Laos mağaralarında yeni zəhərli ilan növü aşkarlandı

DÜNYA
21:19 / 27.10.2026
67

Laosda alimlər mağaraların divarlarında və əhəngdaşı süxurlarında yaşayan, indiyədək elmə məlum olmayan zəhərli gürzə növü aşkar ediblər. İlanın ən fərqli xüsusiyyəti sarı-narıncı rəngli burnudur.

HİT.az xəbər verir ki, bu barədə “Bioengineer.org” məlumat yayıb.

Yeni növ Protobothrops flavirostris adlandırılıb. Tədqiqatçılar ilanı 2024-cü ilin oktyabrında Laosun Vanq Vyeng bölgəsində, Xan Xam mağarasının yaxınlığında aşkar ediblər. Elmi təsvir bir yetkin dişi ilanın nümunəsinə və qonşu mağaralarda müşahidə edilən daha üç ilana dair fotoşəkillərə əsaslanır.

Tədqiqat zamanı dişi ilanın uzunluğunun təxminən 82,6 santimetr olduğu müəyyən edilib. Onun başı tünd qəhvəyi-qara rəngdədir, bədənində qırmızımtıl-qəhvəyi zolaqlar, burnunda və quyruğunun ucunda isə parlaq sarı rəng var.

Alimlər yeni növün həqiqətən fərqli olduğunu təsdiqləmək üçün genetik analiz aparıb, həmçinin onun xarici görünüşünü eyni cinsə aid digər 15 növlə müqayisə ediblər. Nəticələr göstərib ki, Laosda tapılan ilan ayrıca təkamül xəttinə aiddir. Onun elmə məlum olan ən yaxın qohumu 2020-ci ildə Taylandın şimal-qərbində aşkarlanan P. kelomohy növüdür.

Tədqiqatçıların sözlərinə görə, bu ilanlar zəhərlidir və insanlar üçün təhlükə yarada bilər. Yeni növün dəqiq müəyyənləşdirilməsi tibbi baxımdan əhəmiyyətlidir. Çünki oxşar görünüşlü zəhərli ilanların bir-birindən fərqləndirilməsi ilan sancması zamanı düzgün diaqnozun qoyulmasına kömək edə bilər.

Alimlər araşdırma üçün götürülən nümunəni Laos Milli Universitetinin Vyentyan şəhərindəki kolleksiyasında saxlayıblar. Aşkarlanan yeni növ Laosda Protobothrops cinsinə aid olduğu sənədləşdirilmiş ilanların sayını üçə çatdırıb.

Samir
 

0