Gözlər yalan danışmır? - Psixologiya gözlənilməz cavab verdi

MARAQLI
22:14 / 25.08.2026
43

Yalan danışan insanı baxışlarından tanımağın mümkün olduğu barədə geniş yayılmış inanc psixologiyada ən çox təkzib edilən miflərdən biri hesab olunur. 

HİT.az xəbər verir ki, bu barədə “Silicon Canals” nəşri məlumat yayıb.

Bununla belə, “gözlər ruhun aynasıdır” ifadəsində müəyyən qədər həqiqət payı var. Söhbət insanın şüurlu şəkildə idarə edə bilmədiyi qeyri-iradi reaksiyalardan, məsələn, göz bəbəklərinin böyüməsindən gedir. Psixoloq Ekxard Hess hələ 1960-cı illərdən apardığı araşdırmalarla sübut edib ki, göz bəbəkləri maraq, həyəcan və ya zehni gərginlik zamanı böyüyür və bu reaksiyaya şüurlu şəkildə nəzarət etmək mümkün deyil.

Elmin təsdiqlədiyi digər etibarlı göstərici isə səmimi təbəssümdür. İnsan həqiqətən sevindiyi zaman göz ətrafındakı əzələlər də işləyir və xarakterik qırışlar yaranır. Nəzakət xatirinə edilən süni təbəssüm isə adətən yalnız dodaqlarda qalır və baxışlara təsir etmir.

Yalançılar göz təmasından qaçır?

Yalan danışan insanların guya gözlərini yayındırdığı və göz təmasından qaçdığı barədə fikir isə mövcud elmi məlumatlarla təsdiqlənməyib. Psixoloq Aldert Vray və həmkarlarının araşdırması göstərib ki, yalan danışan insan, əksinə, inandırıcı görünmək üçün həmsöhbətinin gözlərinə qəsdən daha uzun müddət baxa bilər.

Aldatma ilə bağlı elmi ədəbiyyatın icmallarında da baxışın istiqaməti ilə insanın dediklərinin doğruluğu arasında sabit əlaqə aşkarlanmayıb. Bunun səbəbi sadədir: baxışın istiqamətini idarə etmək insanın göz bəbəklərinə nəzarət etməkdən daha asandır. Buna görə də bu “siqnalı” saxtalaşdırmaq daha asandır.

Mütəxəssislər vurğulayırlar ki, insanın gözlərdən dürüstlüyü “oxuya bildiyinə” inanması onu manipulyasiyalara daha həssas edə bilər. Belə “hiyləyə” güvənən şəxs utancaq, lakin dürüst bir insanı haqsız yerə şübhəli hesab edə, eyni zamanda özünəinamlı baxışları olan təcrübəli yalançıya inana bilər.

Samir
 

0