Azərbaycanda hansı sosial müavinətlər var... - SİYAHI

SOSİAL
23:26 / 25.03.2024
400

Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. 

Modern.az Azərbaycanda təyin edilən sosial müavinətləri araşdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 128,3 min) nəfər, əlilliyə görə - 47,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 217,7 min (müvafiq olaraq 46,7 min və 209,5 min) nəfər, ailə başçısını itirməyə görə - 57, 2 min (56,1 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min (24,3 min) nəfər olub.

Azərbaycanda aşağıdakı aylıq sosial müavinətlər təyin edilir:

1. Dövlət qulluqçularına ömürlük müavinət - Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

2. Yaşa görə müavinət - 220 manat

3. Ailə başçısını itirməyə görə müavinət - Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 270 manat, 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 220 manat, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 150 manat.

4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət

5. 3 yaşınadək uşağa qulluğa görə müavinət

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 120 manat

7. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 120 manat

8. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 100 manat

9. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinət - Keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində

10. Beşdən çox uşağı olan qadınlara müavinət - Hər uşağa görə 105 manat

11. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - Övladlığa götürülən uşağa görə 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat

12. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - 120 manat 

Birdəfəlik müavinətlər aşağıdakılardır:

1. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - 300 manat 

2. Uşağın anadan olmasına görə müavinət - 500 manat

3. Dəfn üçün müavinət - Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində.

4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət - 600 manat 

5. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət - Respublika üzrə orta aylıq əməkhaqqının beş misli

Bunlardan başqa qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəzərdə tutulub. Qanuna görə, bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir, müavinətin məbləği isə işçinin qazancına görə dəyişir. Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığortaolunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağa qulluqda olduğu dövrə düşən iş günləri çıxılmalıdır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır.

Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

0