Nikahdankənar doğulan uşaqlara birdəfəlik müavinət verilirmi?

SOSİAL
23:56 / 27.05.2024
370

Azərbaycanda uşaqlara "uşaq pulu" verilməsə də, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır. Lakin bəzi şəxslər bu müavinəti ala bilməkdə çətinlik çəkdiklərini bildirirlər.

Bəs bunun üçün hansı sənədlər tələb olunur? Rəsmi nikahı olmayan, nikahdan kənar doğulan uşaqlara da müavinət verilirmi? Hansı uşaqlar bu müavinətdən yararlana bilmirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev deyib ki, sözügedən müavinət doğumu qeydə alınmayan uşaqlara verilmir:

"Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət hər bir körpəyə verilir. Yəni bu məbləğ nikahdankənar doğulan uşaqlar üçün də verilir. Təkcə doğumu qeydə alınmayan uşaqlar istisnadır. Yəni bu müavinət arayış əsasında təyin olunur. Doğum haqqında şəhadətnamə verilən zaman qeydiyyat orqanı arayış verir, həmin arayışla uşaq pulu alınır".

Qeyd edək ki, uşağın üç yaşı olanadək ona qulluq etmək üçün aylıq müavinət ödənilir. Qeyd edilən müavinət iki dövr üzrə - bir yaş yarımadək olan dövr üzrə və bir yaş yarımdan üç yaşadək olan dövr üzrə verilir.

Uşağın bir yaş yarımına qədər müavinət 44 manat, bir yaş yarımdan üç yaşadək dövr üçün isə 28 manat müəyyən edilib.

Bu müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

0