Soyuq əllər, isti ürək - FOTOLAR

SOSİAL
12:48 / 11.12.2023
13482

2013-cü ildən etibarən hər il Yeni il ərəfəsində “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə ümid bəxş edir. 

Hər il olduğu kimi, builki yarmarka  sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. 

İnternat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri hər il yarmarkanın xüsusi qonaqları olurlar. 

Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılır.

Hit.az xəbər verir ki, yarmarkanın qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə bilər. 

Yarmarkanın qonaqları tematik guşələrə baş çəkə, soyuq qış günündə isti içkilərlə isinə, müxtəlif oyunlar oynaya, standartlardan kənar şəkillər çəkdirə və sevdikləri ilə birlikdə əsl Yeni il ab-havası kəşf edə bilərlər. 

Rəngarəng işıqlandırması, foto çəkdirmək üçün bir-birindən maraqlı stendləri, içərisində dadlı təamları ilə müştərilərini gözləyən taxta evləri ilə bu məkan uşaqdan böyüyə hər kəsin diqqət mərkəzindədir. 

Taxta evlərin önündə bpyük izdiham var.   Kiminin əlində xırtıldayan kartof, kiminin əlində fərqli markalarda qəhvə fincanları, kimlərsə də qovrulmuş şabalıd və südlü qarğıdalı yeyirdi.

Ən çox izdiham və maraq isə "kumpir"ə dir. 

Ümumiyyətlə, yarmarkaya maraq yüksək səviyyədədir. Əsasən də fast-food və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür. 

Qiymətlərə gəlincə, çay və qəhvələrin qiymətləri 2-6 manat, şirniyyatlar 4.50-8.50 manat, yeməklər isə 5-12 manat təşkil edir.

Əgər yaxın tanış və ya qohumlarınıza hədiyyə almağı düşünürsünüzsə, hədiyəlik suvenirlərin qiymətləri 5 manat 50 qəpikdən 12 manatadək, qeyd dəftərləri 7 manat, uşaqlar üçün şarların qiyməti isə 4 - 6 manat arasında dəyişir.

Sevinc

0