dövlətçilik kursunu davam etdirərək ölkənin hərbi, iqtisadi, siyasi və diplomatik potensialını məqsədyönlü şəkildə gücləndirdi”.
Baş redaktor diqqətə çatdırıb ki, Zəfərə gedən yol xalqla liderin birliyindən başladı:
“Azərbaycan cəmiyyətində milli həmrəylik möhkəmləndi, dövlətə və orduya inam artdı. Vətənpərvərlik ruhunda yeni nəsil yetişdi. Azərbaycan gəncliyi milli dövlətçilik düşüncəsi, Vətən sevgisi və tarixi məsuliyyət hissi ilə formalaşdı. 2020-ci ildə həmin gənclik öz qəhrəmanlığı ilə bu hazırlığın nəticəsini bütün dünyaya göstərdi.
Digər tərəfdən, Azərbaycan illər ərzində hərbi qüdrətini sistemli şəkildə artırdı, müasir silahlarla təchiz olundu, peşəkar ordu quruculuğunu həyata keçirdi. Bununla paralel olaraq diplomatik cəbhədə də ardıcıl mübarizə aparıldı. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpası məsələsini daim dünya gündəliyində saxladı. Qarabağ münaqişəsinin mahiyyətinin və Azərbaycanın suveren hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində uzun illər ciddi siyasi-diplomatik fəaliyyət göstərildi”.
B.Quliyev əlavə edib ki, bütün bunlar 2020-ci ildə tarixi məqam yetişəndə öz nəticəsini verdi:
“44 günlük Vətən müharibəsi göstərdi ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu, siyasi sabitliyə, güclü iqtisadiyyata, müasir orduya, vahid komandanlığa, milli birliyə və konkret strateji məqsədlərə malik müstəqil dövlətdir. Burada Prezident, Ali Baş Komandan İlham Əliyevin rolu xüsusi qeyd edilməlidir. Müharibədə yalnız nə vaxt başlamağı deyil, hansı məqamda dayanmağı da bilmək böyük strateji qərarvermə tələb edir. 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar, Ali Baş Komandanın siyasi və hərbi rəhbərliyi, hər bir mərhələdə verilən qərarlar Zəfərin əldə olunmasında mühüm rol oynadı.
Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. 10 noyabr 2020-ci il Bəyanatı ilə hərbi əməliyyatların dayandırılması isə əldə edilmiş hərbi nəticələrin siyasi müstəvidə təsbitinə şərait yaratdı.
Ancaq Azərbaycanın tarixi missiyası bununla bitmədi. Qarşıda dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpası vəzifəsi dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bu məqsədə də nail olundu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək bütöv və suveren Azərbaycan dövlətçiliyinin yeni mərhələsinə qədəm qoydu”.
Müsahibimiz söyləyib ki, bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, yeni yaşayış məntəqələrinin salınması Zəfərin davamıdır:
“Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdan xalqın, öz suverenliyini təmin etmiş güclü dövlətin reallığını yaşayırıq. Bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, 1990-cı illərlə 2020-ci il arasındakı əsas fərq Azərbaycan xalqının qəhrəmanlığında deyildi. Xalqımız hər iki dövrdə eyni dərəcədə fədakar, vətənpərvər və mübariz idi. Fərq həmin qəhrəmanlığın hansı dövlətçilik sistemi, hansı hərbi idarəetmə və hansı siyasi strategiya ilə istiqamətləndirilməsində idi. 1990-cı illərdə xalqın fədakarlığı olsada vahid dövlət iradəsi və effektiv hərbi idarəetmə yox idi.
2020-ci ildə isə xalq-lider birliyi, güclü dövlət, müasir ordu və Ali Baş Komandanın rəhbərliyi vahid məqsəd ətrafında birləşdi və tarixi Zəfəri təmin etdi. Prezident İlham Əliyev Azərbaycan tarixinə Qarabağın azad edilməsinə, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına nail olan lider kimi daxil oldu. Onun Qarabağ fatehi kimi tarixdəki yeri məhz bu tarixi nəticələrlə müəyyənləşir.
Zəfər Gününün mənəvi və tarixi əhəmiyyəti də məhz bundadır ki, xalqımız liderinə və öz gücünə inandı, milli birliyini qorudu, şəhidlərinin qanı bahasına tarixi ədaləti bərpa etdi və gələcək nəsillərə bütöv, suveren Azərbaycan miras qoydu. 8 Noyabr xalqımızın qəhrəmanlığının, dövlətçiliyimizin gücünün, milli qürurumuzun və tarixi Zəfərimizin əbədi rəmzidir”.
Sevinc


